Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV 2 İCRA BAŞÇISINI MƏHKƏMƏYƏ VERİB

KƏMALƏDDİN HEYDƏROV 2 İCRA BAŞÇISINI MƏHKƏMƏYƏ VERİB


9-12-2011, 16:16
KƏMALƏDDİN HEYDƏROV 2 İCRA BAŞÇISINI MƏHKƏMƏYƏ VERİB

FHN İH-LƏRLƏ MƏHKƏMƏDƏ GÖRÜŞƏCƏK

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunun İcra Hakimiyyətini məhkəməyə verib.

«APA-ECONOMICS»in məlumatına görə, bunu FHN-in Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, məhkəməyə müraciət edilməsinin səbəbi icra hakimiyyəti orqanlarının burdakı yaşayış binalarında yol verilən qanunsuz layihə dəyişdirmə işlərinin qarşısını almamasıdır.

E.Əsədov qeyd edib ki, FHN-in bilavasitə vəzifələrinə daxil olmasa da, nazirlik ona edilən müraciətlər əsasında Bakının bir sıra rayonlarında əvvəllər tikilmiş binaların texniki vəziyyətini, onların təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyini araşdırıb. Bu zaman bəzi binalarda ciddi pozuntuların olduğu, eləcə də qanunsuz konstruksiya dəyişikliklərinin aparıldığı və nəticədə binalarda təhlükəli vəziyyət yarandığı bəlli olub: “Söhbət “xruşşovka” adı ilə tanınan və iri panelli binalardan gedir”.

Ən çox belə hallar Bakının Xətai, Nəsimi, Yasamal və Binəqədi rayonlarında qeydə alınıb. E.Əsədovun sözlərinə görə, nazirlik həmin rayonların icra hakimiyyəti orqanlarını bu pozuntuların aradan qaldırılmasına dəvət edib: “Bu pozuntular bəzi rayonlarda aradan qaldırılsa da, iki rayonda aradan qaldırılmayıb. Nəticədə iki rayonun İcra Hakimiyyəti tərəfimizdən məhkəməyə verilib”. Bununla belə, FHN rəsmisi məhkəməyə verilən rayon İcra Hakimiyyətlərinin adlarını açıqlamayıb.


Geri qayıt