Əsas Səhifə > Sosial, Manşet > TƏLƏBƏLƏR DEPUTATDAN NAZİRƏ ŞİKAYƏT ETDİLƏR

TƏLƏBƏLƏR DEPUTATDAN NAZİRƏ ŞİKAYƏT ETDİLƏR


14-05-2013, 09:37
TƏLƏBƏLƏR DEPUTATDAN NAZİRƏ ŞİKAYƏT ETDİLƏR
«İMTAHANLARI NƏZARƏTƏ ALIN, ƏKS HALDA, BİZİM DƏRİMİZİ SOYACAQLAR»

DİA.AZ: - Yeni təhsil naziri Mikayıl Cabbarovun həyata keçirdiyi islahatlar cəmiyyət tərəfindən diqqətlə izlənilir, desək, yanılmarıq. Amma bu müşahidə prosesinin nəticələrinin ictimaiyyət tərəfindən sevinclə qəbul olunduğunu da söyləmək mümkün deyil. Ən azından adı «Ramiz Mehdiyevin kassiri» kimi çıxmış birisinin daha da yüksək etimada layiq görülməsi (İlham Pirməmmədovun nazir müavini postuna gətirlməsi) əslində Mikayıl Cabbarovun TN şefi vəzifəsində daha çox görüntü xarakteri daşımasını ortaya qoymuş oldu. Amma bütün bunlara rəğmən yeni nazirə ümid edənlər də var ki, onların sırasında «Odlar Yurdu» Universitetinin tələbələri də ilk yerdə dayanırlar.

Belə ki, redaksiyamıza müraciət edən «Odlar Yurdu» Universitetinin bir qrup tələbəsi təhsil aldıqları ali məktəbdəki özbaşınalıqlardan usandıqlarını dilə gətiriblər. Tələbələrin DİA.AZ-a ünvanladıqları müraciətdə deyilir: «OYU-ya rəhbərlik edən Əhməd Vəliyevin həm də deputat olması normalda bizim xeyrimizə olmaqdansa, əleyhimizə işləməkdədir. Çünki əslində bir deputata çıxış imkanı həm istənilən bir ali tədris ocağı üçün, həm də bir tələbə üçün göydəndüşmə fürsətdir. Lakin bizdə bu fürsət əleyhimizə işləyən faktora çevrilib».

Tələbələr yazır ki, universitetdəki özbaşınalıqlarla, rüşvətxorluqla bağlı hansı ünvana müraciət etsələr də, şikayətlərini dinləyən yoxdur: «Misir Mərdanov təhsil naziri olarkən hətta anonim olaraq (təbii ki, belə etmək zorundaıq, əks halda, əlimizdə olan-qalan tələbə adını da itirməli olacağıq) təhsil nazirliyinin «qaynar xətti»nə müraciət etdik. Amma əbəsmiş. Sonradan öyrəndik ki, hakimiyyət yanında əməlli-başlı namı olan Əhməd Vəliyevi bir tələbənin iddiası ilə kimsə sorğu-suala tutmaz. Odur ki, son ümid yeri kimi yeni təhsil nazirinə müraciət etmək qərarına gəldik».

Tələbələr adından yazılan müraciətdə daha sonra qeyd olunur ki, onlar builki semestr imtahanlarının vahiməsi altında yaşayırlar: «Ona görə yox ki, imtahanı vermək üçün biliyimiz yoxdur. Əksinə, bu gün əksər tələbələr məhz yeganə çıxış yolunun oxumaq olduğunu yaxşı bilirlər. Və əksəriyət imtahandan öz biliyi ilə keçməyə layiqdir. Amma buna rəğmən Əhməd Vəliyevin OYU-dakı rüşvət maşını imkan vermir ki, normalda orta səviyyə ilə imtahanı keçməli olan tələbələr rüşvət vermədən semestri yola versinlər».

Daha sonra DİA.AZ-a göndərilən müraciətin müəllifləri təhsil naziri Mikayıl Cabbarovdan bir xahişdə də bulunurlar: «Necə ki, dövlətlər problemli məsələlərdə BMT-yə müraciət edib, bu beynəlxalq təşkilatın nəzarətini istəyirlər - biz də sizə müraciət edirik və xahiş edirik ki, Odlar Yurdu Universitetində bütün imtahanları təhsil nazirliyinin nümayəndələri götürsün. Əks halda, bizim dərimizi soyacaqlar. Bunun başqa bir adı yoxdur».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt