Əsas Səhifə > Cəmiyyət > FƏRHAD ƏLİYEVİN QARDAŞI BARƏDƏ MƏHKƏMƏ HÖKMÜ

FƏRHAD ƏLİYEVİN QARDAŞI BARƏDƏ MƏHKƏMƏ HÖKMÜ


7-12-2011, 14:40
FƏRHAD ƏLİYEVİN QARDAŞI BARƏDƏ MƏHKƏMƏ HÖKMÜ

AZƏRBAYCAN RAFİQ ƏLİYEVƏ 32 MİN AVRO ÖDƏMƏLİDİR

İnsan Haqları üzrə Avropa Məhkəməsi “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin şikayəti əsasında çıxardığı qərarı açıqlayıb.

APA-nın məlumatına görə, İnsan Haqları üzrə Avropa Konvensiyanın bir neçə maddəsinin pozulduğunu qənaətinə gələn məhkəmə qərara alıb ki, Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiyası qismində 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsi R. Əliyevin Bakıdakı məhkəmə prosesindən öncə saxlanılma müddətinin pozuntularla müşayiət olunduğu, daha sonra isə onun apellyasiya vəsatətlərinə düzgün baxılmadığı rəyinə gəlib. Qərarda deyilir ki, bu, yekun hökm deyil və tərəflər üç ay ərzində şikayətlərini Məhkəmənin Böyük Palatasına təqdim edə bilərlər.

Xatırladaq ki, Əliyev 2005-ci ilin oktyabr ayında Bakı hava limanında 30 min ABŞ dolları keçirərkən saxlanılıb. Rafiq Əliyev vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şikayət ərizəsində Rafiq Əliyev iddia edib ki, onun saxlanılması, həbsi və mühakimə edilməsi dövlət çevrilişi cəhdində ittiham edilmiş qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutulması ilə əlaqədardır.

Rafiq Əliyev iddia edib ki, saxlanılması və həbsi qanuna zidd olub.


Geri qayıt