Əsas Səhifə > Gündəm, Manşet > TEHRANDAN ƏSƏN YELLƏR BİZİ İSİDƏCƏKMİ?

TEHRANDAN ƏSƏN YELLƏR BİZİ İSİDƏCƏKMİ?


30-04-2013, 09:28
TEHRANDAN ƏSƏN YELLƏR BİZİ İSİDƏCƏKMİ?
RAMİZ MEHDİYEV İRANI FƏTH EDƏ BİLMƏSƏ DƏ, FARSLARI DİNLƏYƏ BİLİB

DİA.AZ: - Məlum olduğu kimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İranda çox mühüm görüşlər keçirib. Təbii ki, Elmar Məmmədyarovun İsrail səfərinin ardından PA şefi kimi mühüm dövlət adamının İrana səfər etməsi haqlı olaraq ekspertlər tərəfindən balanslaşdırma cəhdi kimi dəyərləndirildi. Amma bu balanslaşdırma cəhdinin Azərbaycan dövlətinə heç də ucuz başa gəlməyəcəyi indidən görükməkdədir.

DİA.AZ bildirir ki, İranla Azərbaycanın münasibətləri yalnız jurnalistlər üçün açıq olan rəsmi görüşlərdə xoşdur. Realda isə bunun belə olmadığı faktdır. Həmçinin hətta rəsmi görüşlərin qapalı hissələrində də münasibətlərdəki gərginlik yetərincə hiss olunur. Jurnalistlər üçün açıq olan hissədən fərqli olaraq, bağlı qapılar arxasında tərəflər bir-birilərinin şənlərinə təriflər yağdırmırlar, bir-birilərindən hesabat istəyirlər.

Azərbaycanın İrandan indiki məqamda nəyi istədiyi gün kimi aydındır: NORMAL QONŞULUQ… Amma bunun əksini az qala hər addımda hiss etməkdəyik. Xristian gürcülər belə bu gün özünü şiə ölkəsi adlandıran İran qədərində Ermənistana ürəkağrısı ilə yanaşmır. Amma faktdır ki, Qarabağ savaşında fars-molla rejimi məhz erməni səngərində yer alıb ki, bu da ən əsas olaraq İran adlanan dövlətin iddia etdiyi «İslam Respublikası» adı ilə ziddiyyət təşkil etməkdədir.

Öz növbəsində Şimali Azərbaycan dövlətinin varlığını özünə qarşı təhdid hesab edən rəsmi Tehran son zamanlar Azərbaycan qarışıq Cənubi Qafqazın tamamına iddialı olduğunu da ortaya qoydu. Təbii ki, burada Ermənistanla bağlı məqam ümumiyyəitlə, vurğulanmadı. Çünki Gülüstan və Türkmənçay müqavilələri ilə həm də İrəvan xanlığı Rusiyanın tərkibinə daxil olmuşdu. Deməli, məsələ hansısa müqavilənin bitməsindən doğan zəruri addımların atılmasında yox, sadəcə olaraq rəsmi Bakının əsəbləri ilə oynamaqda idi.

Oynaya bildilər və layiqli cavablarını da almış oldular. Çünki əslində Azərbaycan dövlətinin parçalanması ilə müşaiət olunan sözügedən tarixi müqavilələrin ardından həm Güney Azərbaycanda və həm də Quzey Azərbaycanda bir referendum zərurəti yaranmış olursa, o halda, bundan fars-molla rejiminin hansısa formada qazanclı çıxacağı inandırıcı deyil. Təbii ki, belə bir referendumun baş tutması imkansızdır.

Bu yolla rəsmi Tehranın Azərbaycan dövlətçiliyini aşağılama konteksindən çıxış etdiyi şübhəsizdir. Lakin bir məqam da var ki, bu yolla Azərbaycan həm də dünya ictimaiyyətinə özünün daha böyük hissələrə parçalanmış bir dövlət olduğunu nümayiş etdirmiş ola bilər. Elə buna görə də, artıq Türkmənçay ideyasının İran üçün o qədər də populyar olmadığı görünməkdədir. Yəni Tehranda bu məsələni unutmağa çalışırlar ki, kəskin şəkildə hiss olunandır.

Ramiz Mehdiyevin İran səfərinə gəlincə isə, Azərbaycanın bu səfərin yekunlarında yalnız seçkiqabağı dincliyə ümidli olduğunu sezməmək olmur. Yəni İrana diplomatik dildə anlatılır ki, bəs seçkiqabağı ərəfədə təxribatlardan çəkinsin. Amma rəsmi Bakının bu əndişəsi yersiz də hesab oluna bilər. Çünki İranın özü də seçkilər ərəfəsini yaşayır və bu gün dünyanın nəhəng gücləri İranda məhz Güney Azərbaycan məsələsini qaldırmaqla qarışıqlıq yaratmağı qəsd edirlər. Elə buna görədir ki, İranın hazırki prezidenti Azərbaycan türkcəsində «Azərbaycanı sevməyən ölsün» kimi seçkiqabağı şüarlara da ütünlük verir. Təbii ki, İran prezidentinin bu şüarında heç də səmimi olmadığı faktdır. Ən azından səmimi olsaydı, duası qəbul olunsaydı, o zaman həmin duanın ilk hədəflərindən biri elə Əhmədinejadın özü olmalı idi.

Bir sözlə, Ramiz Mehdiyev İrana seçkiqabağı dönəmdə rəsmi Bakının başının dinc olması üçün səfər etdi. Amma İranın da PA şefindən istədikləri olacaqm və çrox güman ki, olub da. Bu da fars-molla rejiminin Azərbaycandakı əsas dayaqları hesab olunan dindar kəsimlə bağlı məqamlardır. Bu gün məhbəsdə onlarla İran təmayüllü dindar saxlanılır və onların lideri Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovdur.

DİA.AZ-a diplomatik qaynaqlardan daxil olan informasiyalar da təsdiqləyir ki, rəsmi Tehran Mövsüm Səmədovun azadlığını Bakı qarşısında şərt kimi qoyub. Yəni şərt belə olub ki, tərəflərin səmimiyyəti Azərbaycanın AİP sədrini azadlığa buraxması fonunda müəyyənləşəcək. Təbii ki, bu şərt görüntü baxımından primitiv hesab oluna bilər, amma prinsipial məqam nöqteyi-nəzərindən Azərbaycan üçün çox mühüm məntəqədir.

Bundan sonra nələrin baş verəcəyini, yaşayıb görəcəyik…

ZƏRURİ QEYD: Azərbaycan tərəfinin İrandan ilk istədiklərindən biri də məhz ölkəmizə qarşı təbliğatın dayandırılması olub. İranın xüsusi xidmət orqanlarına bağlı bir xəbər portalının aşağıdakı fotosundan da aydın olur ki, hələlik Mehdiyevi İranda eşitməyiblər...

DİA.AZ Analitik Qrup

TEHRANDAN ƏSƏN YELLƏR BİZİ İSİDƏCƏKMİ?
Geri qayıt