Əsas Səhifə > Güney Press, Araşdırma > RÖVNƏQ ABDULLAYEVİN FUTBOL MANİYASI

RÖVNƏQ ABDULLAYEVİN FUTBOL MANİYASI


24-04-2013, 11:23
RÖVNƏQ ABDULLAYEVİN FUTBOL MANİYASI
"AZƏRİQAZ"DA 3 QIRMIZI KART ALANA İŞ YOXDUR

“Rövnəq Abdullayev AFFA-dakı qayda-qanunu ”Azəriqaz" Istehsalat Birliyinə gətirib. Bir aya yaxındır ki, işçilərə sarı və qırmızı kartlar tətbiq olunur. Üç dəfə qırmızı kart alan işçinin işdən çıxarılacağını deyirlər", - deyə “Azəriqaz”ın işçiləri “Azadlıq”a narahatlıqlarını çatdırıblar.
Qeyd edək ki, “Azəriqaz” Istehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyindədir. Bu qurumun prezidenti Rövnəq Abdullayev isə eyni zamanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbəridir.
Işçilərin sözlərinə görə, kartların hansı halda tətbiq olunacağı haqda rəhbərlikdən onlara məlumat verilməyib: “Bununla bağlı nə təlim keçiblər, nə də məlumat kitabçaları veriblər”.
Işçilər onlar üçün normal iş şəraitinin yaradılmasını, daha sonra onlara xəbərdarlıq kartlarının tətbiq edilməsini istəyirlər: “Əmək Məcəlləsinə görə, işçi üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri yaradılmalıdır. Amma idarə rəhbərləri bu qanunu dəfələrlə pozublar. Məsələn, Bakının qaz istismar sahələrində fəhlələr üçün yuyunmaq və geyim otaqları yoxdur. Mərkəzdə bir çox qaz tənzimləmə məntəqələri yer altında olduğundan yay, qış orada işləyən operatorlar topuğuna qədər su içində işləməli olurlar. Onlar quyuları təmizlədikdən sonra yuyunmağa belə yer tapmırlar”.
Işçilərin digər narahatlığı Heydər Əliyevin ad günü münasibətilə “Azəriqaz” IB də keçirilən iməciliklə bağlıdır. Işçilər üçün vurulan elanda yazılıb: “13-20-27.04.2013-cü il və 04.05.2013-cü il tarixlərində iməciliklə əlaqədar olaraq bütün işçilər saat 10:00 və 15:00-a qədər qəza dispetçer xidmətində olsunlar”. Onlar iməcilikdə könüllü şəkildə iştirak etmək istəmədiklərini, amma məcbur edildiklərini deyiblər: “Bəzi idarələrdə həqiqətən ağac əksələr də, bir çox idarələrdə sadəcə, adi iş günü keçirib camaatı pulsuz işlədirlər”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədriÿ Mirvari Qəhrəmanlı “Azadlıq”a deyib ki, “Azəriqaz” Istehsalat Birliyində qırmızı və sarı kartların tətbiqi əmək təhlükəsizliyinə görədir: “Xarici şirkətlərdəki kimi, bunlar da qadağalar tətbiq eləmək istəyirlər. Işçilər kartlarla bağlı maarifləndirilməyibsə, treninqlər keçməyibsə, qırmızı və sarı göstərişlərin nə olduğunu anlamırlarsa, bununla tanış olduqlarına dair hansısa sənədə qol çəkməyiblərsə, həmin vərəqələrin onlara göstərilməsi qanuna ziddir. Işçilərə xəbardar edilmədikləri halda, sarı və qırmızı vərəqələr göstərilməməlidir”.
M.Qəhrəmanlı qırmızı karta görə işçinin işdən azad edilməsini doğru saymır. O hesab edir ki, bunun üçün daxili təlimat olmalıdır.
