Əsas Səhifə > Hadisə, Manşet > İKİ KÜSÜLÜ NAZİR

İKİ KÜSÜLÜ NAZİR


9-12-2011, 17:02
İKİ KÜSÜLÜ NAZİR

ZİYA MƏMMƏDOVLA KƏMALƏDDİN HEYDƏROV BİR-BİRİLƏ DANIŞMIR

DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun münasibətlərinin üzdə də qaydasında olmadığı bildirilir. Mötəbər mənbə iddia edir ki, hətta nazirlər küsülü də hesab oluna bilərlər: «Onlar çalışırlar ki, yanaşı dayanmasınlar və eyni mövzunun həmsöhbətinə çevrilməsinlər» deyən mənbə onu da iddia etdi ki, hətta bu günlərdə baş tutan tədbirlərin birində yanaşı durmaq məcburiyyətində qalan nazirlər öz aralarında kəlmə də kəsməyiblər.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərov bir zamanlar eyni qaydada keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə də münasibət gərginliyi yaşayırdı. Hazırda Fərhad Əliyev həbsxanadadır. Kəmaləddin Heydərov isə həmin ərəfədə mətbuata verdiyi açıqlamada bu faktları təkzib edirdi və hətta bu kimi yazıları Fərhad Əliyevlə birgə oxuyaraq güldüklərini söyləyirdi. Onun əksinə olaraq Fərhad Əliyev təkzib etməmişdi və sonradan qolları qandallandı.

İndi isə Ziya Məmmədovla Kəmaləddin Heydərov danışmırlar. Hər halda, bu mənzərə hakim komanda üçün arzuolunan deyil. Ya onların hər ikisi eyni vaxtda «yox, biz küsülü deyilik» açıqlamasını verəcək, ya da ikisindən biri ən azından hakim komandadan çıxdaş olunacaq.

Çünki Əliyev dövlətin başına keçdikdən sonra məhz komandasında vahid rəyi formalaşdırmağa çalışıb. Elə buna görədir ki, bir neçə il əvvəl təhsil naziri Misir Mərdanovla küsülü olan, ona qarşı mübarizə aparan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev görəvindən alınaraq «mədəni sürgünə» göndərildi.


Geri qayıt