Əsas Səhifə > Güney Press, Araşdırma > MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT

MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT


7-05-2013, 10:48
MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT
NƏDƏN SÖYÜN SADIXOVA QARŞI GEDİR?

Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovun Söyün Sadıqova qarşı çıxan dünənki bəyanatının ortaya çıxmasına səbəb olan yazı aydın olub.

Xatırladaq ki, milyarder Vaqif Məmişov sözügedən bəyanatında Söyün Sadıqova qarşı sərt şəkildə çıxmaqla yanaşı, həm də media orqanlarında həmyerlisi olan Söyün Sadıqovla işbirliyində olmasını təkzib etməyə çalışıb. V.Məmişovun birdən-birə, özü də təlaşla Söyün Sadıqov mövzusuna toxunması isə başqa bir maraq yaradıb. Məmişovun son bəyanatında nə qədər səmimi olduğunu deyə bilmərik. Amma onun belə bir bəyanatla çıxış etməsi və Söyün Sadıqova qarşı çıxmasının səbəbi aydınlaşıb. Mia.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, Məmişovun təlaşlı bəyanatına rəvac verən hadisə «Reytinq» qəzetinin 05 may 2013-cü il tarixli sayında dərc olunan «Milyarderlər nəzarətə götürülüb» başlıqlı, «İqtidar Abbas Abbasov, Vaqif Məmişov, Ziya Abbasov və onların yaxın ətrafına qarşı müxtəlif üsullardan istifadə edir» yarımbaşlıqlı yazı olub.

DİA.AZ maraqlı olacağını nəzərə alaraq, "Reytinq"dəki həmin yazını olduğu kimi təqdim edir:

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov Gürcüstanda azərbaycanlı gənclərdən ibarət hərəkat yaratmasının təsdiqlənməsindən sonra ortaya yeni məqamlar çıxıb. Belə ki, artıq Azərbaycanın hakimiyyət dairələri ilə Saakaşvili və onun tərəfdarlarının Söyün Sadıqovun simasında «Milyarderlər İttifaqı» deyilən bir quruma qarşı aqreesiv münasibətlərinin gizli səbəbi aydınlaşır.

Xatırladaq ki, S.Sadıqov Gürcüstanda gənclər hərəkatının hazırda təşkilatlanma ərəfəsində olduğunu bildirərək, onlara açıq dəstək verdiklərini bəyan edib. O, hərəkatın təsis konfransı mayın 7-də Tiflisdə olacağını, özünün də həmin tədbirdə iştirak edəcəyini bildirib: “Azərbaycanlılar Gürcüstanın köklü xalqlarındandır. Konstitusiyaya görə onlar ölkənin qalan vətəndaşları kimi bütün hüquq və öhdəliklərə malikdir. Ona görə də azərbaycanlıların çoxmillətli Gürcüstan cəmiyyətinə inteqrasiyası, fəallaşması üçün gənclər hərəkatına ehtiyac var. Azərbaycanlılar seçkidə fəal iştirak etməli, seçilməlidir. Layiqli təhsil almalı, bütün hakimiyyət qollarında təmsil olunmalıdır. Bizim təşəbbüsümüz tamamilə şəffafdır və qanunlara uyğundur”.

Söyün Sadıqov istər Gürcüstan, istərsə də Azərbaycanda böyük maraq yaradan planlarından da danışıb. O, Gürcüstandakı hərəkatın maliyyələşdirilməsi ilə bağlı Gürcüstandan olan və Rusiyada yaşayan bir neçə azərbaycanlı iş adamına müraciət etdiyini və müsbət cavab aldığını gizlətməyib: “Mənim tövsiyəm əsasında artıq bir neçə rusiyalı sahibkar - Gürcüstan əsilli azərbaycanlılar hərəkata kömək edir, onun fəaliyyətini maliyyələşdirir. Gələcəkdə maliyyə yardımı və dəstək daha da artacaq”.

S.Sadıqovun bu açıqlama təkcə Gürcüstanda deyil, həm də Azərbaycanın siyasi elitasında da böyük narahatlıq yaradıb. «Reytinq»ə daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti də Söyün Sadıqovun üzvü olduğu «Milyarderlər İttifaqı»nın müxalifləri maliyyələşdirmək niyyətindən xəbərdardır: «Daha doğrusu, Azərbaycan iqtidarı milyarderlərin Rusiyanın müəyyən qüvvələrinin təhriki ilə hər an belə bir addım atacağını proqnozlaşdırırlar. Qarşıdan prezident seçkiləri gəldiyindən hakimiyyət rəqiblərinə böyük maliyyə axının olmasından isə əlbəttə, narahat olmaya bilməz. Onun üçün də milyarderlərdən, xüsusiylə Gürcüstan əsilli iş adamlarından kimlərin belə bir təşəbbüsdə ola biləcəyini indidən müəyyənləşdirmək istəyirlər».

