Əsas Səhifə > Ölkə, Manşet > UKRAYNA QULAM ƏKBƏROVLA BAĞLI SORĞU GÖNDƏRDİ
UKRAYNA QULAM ƏKBƏROVLA BAĞLI SORĞU GÖNDƏRDİ2-05-2013, 12:30 |
MAFİOZ KİMİ TANINMIŞ İŞ ADAMI HƏBS OLUNA BİLƏR DİA.AZ-a Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin xaç atası Qulam Əkbərodla bağlı DİA.AZ-a ilginc faktlar daxil olub. Bu barədə əldə etdiyimiz məlumatlara keçməzdən öncə bəzi xatırlatmalara keçək. Qeyd edək ki, Nizaməddin Quliyevin adı buna qədər əgər rəhbəri olduğu rayondakı özbaşınalıqlarla, oğlu Ramal Quliyevin Mingəçevirdə 500 min manatı xırıd etməsilə, borclu olduğu sahibkarlardan birini şərləyərək tutdurması ilə və müxtəlif ittihamlarla diqqətə gəlirdisə, bir neçə gün əvvəl Goranboyun icra başçısının yeni kimliyi də məlum oldu. Söhbət bu adamın adının bəlli bir kriminal şəbəkə ilə qoşa çəkilməsindən və hətta Nizaməddin Quliyevin həmin şəbəkənin himayəsi altında olmasından gedir. Nizaməddin Quliyevin bir neçə gün əvvəl Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk vilayət şöbəsinin sədri, tanınmış iş adamı İqbal Mahmudovun qətlində adı keçən şəxslərlə hansı əlaqələrinin olması yönündə apardığımız araşdırma zamanı ortaya ilginc faktlar çıxmışdı. Xatırladaq ki, burada söhbət İqbal Mahmudovun 3 milyon dollarlıq borca görə qətlinə sifariş verən Qulam Ələkbərovdan gedir. Qeyd edək ki, bir zamanlar Goranboyda mərhum prezident Heydər Əliyevə qarşı təşkil olunan qiyamda iştirakçı olan Qulam Ələkbərov eyni zamanda Nizaməddin Quliyevin «xaç atası» sayılır və onu bütün qara işlərdən məhz bu adam hifz etməkdədir. Qulam Ələkbərovun özünə gəlincə isə onun kimliyi ilə bağlı ilginc faktlar mövcuddur. Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə ənənəvi qaliblərindən olan “Sanur Holding”in sahiblərindən biri də Qulam Ələkbərov adlı şəxsdir. Bu şəxs həm də bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşları aldadan “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Tikinti şirkətinin adındakı “Q” hərfi də onun adını simvolizə edir. “AQ Inşaatçı Servis”in vətəndaşları aldatması üzə çıxanda yerli mətbuat Ziya Məmmədova çox yaxın olan bu şəxs barədə ilginc faktlar dərc etmişdi. Xatırladaq ki, Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib. Qulam Ələkbərov barəsində ilginc faktlardan biri də onun vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboy rayonundan olan Qulam Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla isti münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən Qulam Ələkbərov da bu iş üzrə istintaqa cəlb olunub. Lakin o, məsuliyyətə cəlb edilməyib. Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində, həmçinin keçmiş deputat Gültəkin Hacıbəylinin 2010-cu ilin parlament seçkilərindən sonra mandatsız qalmasında Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir. İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edirik: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”. Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir. Onun siyasətdəki şah əsərinin isə Nizaməddin Quliyev olduğu bir faktdır. Və hətta bu yaxınlıq səbəbindən Nizaməddin Quliyev Qulam Əkbərovun həbsdə olmuş kriminal aləmdə yaxşı tanınan qardaşına rayonda vəzifə də verib. DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq bütün bu faktlar dövlətin müvafiq qurumları tərəfindən ciddiyə alınıb. Mənbə iddia edir ki, Qulam Əkbərovun həbsinə də hazırlıq gedir: “Artıq Ukraynanın hüquq-mühafizə orqanları Azərbaycan tərəfinə Qulam Əkbərovun həbsini tələb edən sorğu da göndəriblər”. Məlumatlara görə, istintaq işinin zərurəti olaraq atılan bu addıma rəsmi Bakının olumlu cavab verməsi gözlənilir: “Hətta Ziya Məmmədov da Qulam Əkbərovun arxasından çəkildiyindən onun yaxın günlərdə həbs olunacağı ehtimalları artıb”. Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.... Geri qayıt |