Əsas Səhifə > Partiya > "MƏN BU ŞURANIN"...

"MƏN BU ŞURANIN"...


19-04-2013, 11:24
"MƏN BU ŞURANIN"...
"MİLLİ ŞURANIN ADI SOVETLƏRİ XATIRLADIR"

Milli Şura ilə bağlı verilən anonslar özünü doğrultmur. Qeyd edək ki, aprelin 16-da Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov bir neçə aydır təklif etdiyi Milli Şuranın yaradılmasının anonsunu verib. O bildirib ki, yeni birlik aprelin sonu, mayın ilk günlərində öz işinə başlayacaq. Ancaq yeni yaranacaq birlik formalaşmamış fikir ayrılıqları ortaya çıxıb. Qurumda təmsil olunan partiyalar eyni mövqedən çıxış edə bilmədilər. Bunun səbəblərini siyasilərdən soruşduq.

Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, " Azərbaycan müxalifəti zaman-zaman bu cür birliklər yaratmaq təşəbbüsü göstərir. Ancaq onların bu istəkləri heç vaxt reallaşmayıb. Müxalifət gündəmdə qalmaq, özünə sosial dayaq tapmaq üçün bu cür şeylərə əl atır. Onların birliyi 2 şeyə görə alınmır. Birinci ona görə ki, müxalifətin xalqdan dəstəyi yoxdur. İkinci ona görə ki, bu insanların hamısı özünü birliyin əsas idarəedici fiquru kimi görür. Yaratdıqları birliklərdə birinci və ya ən pis halda ikinci adam olmaq istəyirlər. Onları cəmiyyətin problemləri maraqlandırmır. Ancaq özlərini düşünürlər. İddialar həddindən artıq olanda heç bir birlikdən söz gedə bilməz. Milli Şura kimi birlikləri yaratmaq üçün hələ çox cəhdlər edəcəklər, hamısı da uğursuzluğa düçar olacaq".

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, onlar bu cür birliklərin yaradılması təklifini dəstəkləyir: “Mən bu şuranın bəri başdan uğursuz olduğunu demək istəmirəm. Azərbaycanın aparıcı siyasi qüvvələri arasında müzakirələr gedir. Müsavat Partiyası olaraq bizim üçün prinsipial məsələlər var. Bu məsələlərdən çıxış edərək biz Milli Şuranın fəaliyyəti dəstəkləyirik".

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, siyasi institutların bir araya gəlməsi daha uğurlu ola bilər: “Ancaq burda söhbət fərdlərin birgə siyasi fəaliyyətindən gedir. İnstitusional siyasi fəaliyyəti daha düzgün və uğurlu sayıram". Birliyin adına diqqətçəkən Ümid rəhbəri bu sözün sovet dönəmini yada saldığını deyir: “Aydındır ki, söhbət birlik modelindən gedir. Bu birliyə isə müxalifət partiyaları illərdir çalışır, araşdırır, ancaq ortaya bir şey çıxara bilmir".

Geri qayıt