Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVA VƏZİFƏ VERİLİBMİ?!

MİSİR MƏRDANOVA VƏZİFƏ VERİLİBMİ?!


22-04-2013, 08:27
MİSİR MƏRDANOVA VƏZİFƏ VERİLİBMİ?!
“DİREKTOR TƏYİN EDİLMƏSİLƏ BAĞLI DEYİLƏNLƏR ŞAYİƏDİR”

DİA.AZ: - Misir Mərdanovun təhsil naziri görəvindən götürülməsi haqqında mətbuatda məlumatlar getdikdən az sonra sosial şəbəkələrdə belə xəbər yayıldı ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutuna direktor təyin edilib. Sonradan yerli mətbuatda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinə istinadən belə bir təkzib yayıldı ki, onlarda bu barədə məlumat yoxdur: “Riyaziyyat və Mexanika İnstitutunun direktoru Akif Hacıyevdir və o, iş başındadır”. Yayılmış məlumata tanınmış təhsil eksperti Nadir İsrafilov münasibət bildirib. DİA.AZ olaraq onu oxucuların diqqətinə çatdırırıq.

“Hesab edirəm ki, bu, söz-söhbətdən başqa bir şey deyil. Çünki əvvəla, AMEA-nın institutlarına direktor təyinatı seçki əsasında aparılır. İkincisi, təkzibdə bildirildiyi kimi, hal-hazırda həmin institutun direktoru var və onun elmi titulu daha yüksəkdir. Belə ki, Misir Mərdanovdan fərqli olaraq, o, akademikdir. Nəhayət, üçüncüsü və ən başlıcası, Riyaziyyat və Mexanika İnstitutunda böyük alimlər ordusu var. Onlar heç zaman razı ola bilməzlər ki, 15 il elmdən uzaq düşmüş bir adam direktor gətirilsin. Mənə görə, belə bir hal baş verərsə, institut daxililndə böyük narazılıqlar yaranar.

Digər tərəfdən, Misir Mərdanov kimi dağıdıcı adamın ölkəmizdə riyaziyyat elminin flaqmanı sayılan instituta rəhbər təyin edilməsi, bu elmin tənəzzülünə gətirib çıxarar. Məcazi dildə desək, bu, o anlama gələr ki, Misir Mərdanov təhsilimizi yarıtdı, indi də keçib elmimizə”.

Geri qayıt