Əsas Səhifə > Cəmiyyət > “HƏQİQƏTƏN POLİSLƏR ÇOX YAXŞI İŞLƏYİR”

“HƏQİQƏTƏN POLİSLƏR ÇOX YAXŞI İŞLƏYİR”


7-12-2011, 14:46
“HƏQİQƏTƏN POLİSLƏR ÇOX YAXŞI İŞLƏYİR”

“BİRİNCİ SİNİFDƏ OXUYAN QIZIM O ZƏNGDƏN SONRA MƏKTƏBƏ GETMİR”

“Birinci sinifdə oxuyan böyük qızım o zəngdən sonra məktəbə getmir. Bu, məsələ çözülənə qədər belə davam edəcək”. Bu sözləri Modern.az saytına açıqlamasında dekabrın 6-da naməlum şəxsin ölümlə hədələdiyi “Xural”qəzetinin redaktoru, yeni nəşrə başlayan “ASİ” qəzetinin təsiscisi Anar Niftəliyev deyib.

Tez-tez təhdid zəngləri aldlğını deyən A.Niftəliyev bildirib ki, ilk dəfədir ki, hədələrdə ailəsinin adı çəkilib. Buna görə də jurnalist zənglərdən ciddi narahat olaraq Daxili İşlər Nazirliyinin “102” nömrəli “qaynar xətt”inə müraciət edib.

Anar Niftəliyev bildirib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi dünən operativ şəkildə işləyib. Ancaq hadisə 18-ci polis bölməsi ərazisində baş vermədiyindən iş araşdırılmaq üçün Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə verilib.
“Həqiqətən polislər çox yaxşı işləyir. Əgər hadisə 18-ci polis bölməsi ərazisində olsaydı, dünən axtarışlar nəticə verərdi. 17-ci polis bölməsinin bir saatlıq işi qalıb. Güman edirəm ki, 1 günə axtarişlar öz nəticəsini verəcək”-deyən jurnalist onu da qeyd edib ki, polis həqiqətən yaxın versiyaları artıq təqdim edib. Ancaq o, bu barədə çox məlumat verib polisin işinə mane olmaq istəmir.

A.Niftəliyevin sözlərinə görə, “Azadlıq” qəzeti ona dəstək üçün məsələ ilə bağlı təhqiqat qrupu da yaradıb.

Qeyd edək ki, hadisə dekabrın 6-da saat 12:54-də baş verib. Naməlum şəxs nömrəsi açıq görünən mobil telefondan jurnalistə zəng edərək onu və övladlarını öldürməklə təhdid edib. Naməlum şəxs öz təhdidini Anar Niftəliyevin son zamanlar çox sərt yazması ilə əlaqələndirib.

A.Niftəliyevin telefonuna edilən zəngdən beş dəqiqə sonra, saat 12:59-da eyni nömrədən “Xural” qəzetinin redaktoru Nurəddin Xocanın mobil telefonuna zəng gəlib. Naməlum şəxs Nurəddin Xoca ilə söhbətində “ASİ” adlı qəzetin nəşr olunmasını “qudurğanlıq” adlandırıb. Bu telefon söhbətində də Anar Niftəliyev və övladları hədələnib.


Geri qayıt