Əsas Səhifə > Cəmiyyət > “NOVOSTROYKA”LARA QAZ VERİLİR
“NOVOSTROYKA”LARA QAZ VERİLİR9-12-2011, 15:42 |
DAHA 80 BİNANIN SAKİNLƏRİNİN BƏXTİ GƏTİRDİ Son 6 ildə Bakıda qəbul komissiyasından keçməyən binaların sayı 200-dən 120-yə enib. «APA-ECONOMICS»in məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Onun sözlərinə görə, bu dövr ərzində 80 bina texniki təhlükəsizlik tələbləri baxımından yoxlanılaraq ona müsbət rəy verilib: “Qalan 120 binanın əksəriyyətinin sahibi rəy almaq üçün müraciət edib. İndiyədək cəmi 6 şirkət rəy almaq üçün müraciət etməyib”. E.Əsədov qeyd edib ki, Azərbaycanda ən çox yol verilən pozuntular layihədən kənara çıxma, artıq mərtəbələrin və layihədə nəzərdə tutulmayan digər sahələrin tikintisi olub: “Artıq mərtəbə olanda həmin mərtəbələr sökülmür, binanın möhkəmliyi yoxlanılır. Binanın möhkəmlik ehtiyatı varsa, əlavə tədbirlər həyata keçirmək şərti ilə bu binalar istismara qəbul edilir. Belə hallarda biz onlara güzəştə gedirik. Yəni məqsədimiz sökmək yox, şirkətləri tikinti norma və qaydalarına riayət etməyə dəvət etməkdir”. Bununla belə, tikinti qanunvericiliyini pozan istənilən şirkət İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada cərimələnirlər. E.Əsədov deyib ki, bu gün ölkədə ən böyük cərimə sanksiyaları məhz tikinti sektorunda nəzərdə tutulub: “Tikinti qanunvericiliyinin pozulmasına görə cərimənin məbləği fiziki şəxslər üçün 300-600 manat, buna imkan yaradan vəzifəli şəxslər üçün 1500-3000, hüquqi şəxslər üçün 15-30 min manatdır. Artıq cərimələnən şirkətlər var”. Geri qayıt |