Əsas Səhifə > Hadisə, Manşet > RƏSUL QULİYEV DÖNÜŞ XƏBƏRİNİ TƏSDİQLƏDİ

RƏSUL QULİYEV DÖNÜŞ XƏBƏRİNİ TƏSDİQLƏDİ


12-12-2011, 15:02
RƏSUL QULİYEV DÖNÜŞ XƏBƏRİNİ TƏSDİQLƏDİ

“HƏR HALDA, BU 2013-CÜ İLDƏN GEC OLA BİLMƏZ”

DİA.AZ: - Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bu yaxınlarda ABŞ-da müqavimət hərəkatı yaratdığını elan edib. O, Turan-ın Vaşinqton müxbiri ilə söhbətində bildirib ki, tezliklə Bakıya qayıtmaq niyyətindədir. Lakin o, konkret vaxtı dəqiqləşdirməyib.

Onu da bildirək ki, bir neçə gün əvvəl yaydığımız xəbərdə ABŞ-da siyasi mühacir həyatı yaşayan, Açıq Cəmiyyət Partiyasının sədri, keçmiş spiker Rəsul Quliyevin Bakıya dönmək niyyətində olduğunu bildirmişdik. Məlumatımıza onu da bildirmişdik ki, ACP lideri Rusiyanın adamıdır və onun ABŞ-da məskunlaşması daha çox şirmadır.

Qeyd edək ki, buna qədər də Rəsul Quliyevin Rusiyanın adamı olması barədə məlumatlar ictimailəşmişdi. Hətta bu barədə ABŞ Dövlət Departamentinin 2003-cü ilin aprel ayında açıqladığı sənəddə də xüsusi oolaraq vurğulanırdı. Həmin sənəddə bildirilirdi ki, ABŞ Dövlət Departamenti Heydər Əliyevdən başqa (o zamanlar mərhum sabiq prezident həyatda idi -red.) İlham Əliyevlə, AMİP lideri Etibar Məmmədovla, AXCP sədri Əli Kərimli ilə və Müsavat başqanı İsa Qəmbərlə əməkdaşlıqda maraqlıdır. Sənəddə xüsusi olaraq vurğulanırdı ki, Kremlin nəzarətində olan Rəsul Quliyev ABŞ-ın maraq dairəsində deyil.

Bunları xatırladan mənbəmizin sözlərinə görə, Rəsul Quliyev Rusiyanı Azərbaycana qayıda bilməsi üçün araçı salıb: «Hələ də danışıqlar gedir. Buna qədər də bu mövzuda danışıqlar aparıldı. Nəticələri göz önündədir. Amma Rəsul Quliyevin dönüşü indiki halda mümkünsüz görünür. Çünki rəsmi Bakı bu məsələdə tamam fərqli qənaətdədir. Bundan əlavə, hələ də Fərhad Əliyev, Əli İnsanov və başqaları məhz Rəsul Quliyevlə birgə «dövlət çevrilişinə cəhd»də ittiham olunurlar və onların üzərlərindən bu ittiham qalxmayıb».

Bu barədə şəxsən açıqlama verən Quliev isə bunları söyləyib: “Hər ay, hər il Azərbaycana qayıtmaq barədə düşünürəm, lakin bunu həyata keçirməyi, sadəcə olaraq bacarmamışam. Amma bu dəfə hökmən həyata keçirmək niyyətim var. Hər halda, bu 2013-cü ildən gec ola bilməz”,- vurğulayıb.

R. Quliyev ötən ay Vaşinqtonun siyasi dairələrində, o cümlədən Konqresdə keçirdiyi görüşlər barədə də danışıb. Görüşlərin əsas müzakirə mövzusu Azərbaycanda mümkün demokratik dəyişikliklərə ABŞ-ın dəstəyi olub.

R.Quliyev hesab edir ki, Vaşinqtonun dəstəyi ilə xaricdə azərbaycanlılara öz dillərində TV və radio yayımı imkanının yaradılması bu prosesi sürətləndirər. “Ümid edirəm ki Konqres mənim düşüncələrimi dəstəkləyəcək”, - o qeyd edib.

Eks- spiker habelə seçkilərin saxtalaşdırıldığı Azərbaycan kimi ölkələrdə səsvermənin nəticələrinin legitimliyinin Qərb tərəfindən tanınmamasını təklif edib. O hesab edir ki, belə ölkələrdə seçkiləri BMT keçiriməlidir.

R.Quliyev Naxçıvanda hazırkı vəziyyət barədə də düşüncələrini bölüşüb.

“Əgər Azərbaycanın qalan hissəsində rejimin insanlara qarşı törətdiyi yaramaz hərəkətlər birdirsə, Naxçıvanda onu üçə vurmaq lazımdır. Orada vəziyyət tamamilə dözülməzdir”,- o vurğulayıb. “Azərbaycanda feodal əlaqələri bərqərardırsa, Naxçıvanda quldarlıq əlaqələri mövcuddur”, - o qeyd edib.

Geri qayıt