Heydər Əliyevin ad günü münasibətilə keçirilən iməciliyə gəlincə, hüquq müdafiəçisi bunu qanunsuz hesab edir: “Dövlət Neft Şirkəti Əmək Məcəlləsinin 17-ci (məcburi əməyin qadağan edilməsi) və 107-ci (istirahət, bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi) maddələrini pozub. Dövlət Neft Şirkətinin tabeliyindəki idarə və müəssisələrdə çalışan bütün işçilər 5 maya qədər məcburi iməciliyə aparılır. Bu günlər üçün əməkhaqqı ödənilməyəcək. Hər şənbə günü işçiləri işdən çıxarırlar. Həmin iməcilikdə iştirak etməyənə hədə-qorxu gəlirlər. Istirahət günləri insanları iməciliyə cəlb etmək qeyri-qanunidir. Heydər Əliyev adına Neft Emalı Zavodunun işçiləri mənə müraciət ediblər ki, neçə ildir hər şənbə bizi işə çağırırlar. Əmək Məcəlləsinə görə, işəgötürən bu məsələyə görə məsuliyyət daşıyır”.
M.Qəhrəmanlı onu da qeyd edib ki, “Azəriqaz” Istehsalat Birliyində işçilərə lazımi iş şəraiti yaratmadıqlarına görə idarə rəhbərlərinin özlərinə qırmızı kart göstərmək lazımdır: “Azəriqaz”ın binasına, otaqlarına baxanda görürsən ki, bütün standartlara cavab verir. Bizdə rəis təyin olunan kimi, birinci öz şəraiti haqqında fikirləşir, işçinin şəraiti haqqında yox. Hər bir idarə müdirinin üç otağı var. Hər birinin hamam, tualeti ayrıdır. Işə təyin olunan müdir, öz xadiməsi və katibəsi ilə gəlir. Hər bir idarə müdirinin otağı prezident otağına oxşayır. Işçiyə qırmızı, sarı kart göstərən idarə rəhbərləri əvvəl işçi üçün normal şərait yaratmalıdır. Dövlət Neft Şirkətinin Təhlükəsizlik üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə fikirləşməlidir ki, işçilər üçün sağlam iş şəraiti yaratmayan idarə rəhbərlərinə qırmızı, sarı vərəqələr göstərməlidilər. Dövlət neft sektorunda ötən il 13 ölüm hadisəsi olub. Onların arasında “Azəriqaz”ın işçisi də var. Ölüm hadisələrinə görə nəinki onlara qırmızı və sarı kart göstərilməyib, hətta bir idarə rəhbəri və ya məmur da cəzalanmayıb".
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə “Azadlıq”a açıqlamasında bildirib ki, kartlar barədə bütün işçilər maarifləndirilib: “Baş direktor martda əmr verərək, kart sistemini tətbiq edib. Bu, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi normalarına riayət olunması, keyfiyyətə nəzarətin gücləndirilməsinə görə edilib. Iclaslar keçirilib, mühəndislərə məlumat verilib. Sarı və qırmızı kartlar fərqlənmə və xəbərdarlıq kartlarıdır. Onlar yanğın qaydaları təhlükəsizliyini pozan, işləyən zaman xüsusi geyim və mühafizə vasitələrindən istifadə etməyən şəxslərə tətbiq olunur. Bu, intizam tədbiri kimi tətbiq olunur. Bildiyimə görə, bu günə qədər heç kim qırmızı karta görə işdən çıxarılmayıb”.
A.Ağayev onu da qeyd edib ki, bütün işçilər üçün gigiyenik şərait yaradılıb: “Onlara şərait yaradılması ilə bağlı heç bir problem yoxdur. Kimsə hansı qaydaları pozub xəbərdarlıq alıbsa, onu başqa cür qələmə verməsin. Bütün işçilər üçün gigiyenik şərait yaradılıb, kim narazıdırsa, müraciət etsin, araşdıraq”.
Mətbuat katibi işçilərin məcburi olaraq iməciliyə göndərilməsini inkar edib. O deyib ki, bu, işçilərin öz iş yerlərinin təmizliyi üçün edilir: “Kimsə iməciliyə çıxmaq istəmirsə, müraciət eləsin”.
\ azadlıq.info \
Geri qayıt