Əsas Səhifə > Partiya > MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?

MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?


12-12-2011, 11:39
MÜXALİFƏT NİYƏ BİRLƏŞƏ BİLMİR?

SOSİALİSTLƏR MİLLƏTÇİ QANADI ƏLƏ SALIR

"Qarabağ" bloku, "Üçlər" qrupu və İctimai Palatanın hər biri ayrı-ayrılıqda bəyan edirlər ki, müxalifət düşərgəsinin bir araya gəlməsinə, müxalifətçi qüvvələrin birləşməsinə və konsolidasiyasına çalışırlar. Fəqət, adıçəkilən strukturların açıqlamaları müəyyən siyasi qüvvələr tərəfindən inamsızlıqla qarşılanır ki, bunun da real və obyektiv səbəbləri var.

Bunu açıqlamasında Azərbaycan Mütərəqqi Sosialist Partiyasının (AMSP) sədri Rüstəm Şahsuvarov dedi. Onun sözlərinə görə, müxalifət düşərgəsindəki sağçı qüvvələr radikal mövqelərindən əl çəkmədiklərindən, radikal müxalifətin birləşmək və ya bir araya gəlmək səylərinin uğurla başa çatacağına inanmır.

"Fikrimizcə, radikal, sağ müxalifətin birləşmə perspektivləri yoxdur. İctimai Palatada, habelə digər strukturlarda təmsil olunmuş müxalifət partiyaları ilə təşkilatlarının liderləri bir-birlərinə çox qısqanc münasibət bəsləyirlər. Onların arasındakı münasibətlərin səmimilikdən və açıqlıqdan uzaq olduğu da ölkə ictimaiyyətinə yaxşı məlumdur. Bu adamların arasında çox ciddi, uzun tarixçəsi olan rəqabət var və onlar həmişə bir-birləri ilə yarışır, mübarizə aparırlar. Həmin şəxslər xaricdəki bəlli təşkilatlara, xüsusilə də qrantlar ayıran strukturlara özlərini mümkün qədər radikal, aktiv göstərməyə və bu minvalla daha çox qrant almağa can atırlar", - R.Şahsuvarov dedi.

AMSP sədri hesab edir ki, radikal müxalifətin birləşmə ilə bağlı son səyləri də xaricdəki sponsorlara yarınmaq üçün yeni cəhdlərdir: "Qrantlar və maliyyələşdirmə uğrunda mübarizədə, rəqabətdə həmin siyasətçilər bir-birlərini ləkələməyə, rəqiblərini daha zəif göstərməyə çalışırlar. Bütün bunlar bilinən həqiqətlərdir. Bəhs etdiyim mühitdə həmin adamların nəyəsə nail ola biləcəkləri şübhəlidir".

Başqa bir məqam isə cəmiyyətin radikallığı, ölkədə çaşqınlıq yaratmaq cəhdlərini xoşlamamasıdır.

"Cəmiyyət sabitlik istəyir və ictimai sabitliyi pozmağa çalışanlardan da uzaq durmağa çalışır. Ona görə də ictimai sabitliyin pozulması, hərc-mərcliyin yaradılması cəhdlərini cəmiyyət qətiyyən qəbul etmir. Radikal müxalifət düşərgəsindəki adamlar isə bəhs olunan məsələləri hələ də başa düşmürlər. Bu da onların bədbəxtliyidir", - R.Şahsuvarov söylədi.


Geri qayıt