Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELŞAD ABDULLAYEVƏ HANSI EKSTRASENS DƏSTƏK VERİB?

ELŞAD ABDULLAYEVƏ HANSI EKSTRASENS DƏSTƏK VERİB?


25-04-2013, 09:08
ELŞAD ABDULLAYEVƏ HANSI EKSTRASENS DƏSTƏK VERİB?
İLHAM MİRZƏYEVİN FAL BİZNESİ

DİA.AZ: - Biz daim öz məqalələrimizdə xalqımızı ilk növbədə cəhalətə sürükləyən və bu yolla da daha böyük fəlakətlərə yol açan falçılığın geniş təbliğatına qarşı çıxaraq bir neçə tənqidi material dərc etmişdik. Müxtəlif informasiya portallarında, ən əsası isə bəzi televiziya kanallarında müəyyən şəxslərin ekstra qabiliyyətləri, reallaşmış öncəgörmələri və bir çox başqa bu kimi cəfəngiyyatların sürəkli təbliğ olunması məsələsinə toxunaraq belə bir fəaliyyətin aşkar neqativ fəsadlarını göstərməyə cəh etmişdik.

Həmçinin biz bu cür əla tərtib olunmuş təbliğat kampaniyasının mahiyyət etibarı ilə yüksək qazanclı falçılığın reklamından başqa bir şey olmadığını da xüsusi olaraq qeyd etmişdik. Başqa sözlə desək, bu gün biz cəmiyyətin üzvləri olan müəyyən vətəndaşların faktiki olaraq aldadılması, dolandırılması və pullarının aldatma yolu ilə alınması kimi ciddi hüquq pozuntuları ilə müşayiət olunan bir fəaliyyət növünün leqal marketinqi ilə üz-üzəyik. Lakin təəssüflər olsun ki, bu gün biz hamımız əksər hallarda anti-reklam xarakterli təbliğatın da subyektin xeyrinə işləməsi hallarına tez-tez rast gəlirik. Məhz bu baxımdan hesab edirik ki, cəmiyyətimizin müəyyən bir hissəsinin hələ də əfsuslar olsun ki, inanıb-güvəndiyi İlham Mirzəyevin bir vətəndaş, bir Azərbaycanlı olmasına rəğmən hansı ideyaların daşıyıcısı və təbliğatçısı olmasına da bəzi aydınlıqlar gətirmək istərdik.

DİA.AZ-a təqdim olunan məlumatlarda bildirilir ki, geniş tamaşaçı kütlələrinə daha çox astroloji fəaliyyəti və “Space” telekanalında yayımlanan “Etiraf” verilişinin aparıcısı kimi tanış olan İlham Mirzəyev bu gün sürəkli şəkildə falçılıq və baxıcılıqla məşğuldur. Qeyd olunur ki, ekstrasens hətta bu məqsədlə metronun “Gənclik” stansiyasının yaxınlığında beş mərtəbəli ofis binasını icarəyə də götürüb.

Təbii ki, belə bir ofisin icarə haqqını ödəmək üçün baxıcının xidmət tarifləri də müvafiq şəkildə müəyyənləşdirilib. Belə ki, bu gün İ.Mirzəyevin sadəcə qəbuluna düşmək üçün artıq 1000 manat ödəmək lazımdır. Amma əgər siz BDU-da dərs deyən elmlər namizədinin bəxtinizi açmasına ümid edirsinizsə, bu sizə daha 15 min manata qədər başa gələ bilər. Elə redaksiyamıza müraciət edən bir vətəndaş da anadangəlmə lal və kar olan övladının həm dilini, həm də qulaqlarını açmaq vədi müqabilində İlham Mirzəyevə 15 min manat verdiyini söyləyir.

Amma bu pulun müqabilində valideynin əldə etdiyi də təbii ki, ancaq quru vəd olub. Buna baxmayaraq məşhur astroloqun bu gün də müştəriləri kifayət qədərdir. Xüsusən də cadu-piti vasitəsilə populyarlıq əldə etmək, rəqiblərinin səsini batırmaq ümidində olan “ağıllı” şou-biznes nümayəndələri bu müştərilər arasında çoxluq təşkil edir. Amma məlumatlarda bu da qeyd olunur ki, əvvəllər İ.Mirzəyevin müştəriləri arasında siyasətçilərə də rast gəlmək olurdu. Misal kimi isə astroloqun bir vaxtlar Elşad Abdullayevin seçki kampaniyasında yaxından iştirak etdiyi göstərilir. Əlbəttə, bu iştirakın nəticəsi heç də gözlənilən nəticəni vermədi. Amma bu xırda detallar İlham müəllimin kefini poza bilməz.

Əsas odur ki, onun fəaliyyəti bu gün də çiçəklənir. Təkcə Bakı şəhərində malik olduğu bir neçə ev, Abşeron ərazisindəki bağlar və bir neçə kommersiya obyektləri də bu “çiçəklənmənin” əsas göstəriciləridir. Hərçənd bəzi mənbələr İlham Mirzəyevin “məhsuldar” fəaliyyətinin əsas göstəricisi kimi, onun İsveçrə banklarından birində malik olduğu hesabı diqqət mərkəzinə çəkməyə üstünlük verirlər... Hətta onun “Tale yolları” adlı restoranının qiyməti milyonla ölçülür. Bu sıraya başqa obyektləri də əlavə etmək olar.

Geri qayıt