Əsas Səhifə > Cəmiyyət > RAFİQ TAĞININ İŞİ HAVADAN ASILI QALIB
RAFİQ TAĞININ İŞİ HAVADAN ASILI QALIB8-12-2011, 15:27 |
HAKİMİYYƏT YALNIZ İRADLA KİFAYƏTLƏNİB Yazıçı-publisist Rafiq Tağıya sui-qəsddən xeyli vaxt keçsə də, hüquq-mühafizə orqanları heç kəsi saxlamayıblar və cinayətin mümkün versiyalarını şərh etmirlər. İranın Azərbaycandakı səfirliyi bu cinayətdən yaxasını qırağa çəkib. İranlı ayətullah Məhəmməd Lənkərani – 2006-cı ildə “Avropa və biz” məqaləsinə görə Rafiq Tağının ölümünə fətva verən ayətullah Uzma Lənkəraninin oğlu isə yazıçının qətlini alqışlayıb (www.fazellankarani.com/persian/news/4878/). Bu bəyanat Rafiq Tağının qətlinin sifaişinin Tehrandan gəlməsinə, Azərbaycanda siyasi qətl və terror aktları keçirməyə qadir olan İran agenturasının varlığı ehtimalına dolayı sübutdur. Azərbaycan hakimiyyəti bu qətli şərh etmir. Yalnız Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iradla kifayətlənib: "İranda Azərbaycan-İran münasibətlərində problem yaratmağa cəhd edən müəyyən dairələr var". Onun fikrincə, bu qətlin İran rəhbərliyinə dəxli yoxdur. "Rafiq Tağı sui-qəsd nəticəsində öldürülüb. Cinayətin motivləri, iştirakçıları və məqsədi təhqiq edilib müəyyən olunmalıdır. Bir çox hallarda İranda bu və ya digər şəxsin adından yayılna məlumat əsassız olur. Bu cür informasiyalar çox vaxt mövcud münasibətləri korlamaq məqsədi daşıyır. Ona görə belə məsələlər dövlətlərarası münasibətləri tənzimləmir. İranda Azərbaycan-İran münasibətlərində problem yaratmağa cəhd edən müəyyən dairələr var. Onların aparıcı qüvvə olduğuna inanmıram. İranın dövlət və dini hakimiyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu istiqamətdə işləri davam etdirəcəyik", - deyə Həsənov bildirib. Amma o, jurnalistlərin ünvanına “daş atmaq” imkanını əldən verməyib. «Rafiq Tağıya qarşı cinayət jurnalistlərdən kiminsə qisası ola bilər və ya başqa səbəblər də mümkündür. Bütün bunları istintaqın sonunda biləcəyik", deyə Həsənov bildirib. Azərbaycan hakimiyyətinin Rafiq Tağının işində “İran izi”nə diqqət cəmləməməsini o da göstərir ki, bu günlərdə XİN rəhbərinin müavini Xələf Xələfov Azərbaycan-Türkiyə-İran üçtərəli iqtisadi komissiyasının işində iştirak üçün Tehrana səfər edib. Səfər zamanı Xələfov İranın XİN başçısı Əliəkbər Salehi ilə Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə edib. Təəccüblü deyil ki, Rafiq Tağıya sui-qəsdin ilk günlərində dövlət strukturları, rəsmi və hökumətyönlü KİV inadla bu gurultulu cinayəti "sezmirdi". Hökumətyönlü elektron KİV-də bu qətldən başqa nəyə desən yer ayrılırdı. Hətta Rafiq Tağının xəstəxanada ölməsindən sonra bu hadisəni adi cinayət hadisəsi kimi qələmə verməyə çalışırdılar. Amma bu cinayətin ictimai rezonansı elə yüksək oldu ki, hakimiyyət onun ictimai əhəmiyyətini etiraf etmək məcburiyyətində qaldı. Beləliklə, Rafiq Tağının qətlinin istintaqı prezidentin şəxsi nəzarətinə, Baş Prokurorluq və DİN-in rəhbərliyinin xüsusi nəzarətinə götürüldü. Amma bu cinayətin üstünün açılması perspektivi dumanlıdır. Hadisədən xeyli vaxt keçsə də, istintaqda irəliləyiş yoxdur. Bir qayda olaraq, cinayət “isti izlərlə” açılmırsa, onun açılması ehtimalı günbəgün azalır. Ehtimal ki, bu işin də üstü açılmayacaq. Turan Analitik Xidməti Geri qayıt |