Əsas Səhifə > Ölkə, Manşet > ƏBÜLFƏS QARAYEVİN TURİZM ŞOUSU

ƏBÜLFƏS QARAYEVİN TURİZM ŞOUSU


5-12-2011, 15:30
ƏBÜLFƏS QARAYEVİN TURİZM ŞOUSU

MİLYONLARIN DÖVR ETDİYİ BU GƏLİRLİ SAHƏYƏ KİMLIR NƏZARƏT EDİR?

DİA.AZ: - 2011-ci ilin sonuna çox az müddət qalıb. Bu il «Turizm ili» idi. Əslində, 2011-ci il «Turizm ili» elan edildikdə hamı sevindi ki, artıq bu il istədikləri yerdə rahat istirahət edə biləcəklər. Ölkə əhalisi Azərbaycanın səfalı yerlərində dincəlmək, gəzmək arzusunda idilər.

Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin sözlərinə inansaq, 2011-ci ildə bu sahədə bülbül gülü, gül də bülbülü çağırmalı, turizm sahələrində inkişaf çiçək kimi açıb, gül kimi solmalıdır. Əlbəttə, bütün bunlar Nazirliyin kollegiya iclaslarındakı ənənəvi, kommunistsayağı çıxış və hesabatlardan sitat gətirilən sözlərdir. Əslində isə, reallıq başqadır. Məsələ burasındadır ki, qədim tarixi guşələri, əyləncəli, gözəl, yaraşıqlı istirahət məkanları ilə seçilən ölkələrdə turistlər üçün qiymət xərcləri Azərbaycandan qat-qat ucuzdur.

Bu il Bodrumda bir nəfər üçün 1 həftəlik istirahətin məzənnəsi 300, Antaliyada isə 400 manata idi. Bu istirahət paketinin içinə bütün nəqliyyat xərcləri, üçulduzlu hotel və gündə 3 dəfə yemək də daxil idi. Bodrumda əgər iki nəfər istirahətə gedirdisə, bir həftəyə 600 manat dəyərində üçulduzlu oteldə, gündə 3 dəfə yeməklə gözəl istirahət edə bilmişdi.

İstanbulda bir gün qalmaq istəyən turist otelə 30-50 dollar xərcləmişdi. Qeyd edək ki, qonşu Türkiyədə hətta imkansız ailələr də aldıqları məvacib və təqaüdlə Türkiyənin istənilən yerində istirahət edə biliblər. Amma 2011-ci il Türkiyədə «Turizm ili» deyildi.

Maraqlıdır ki, «Turizm ili»ndə nədənsə ölkə vətəndaşları Azərbaycanda istirahət etməkdən çox, Gürcüstanın Batumi şəhərinə də üstünlük vermişdilər. Buna səbəb isə orada bir həftəlik istirahətin məzənnəsinin 300-350 manat civarında olması idi. Qara dəniz sahili, 3 ulduzlu hotel, nəqliyyat xərcləri, yemək və gözəl istirahətin hamısı bu 350 manatın içində insanlara xoş istirahət vəd edirdi. Nə Türkiyə, nə də Gürcüstan 2011-ci ili «Turizm ili» kimi qeyd etmədilər. Azərbaycanda isə 2011-ci il «Turizm ili» idi.

«Turizm ili» olmasına baxmayaraq, Azərbaycanda istirahətin məzənnəsi Bodrumdan da, Antaliyadan da, Quş adasından da baha idi. Nabranda bir həftəlik istirahət 315 manata başa gəlirdi. Qax, Zaqatala, Şəki, Quba, İsmayıllıda elə indinin özündə elə istirahət evləri və otelləri var ki, oranın bir günlük məzənnəsi 150-300 manat civarındadır. rayonlarda kotteclərin bir günü 50-150 manat arası dəyişir ki, bu məzənnəyə yemək daxil deyildi.

250 manat məvacib alan orta məktəb müəlliminə, 150-200 manat maaşı alan həkimə, 300-500 manat əmək haqqısı olan ali məktəb müəlliminə nə «Turizm ili»?


Geri qayıt