Əsas Səhifə > Gündəm, Manşet > GİZLİ TEHRAN DANIŞIQLARI

GİZLİ TEHRAN DANIŞIQLARI


6-12-2011, 12:41
GİZLİ TEHRAN DANIŞIQLARI

ƏLİ HƏSƏNOV İRANDA TƏSLİMÇİ SÜLHƏ İMZA ATDI

BÜTÖV AZƏRBAYCANIN TƏBLİĞİ EFİRLƏRDƏN YIĞIŞDIRILIR; HİCAB MƏHBUSLARI ƏFV OLUNUR; AZƏRBAYCAN İRANIN VASSALLIĞINI QƏBUL EDİR

DİA.AZ: - Məlum olduğu kimi, dekabrın 5-də “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzov, Taleh Ələkbərov, Toğrul İsgəndərov və Məmməd Əsgərov azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov və Arif İsmayılov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onu da qeyd edək ki, bununla 2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan ictimai-siyasi fəalların sayı 40-a çatıb. Onların 20-si dini kəsimi təmsil edir. Daha əvvəl dini kəsimi təmsil edən 16 şəxs məhkum olunmuşdu:

ruhani Azər Cəbiyev - 2 il 6 ay;

ilahiyyatçı Həsən Məmmədov - 3 il 6 ay;

ruhani Fəxri İlyasov - 3 il 6 ay;

ruhani İlqar Musayev - 3 il;

Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov - 12 il;

AİP Astara rayon təşkilatının sədri Rufulla Axundzadə - 11 il 6 ay;

AİP sədrinin müavini Vaqif Abdullayev - 11 il;

Ruhani Fəramiz Abbasov - 11 il;

Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev - 10 il;

Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədov - 10 il;

hicab məhbusu Araz İsmayılov - 2 il 6 ay;

hicab məhbusu Nurani Məmmədov - 2 il;

hicab məhbusu Rüfət Miriyev - 2 il;

hicab məhbusu Mais Abdullayev - 1 il 6 ay;

hicab məhbusu Rəşad Vəliquliyev - 1 il 6 ay;

hicab məhbusu Tərlan İsmayılov - 1 il 6 ay.

Xatırladaq ki, dini kəsimin həbsi bu il yanvarın 2-də AİP Baş Məclisində partiya lideri Mövsüm Səmədovun çıxışından sonra başlayıb. Həmin çıxışında Mövsüm Səmədov məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və Azərbaycan xalqını “ayağa qalxmağa, zalım rejimə son qoymağa” çağırıb.

Qeyd edək ki, buna paralel olaraq İranın ayrı-ayrı siyasi və dini dairələri Azərbaycan üzərinə basqıları da gücləndirdilər. Paralel olaraq İranın xüsusi xidmət orqanlarının nəzarəti altında çalışan təbliğat vasitələrində də Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan prezidenti hədəfə alındı ki, nəhayətdə tərəflər danışıqlar masasına oturmalı oldu.

Əslində burada Azərbaycan geri çəkilən tərəf təsiri bağışladı. Amma buna rəğmən fars-molla rejimi ilə hesablaşmaq zorunda qalan rəsmi Bakıya Rusiyanın da təsir etdiyi söylənilir. Bu barədə redaksiyamıza çox ilginc faktlar daxil olub.

Belə ki, mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürülən məlumatlara görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İranla münasibətlərin yoluna qoyulmasına xidmət edən həlledici səfəri əslində Kremlin sifarişi əsasında baş tutub.

Bu barədə etibarlı qaynağın idda etdikləri: «Rusiya Azərbaycana əslində yardımçı rolunda çıxış edib. Və Azərbaycan İranla danışıqlar masasına oturub. Əli Həsənovun 3-4-5 dekabr tarixlərindəki danışıqlarının yekununda çox ciddi nəticələr əldə olunub. Doğrudur, bu nəticələrdən bəziləri ictimailəşdi. Amma əsas məqamları biz yaşayaraq görəcəyik».

Mənbəmiz bildirir ki, Əli Həsənov hal-hazırda həbsdə saxlanılan iranmeyilli şəxslərin azadlığa buraxılacağı barədə öhdəlik götürüb: «Bunun qarşılığında da İraın antiAzərbaycan fəaliyyəti dayandırılır. Və şərtlərə görə, hər iki ölkə bir-birinə qarşı təbliğat kampaniyasını da durdurur. Bundan əlavə, İran tərəfi rəsmi Bakını bütöv Azərbaycan mövzusunun efirlərdən yığışdırılmasına da razı salıb».

Mənbəmiz bildirir ki, fars-molla rejimi öz telekanallarında antiAzərbaycan təbliğatını onunla əsaslandırıb ki, Azərbaycan telekanallarında da İrana qarşı ərazi iddiası irəli sürülür: «Təbii ki, burada söhbət bütöv Azərbaycan ideyasının ayrı-ayrı kanallarımızda təbliğindən gedir. Artıq bu məsələdə əldə olunmuş razılığa görə, Azərbaycanın efir məkanında bütöv Azərbaycan ideyası təbliğ olunmayacaq».

Hicab məhbuslarının taleyinə gəlincə isə onlar da bu ilin 31 Dekyabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə imzalanacaq əfv fərmanı ilə azadlığa çıxacaq: «Dekabr ayının ya 27-si, ya da 26-sı əfv fərmanı imzalanacaq və bütün hicab məhbusları, eləcə də Mövsüm Səmədov əfv olunacaq. Bu barədə əli Həsənov İranda öhdəlik götürüb. Buna görə də hicab məhbusları barəsində Əli Həsənov hələ İrandaykən təcili şəkildə məhkəmə qərarı elan olundu».

Mənbəmiz onu da bildirirdi ki, bundan əlavə tərəflər arasında milli təhlükəsizlik mövzusunda çox ciddi anlaşmalar əldə olunub: «Hər halda, bu anlaşmaların geosiyasi anlamda Azərbaycanın əleyhinə çevrilmə ehtimalları çox yüksəkdir. Hətta bu anlaşmalardan xəbər tutacaq Qərb Azərbaycandahakimiyyət dəyişikliyinə qədər gedib çıxa bilər. Çünki məsələ bu qədər ciddidir».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt