Əsas Səhifə > Gündəm, Manşet > BİLƏSUVARDA SAHİBKARLARIN ETİRAZI GÖZLƏNİLİR

BİLƏSUVARDA SAHİBKARLARIN ETİRAZI GÖZLƏNİLİR


26-04-2013, 09:44
BİLƏSUVARDA SAHİBKARLARIN ETİRAZI GÖZLƏNİLİR
ONLAR İCRA BAŞÇISININ TİKDİRDİYİ “ÇİN SƏDDİNDƏN” NARAZI DÜŞÜBLƏR

DİA.AZ: - Biləsuvar rayonunda sahibkarlarla icra başçısı arasında ciddi narazılıq yaranmağa başlayıb. Hələ xeyli əvvəldən baş qaldırmış proses artıq ən pik həddə çatıb.

DİA.AZ-a rayondan verilən məlumata görə, icra başçısı Mahir Quliyev neçə müddətdir ki, rayonun mərkəzi küçəsi boyunca yerləşən evlər və dükanlar görünməsin deyə hasarlama işlərinə start verib. İndiyə qədər bunun üçün 5-6 milyon manat ayrıldığına dair məlumatlar var.

Əməkdaşımızla danışan sahibkarlar bildiriblər ki, bu hasar tikiləndən sonra əksər dükanlar hasarın arxa tərəfində qalır ki, bu da onların ticarətlərinə mane olur. Üstəlik, inşa olunan hasarların hündürlüyü 2,1 metrdir ki, bu da yolla gedənlərin həmin dükanı görə imkanını sıfra endirir.

Qeyd edək ki, bu hasar tikildikdən sonra hər bir dükanın qarşısına çıxmaq üçün yoldan ora giriş qoyulmalıdır. Amma Biləsuvarın icra başçısı bu giriş qapısı məsələsini özü üçün əsl qazanca çevirib. Belə ki, o və adamları sahibkarlara xəbər göndəriblər ki, hər dükan 250 manat pul verməsə, onların dükanlarının qarşısına giriş qoyulmayacaq.

Sahibkarlar deyirlər ki, bu açıq şəkildə özbaşınalıqdır və bunun qarşısını almaq üçün bir neçə dəfə rayon rəhbərliyinə etirazlarını çatdırıblar. Onlar bu şikayətlərinə məhəl qoyulmadığını deyərək, başqa yolları qalmadığını vurğulayırlar. Belə ki, onlar aksiya keçirəcəklərini deyirlər.

Onu da qeyd edək ki, anoloji problem magistral yol üstündə yerləşən başqa bir rayonda – Qaradağ rayonunda da yaşanmaqdadır. Belə ki, icra başçısı Süleyman Mikayılov magirstral yol boyunca əməlli-başlı “Çin Səddi”nin analoqunu yaradıb ki, bunun da nəticəsində nəinki ticarət obyektləri görünməz olub, hətta uşaq xəstəxanası, orta məktəb kimi mühüm ünvanlar da sakinlər üçün əlçatmaza çevrilib.

Geri qayıt