Əsas Səhifə > Siyasət, Manşet > AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ

AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ


8-05-2013, 09:54
AĞDAMDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ
KÖHNƏ İCRA BAŞÇISI MÜXALİFƏTƏ PUL AYIRIR Kİ, İNDİKİ BAŞÇINI DEVİRSİN

DİA.AZ: - Redaksiyamıza Ağdamdan maraqlı bir məlumat daxil olub. İlk baxışdan sadə və kiçik miqyaslı hadisə sayıla biləcək həmin xəbər bizə imkan verdi ki, əlimizdə toplanan məlumatlar əsasında digər maralı məqamları da.

Öncə xəbərə diqqət yetirək. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev kreslosundan kənarlaşsa da, onun ətrafında və onunla bağlı baş verən proseslər mətbuatın diqqət mərkəzindədir. Belə ki, bir müddət öncə hətta H.Sarıyevin həbs edilə biləcəyi haqda məlumatlar da yayıldı. Bu barədə qəzetlərdə yer alan yazılarda bildirilirdi ki, Həsən Sarıyev barəsində hələ bir neçə ay əvvəl Baş Prokurorluğa bir neçə şikayət göndərilib. Onun icra strukturuna rəhbərlik etməsi bu cinayət işinin aparılmasına mane olub.

Vəzifədən azad olunduqdan sonra isə Həsən Sarıyev bu günlərdə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində barəsində olan şikayətlərlə bağlı dindirilib. Bununla bağlı yayılan xəbərlərdə o da vurğulanırdı ki, Həsən Sarıyev hələ vəzifəsindən çıxarılmazdan 20 gün əvvəl Maliyyə Nazirliyinin rəhbərliyi ilə anlaşıb. Bu isə nazirliyin Ağdamın büdcə təşkilatlarında apardığı kütləvi yoxlamalarla bağlı olub. Çünki bu yoxlamalar zamanı ciddi yeyintilər və qanun pozuntuları aşkarlanmışdı.

Qeyd edək ki, son zamanlar bir sıra rayonlarda baş verən iğtişaşlar ölkənin gündəmini dəyişdi. Bir tərəfdən narazı toplum daha da aqressivləşdi, digər tərəfdən isə aydın oldu ki, bir sıra məmurlar yerində deyil. Buna görə prezident İlham Əliyev müşavirə keçirərək bəyan etdi ki, harınlamış, xalqa yuxarıdan aşağı baxan icra başçıları, məmurlar işdən azad ediləcək, qanunsuz əməllərlə məşğul olan məmur övladları həbs ediləcək və ataları tutduqları vəzifədən kənarlaşdırılacaq. Bu bəyanatdan sonra isə İsmayıllı rayonu, daha sonra isə Şamaxı rayonunun icra başçısı vəzifəsindən kənarlaşdırıldı. Bununla da hesab etmək olar ki, prezident kadr islahatlarına start verib və proses davamlı olacaq. Amma deyəsən yaranmış şəraitdən istifadə edən bəzi qüvvələr şəxsi maraqlarını həyata keçirtməyə başlayıblar.

Hazırda belə bir durum Ağdam rayonunda baş verir. DİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Ağdam rayonunun keçmiş icra başçısı Həsən Sarıyev aktivləşərək rayonun hazırkı başçısı Nizami Sadıqovu postundan kənarlaşdırmaq kampaniyasına başlayıb.

Bildirilir ki, Həsən Sarıyev Ağdam rayonunun Quzanlı kəndində müxalifətçilərə məxsus bir kafedə müxalifət partiyalarının üzvləri ilə mütəmadi görüşlər keçirərək əhalini etiraz mitinqləri təşkil etməyə çağırıb. Mənbə deyir ki, Həsən Sarıyev insanları inandırmağa çalışır ki, Nizami Sadıqovun əleyhinə aksiyalar təşkil olunarsa, prezident onu görəvindən alacaq və özü yenidən icra hakimiyyətinin başçısı olacaq. Bəzilərinə torpaq payı, bəzilərinə vəzifə verəcəyini vəd edən keçmiş başçı demək olar ki, aksiyanı təşkil etmək ərəfəsindədir. Çox maraqlı başqa bir məqam isə budur ki, Həsən Sarıyev Bakıda fəaliyyət göstərən müxalifətdə olan partiya sədrlərindən birinə maliyyədə ayırmağa başlayıb.

DİA.AZ-a bu barədə danışan mənbə deyir ki, bunun qarşılığında həmin partiyanın Ağdam rayon təşkilatının bütün üzvləri Həsən Sarıyevin yanındadırlar və akisyanın əsas təşkilatçıları da onlar olacaq.

Bu əsnada Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfüqar Qasımovun da icra başçısı Nizami Sadıqova qarşı kampaniya apardığı üzə çıxıb. Verilən məlumatda deyilir ki, Qasımov uzun illər Həsən Sarıyevlə birlikdə işləyib və Ağdamın keçmiş icra başçısı da yenisi ilə qatı düşməndir. Zülfüqar Qasımov isə Həsən Sarıyevin «çörəyini» yediyindən yenə də ona kömək etmək fikrindədir və bu zaman bəzi vasitələrə əl atıb.

Məlumatda deyilir ki, Z.Qasımov bəzi mətbuat orqanlarında Nizami Sadıqovun «vurulması»nı təşkil edir. Bu azmış kimi, rayonda yeni icra başçısına qarşı da kampaniya təşkil edir və onun fəaliyyəti haqqında mənfi rəy formalaşdırır. Bu azmış kimi, rayondakı narazı qüvvələri də öz ətrafında toplayan birinci müavin bu şəkildə Həsən Sarıyevin «qisasını» Nizami Sadıqovdan almağa çalışır.

Məlumatlarda deyilir ki, Zülfüqar Qasımov zəif fiqru deyil. Onun atasının uzun illər rayonda vəzifələrdə işləməsi, habelə qardaşı Qasım Qasımovun hal hazırda ölkə miqyasında həyata keçirilən tikinti işlərində önəmli fiqurlardan biri olması toxunulmaz şəxs statusunu təmin etməyə imkan yaradır.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt