Əsas Səhifə > Cəmiyyət, Manşet > KƏRƏM HƏSƏNOVUN MƏCBURİ SUSQUNLUĞU

KƏRƏM HƏSƏNOVUN MƏCBURİ SUSQUNLUĞU


9-12-2011, 17:24
KƏRƏM HƏSƏNOVUN MƏCBURİ SUSQUNLUĞU

MƏMUR-OLİQARXLAR ONUN FƏALİYYƏTƏ KEÇMƏSİNİ ƏNGƏLLƏYİR

DİA.AZ: - Paytaxtdakı və bütövlüklə ölkədəki sənədsiz evlərin qanuniləşdirilməsi məsələsi dəfələrlə yüksək səviyyədə müzakirəyə çıxarılsa da nəticəsiz qalıb. Hətta dövlət başçısı İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətində keçirilən məlum və məşhur toplantıda müvafiq qurumlara həmin problemin tezliklə həll olunmasını tapşırması da hər hansı irəliləyişə gətirib çıxartmadı.

Odur ki, indinin özündə də Bakıdakı sənədsiz tikililər problemi ictimaiyyətdə müzakirə olunan ən aktual mövzulardan birinə çevrilib. Xüsusilə Milli Məclisin müzakirəsində olan »Sığortanın icbari növləri haqqında» qanun layihəsi qüvvəyə mindikdən sonra sənədsiz evlərin taleyinin necə olacağı sual doğurur. Belə ki, yeni qanun sayından asılı olmayaraq vətəndaşların bütün daşınmaz əmlaklarının (yaşayış sahələrini) icbari qaydada sığorta etdirilməsini qərara alır. Evlərin sənədləşdirilməməsi isə adıçəkilən qanunun yarımçıq işləməsi demək olacaq.

Bir məqamı xatırladaq ki, Bakı və şəhərətrafı ərazilərdə, o cümlədən digər rayonlarda yeni yaşayış obyektlərinin sayı sürətlə artsa da, həmin evlərin qeydiyyata alınması məsələsində müəyyən problemlər qalmaqdadır. Vətəndaşların əmlaklarının qeydiyyata alınmasında əsas problemlərdən biri bələdiyyələrin fərdi evlərin tikintisi üçün vətəndaşlara ayırdığı torpaq sahələrilə bağlıdır. Vətəndaşlar əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət etsələr də, dövlət orqanları sənədləri verməkdən imtina edir. Səbəb kimi isə bələdiyyələr tərəfindən ayrılan torpaq sahələrinin qanunsuz olduğunu, yaxud yaşayış üçün nəzərdə tutulmadığını göstərirlər. Amma burada birmənalı olaraq dövlət orqanlarını da günahlandırmaq doğru olmazdı.

Belə ki, bəzən dövlət orqanlarının göstərdiyi səbəblər əsaslı olur. Bir sıra hallarda vətəndaşlara dövlət mülkiyyəti olan torpaq sahələri satılıb. Hansı ki, onların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Belə ki, bələdiyyələr öz səlahiyyətlərini aşaraq müvafiq torpaq fondunun ayrılmasına baxmayaraq, dövlət torpaqlarını da həyətyanı torpaq sahəsi kimi satıblar. Məlumat üçün bildirək ki, bələdiyyələrə torpaq sahələrinin satılması qadağan edilsə də, onlar prosesi yenə davam etdirirlər. 2007-ci ildə bələdiyyələrin qanunsuz torpaq sahələri satmasının qarşısını almaq məqsədilə onlara torpaq satışı qadağan edildi. Lakin bələdiyyələr özlərinə çıxış yolu tapıblar. Bəzi bələdiyyələr torpaq sahələrini satarkən onları 2007-ci ildən əvvəlki dövrə rəsmiləşdirirlər. Bundan əlavə qanunvericiliyə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, yaxud icarə hüquqları yalnız torpaq hərracları, eləcə də müsabiqələri vasitəsilə həyata keçirilməlidir. Bələdiyyələr qanunun tələblərini pozaraq, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul edir. Bəzən hətta müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan torpaq satışı ilə məşğul olurlar.

Elə buna görə də qanunsuz torpaq satışı sənədsiz evlərin artımını şərtləndirib. Bu gün ölkədə təqribən 600-ə yaxın sənədsiz bina, 400 mindən artıq sənədsiz həyət evi, o cümlədən, 30 mindən çox sənədsiz mənzil var. Evlərin qeydiyyatsız olması sahiblərinin əmlak vergisindən kənarda qalması ilə nəticələnir. Bu da hər il dövlət büdcəsinə təxminən 100 mln manatdan artıq vəsaitin daxil olmasının qarşısını alır.

Xatırladaq ki, bu ilin əvvəlində prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bəzi ərazilərdə sənədləşmələr aparılsa da, proses artıq faktiki olaraq dayandırılıb. Səbəb kimi isə bu barədə rəsmi sənədin imzalanmaması gətirilir. Lakin təhlillər məsələdə maraqlı olmayan tərəflərin olduğunu deməyə əsas verir. Çünki 3 il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Dünya Bankının xətti ilə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlasa da, bu proses də yarımçıq qalıb. Əldə etdiyimiz məlumata görə, Kərəm Həsənov sənədsiz evlərin sənədləşdirilməsi məsələsində maraqlıdır, amma daha böyük güclərin, konkret olaraq məmur-oliqarxların məsələyə müdaxiləsi problemin həllini yubadır.


Geri qayıt