Əsas Səhifə > Partiya > “XURAL”IN ƏMƏKDAŞI İTTİHAM OLUNUR

“XURAL”IN ƏMƏKDAŞI İTTİHAM OLUNUR


23-09-2011, 14:47
“XURAL”IN ƏMƏKDAŞI İTTİHAM OLUNUR

AYDIN CANIYEVİN ƏLEYHİNƏ MƏTBUAT KONFRANSI

Lənkəranda məscid ərazisində baş verən insidentlə bağlı bu gün mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, zərərçəkənlərin vəkili Ağakişi Nağıyev deyib ki, sentyabrın 7-də saat 16.00 radələrində “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Məmməd oğlu Canıyev sərxoş vəziyyətdə rayonun Səpnəkəran kəndində yaşayan, Zemfira Hacıəli qızı Xəlilovanın evinə gedib, onun qızı, əvvəllər mətbuat işçisi kimi münasibətdə olduğu, şairə Gülüş Xəlilovanın ünvanına nalayiq sözlər işlədərək, insident yaradıb. İnsident davaya çevrilib, A. Canıyev təhqiredici ifadələr işlədib və evə maddi ziyan vurub.

Bundan sonra A. Canıyev həmin kəndin “Sahib Əzzəman” məscidinin həyətinə gələrək, eyni adlı icmanın rəhbəri Mirbaba Tahirova qarşı nalayiq sözlər işlədib, məscidin şüşələrini və taxta şəbəkəni qırıb. A. Canıyev dini icma rəhbərinə bədən xəsarəti də yetirib. Hadisə yerinə çağırılmış polis əməkdaşları A. Canıyevi saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb, barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil A. Canıyevin həbsinin jurnalist fəaliyyəti ilə bağlı olmadığını deyib: “İnanırıq ki, Aydın Canıyev törətdiyi əmələ görə qanun qarşısında ədalətli cəzasını alacaq”.

Konfransda iştirak edən Mirbaba Tahirov bildirib ki, A. Canıyev dəfələrlə içkili vəziyyətdə onun yanına gələrək, pul tələb edib: “Mən bu məsələdə maddi ziyandan çox mənəvi zərbə aldım. Ona görə də hesab edirəm ki, məhkəmə bu məqamı da nəzərdə tutaraq hökm çıxaracaq”.

Lənkəran şəhər “Cümə” məscidinin axundu Hacı Sədi Axundzadə deyib ki, cənub bölgəsi dini qaydalar və ibadət yerlərinə münasibətə görə həmişə fərqlənib. Bu bölgədə məscid ərazisində kənar hərəkətlər etmək, söyüş söymək kimi hadisələr heç zaman baş verməyib: “Bizi maraqlandıran məsələnin mənəvi tərəfidir. Bu məqam məni daha çox narahat edir. İnanıram ki, ölkəmizdə insanlar belə halların qarşısını almaq üçün əllərindən gələni edəcəklər”.

Geri qayıt