Əsas Səhifə > Cəmiyyət > SAXTA HACILAR

SAXTA HACILAR


23-09-2011, 15:25
SAXTA HACILAR

DİNİ STATUSDAN SUİ-İSTİFADƏ EDİRLƏR

Həcc ziyarətinə getmək İslamın vacib şərtlərindən biridir. İmkanı olan hər bir şəxsə ömründə bir dəfə Həccə getmək, Allahın buyurduğu əməlləri yerinə yetirmək vacib buyrulub.

9 yaşından yuxarı qızlar, 15 yaşından yuxarı oğlanlara əgər Həcc vacib olubsa, onlar bu ziyarəti yerinə yetirməlidirlər. Ümumiyyətlə müqəddəs Həcci ziyarət etməyə insan həm maddi, həm də fiziki cəhətdən hazır olmalıdır. Əgər onun fiziki sağlamlığı imkan vermirsə, Həccə gedə bilməz. Həcc ziyarətinə gedən insanın maddiyatı özünü, ailəsini idarə edə bilməyə imkan verməli, onun evi olmalı, ailəsini yemək-içməklə təmin etməlidir. Əgər Həccə getmək istəyən insanın ölkəsində müharibə varsa, yol qorxuludursa, pul haramdırsa, o da Həccə gedə bilməz.

Azərbaycanda bəzi imkanlı insanlar var ki, dalbadal bir neçə il Həcc ziyarətinə gedir, gəldikdən sonra isə hacı adına yaraşmayan əməllər sahibi olur... Qəddarlıq edir, haram pul qazanır, yetim-yesiri, kasıb-kusubu incidir, dövlət malını mənimsəyir, rüşvər alır, əxlaqsız qadınlarla vaxt keçirir...
Qafqaz Müsəlmanları İdarəsi 2011-ci il üçün Həcc ziyarətinə sənəd qəbulunu başa çatdırıb.
Artıq 2000 nəfərlik kvota dolub. Heç şübhəsiz bu ildə əvvəllər olduğu kimi Həccə gedənlər arasında
hacı adından sui-istifadəni planlaşdıran zəvvarlar var.

Bəs belələrinin hacı adını daşıması nə dərəcədə doğrudur?

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri hacı Mirəziz Seyidzadə Modern.az saytının əməkdaşı ilə söhbətdə bu problemin günün ən vacib məsələlərindən olduğunu bildirib. Onun sözlərinə görə, çox insanlar Həcc ziyarətini turist gəzintisinə çevirib: “İnsanlar müəyyən şəhərlərə gedirlər, turist kimi gəzirlər. Çoxları bu gün Həcci o cür qəbul edir”.

Həccin İslamın ən mühüm əməllərindən olduğunu deyən hacı Mirəziz deyir ki, insanlar dinimizin buyurduğu vacim şərtlərə əməl etməlidir və bunlara qeyri-ciddi yanaşmaq olmaz:
“Təbii ki, Həccə getmək niyyətində olan insanların öncədən yerinə yetirməli olduğu bir sıra vacib əməllər də var. Həccə gedən insan əvvəl gərək namaz qılsın, Allahı tanısın, oruc tutsun, öz nəfsi ilə cihad etməyi bacarsın. Lazım olanda vətən, din yolunda canından keçə bilsin. Həccə gedən insan gərək bunlara hazır olsun”.

Hacı Mirəzizin sözlərinə görə, çox insanlar namazı, halal-haramı bilmir:

“Bəziləri öz yaxın ətrafından yardım istəyir ki, ona Həccə getməyə kömək etsinlər. Bu şəkildə Həccə gedən insan Həccin qanunlarını öyrənmədiyi üçün onu yerinə yetirə bilmir və müqəssir vəziyyətdə geri qayıdır. Həccin əməllərini yerinə yetirməyən insan müqəssir olur. Bu qanunları öyrənmək bir az çətindir və buna insan qabaqcadan hazır olmalıdır”.

Müsahibimizin sözlərinə görə, Həcc ziyarətini yerinə yetirmək istəyən insanlara kömək etmək məqsədilə onları məscidə dəvət edirlər: “İnsanlar bu qaydalara öyrənməkdə maraqlı deyil. Bir müddətdir Həccə gedənlər üçün elan vermişik ki, məscidə gəlib həftəsonları bu qaydaları öyrənsinlər. Burada hətta onlar üçün model də düzəltmişik, vacib olan əməlləri necə yerinə yetirməyin lazım olduğunu əyani şəkildə göstərmək istəyirik, amma gəlmirlər”.

Hacı Mirəziz deyir ki, bəzən Həcc ziyarətinə gedib orda lazım olan əməlləri yerinə yetirə bilməyən insanlar şikayətlənir ki, onlar qaydaları izah etmədilər.
“Halbuki, qaydaları burada öyrənmək lazımdır” deyən Hacı Mirəziz Seyidzadə Həccə gedənlər üçün xüsusi kitablar hazırladıqlarını da bidirib.

İslamın qanunlara əməl edən hər bir mükəlləf, hər mömin hacı ola bilər. Həm də gərək Həccin qaydalarına ziyarəti zamanı tam əməl etsin və qayıdandan sonra da hacı adına xələl gətirən işlər görməsin.

“Törətdiyi əməllərə görə tövbə edib Həccə gedir, gələndən sonra isə qonşuluqda mağazada araq, pivə satır. Faydalı bir iş görmürsə, bu hacı deyil. Hacı gələndən sonra daha gözəl əməllər etməlidir, bu ad görüntü üçün deyil. Həcc ziyarəti sırasında tələbləri yerinə yetirməyən bir çox insan gələndən sonra bu tituldan sui-istifadə edir. Allah belə Həcci qəbul etmir” deyən hacı Mirəziz Seyidzaə qeyd edib ki, paklıq, müqəddəslik hacının əməlində özünü büruzə verməlidir.

Geri qayıt