Məlumata görə, Söyün Sadıqov açıq oyun oynadığından daha çox gizli «oyunçu»ların üzərinə diqqət yönəlib: «Hakimiyyət heç də Söyün Sadıqovadan həm əlaqə, həm də maliyyə baxımından zəif olmayan iş adamları və onların yaxınlarını da nəzarətə götürməyi planlayıb. Azərbaycan hakimiyyəti əsasən Gürcüstan və Gəncə əsilli iş adamlarının fəaliyyət trayektoriyasını izləyirlər. Bu sırada Söyün Sadıqovdan savayı, baş nazirin keçmiş müavini Abbas Abbasov, Rusiyada yaşayan Gürcüstan əsilli azərbaycanlı iş adamları Vaqif Məmişovla Ziya Abbasov da diqqət mərkəzində saxlanılır».

Abbas Abbasov və onun Gəncəbasar bölgəsindən olan yaxınlarının da hər an hakimiyyətə alternativ qüvvələrə dəstək verə biləcəyini iddia edən mənbəmizin sözlərinə görə, hazırda baş nazirin keçmiş müavininə yaxın olan Azərbaycanda və Rusiyada yaşayan məmurlarla bərabər, iş adamlarının hərəkətləri diqqətlə izlənilir: «Hakimiyyət mənsubları eyni zamanda Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovla Rusiyadakı «Rapira» və digər bir neçə zavodun sahibi Ziya Abbasovu da diqqətdən kənarda qoymur. Hesab olunur ki, onlar Söyün Sadıqovun planlarına gizli şəkildə dəstək verirlər. Adıçəkilən iş adamları Rusiyada böyük nüfuz və kapitala sahib olsalar da, həmişə siyasi məsələlərdə arxa planda olmağı sevirlər. Amma bu o demək deyil ki, həmin milyarderlər Azərbaycan və ya Gürcüstandakı proseslərə laqeyd qalıblar. Zaman-zaman hər iki iş adamı hər iki ölkədə öz iradələrini nümayiş etdiriblər. Doğrudur, onlar Saakaşvili hakimiyyəti dövründə Gürcüstana təsir göstərmək imkanlarını ciddi ölçüdə itiriblər. Güman ki, bu səbəbdən də yeni hərəkata səxavətlə dəstək verirlər. Amma Azərbaycanda son 2 ilə ilə qədər həm Vaqif Məmişov, həm də Ziya Abbasov güclü təsir etmək güclərini saxlayıblar. Son iki ildən etibarən isə onların bizim ölkədəki dayaqlarının zəiflədilməsinə də start verilib. Məsələn, Ziya Abbasovun Sabirabadın icra başçısı işləyən qardaşı Heydər Abbasov vəzifədən vuruldu, eyni zamanda, onun bir çox qohumlarına «diplomatik» formada təzyiqlər oldu. Vaqif Məmişova isə az öncəyə qədər Sankt-Peterburqdakı konsulumuz olan Qüdsü Osmanovla (hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun müavinidir - mia.az) qarşıdurmada yeri göstərildi. Həmin müddətdən bəri Azərbaycana əvvəlki kimi şəxsi təyyarəsi ilə gəlməkdən də məhrum edilən Vaqif Məmişovun Rusiyanın siyasi elitası ilə sıcaq əlaqəsi olmasına rəğmən, üzləşdiyi problemlərə təsadüfi sayılmamalıdır».

Məlumatlı şəxs son aylar Gürcüstanlı soydaşlarımıza ögey münasibətin kökündə də adıçəkilən milyarderlərin şəxsi maraqlarının rolunun olmasını istisna etmirlər: «Bilirsiniz ki, son aylar Gürcüstanlı soydaşlarımıza qarşı digər əcnəbilərə qarşı tətbiq edilən ən sərt miqrasiya tədbirlərinə əl atılır. Soydaşlarımıza illər əvvəl olduğu kimi ən xırda məsələdə belə güzəşt edilmir. Üstəlik, bir qədər fəal olan soydaşlarımıza qarşı digər repressiv addımlar da atılır».

***

Bu isə Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov 06 may 2013-cü ildə Modern.az saytına göndərdiyi müraciətidir. O, son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində onun haqqında yayılan məlumatlardan narahatlıq ifadə edib və Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovla birgə olmadığını bəyan edib. V.Məmişov bildirib:

«Azərbaycan mediasında Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata köməklik göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edən informasiyalar dərc edilib.

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımının, qazandığı nailiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik».

Geri qayıt