Əsas Səhifə > Gündəm, Manşet > «QIZILDAŞ»DA YENİ KARXANA SAVAŞI BAŞLAYIR

«QIZILDAŞ»DA YENİ KARXANA SAVAŞI BAŞLAYIR


19-04-2013, 08:57
«QIZILDAŞ»DA YENİ KARXANA SAVAŞI BAŞLAYIR
DÜNƏN BAŞ VERƏN CİNAYƏT HADİSƏSİ NƏDƏN RƏSMƏN QEYDƏ ALINMAYIB?

DİA.AZ: - İllərdir ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanaları bir çox mafioz qruplaşmaların əsas qazanc yerinə çevrilib. Belə ki, bu istiqamətdə müşahidə olunan özbaşınalıq səbəbindən bu gün karxana sahiblərinin bir-birilərinin ərazilərini zəbt etmələri, qoşun yığaraq bir-biriləri ilə dava aparmaları adi hala çevrilib. Bir sözlə, Azərbaycan dövlətinin qanunlarının işləmədiyi bu karxanalar hər birinin arxasında hansısa məmurun dayandığı bir qrup işbaz üçün böyük qazanc mənbəyidir. Kimsənin təsəvvür edə bilməyəcəyi həddə…

Elə buna görədir ki, Qaradağdakı daş karxanaları az qala kriminal məkana çevrilib. Sanki bir cəbhə bölgəsidir. Gücü yetən qarşısındakını əzir. Kimin haqlı olub-olmadığın isə müəyyən etmək çox çətindir. Çünki əllərindəki böyük pulların və arxalarındakı himayədarlarının hesabına hər bir tərəf məhkəmə yolu ilə öz marağına uyğun qərarı çıxarıb və əlində MƏHKƏMƏ QƏRARI ilə niyyətini həyata keçirir. Yəni zəbt etmək istədiyi karxana ərazisinə hücum çəkir və yaxud da zəbt olunmuş ərazisini «işğaldan azad etməyə» çalışır. Beləcə Qaradağdakı karxanalar hər gün döyüş meydanını xatırladır.

DİA.AZ bildirir ki, dünən də belə bir faciəli hadisə yaşandı və iş o həddə çatdı ki, hücum edən qruplardan birinin dəstə başçısı digər karxana sahibinin fəhlələrinin üzərinə maşın sürdü. Hadisə nəticəsində iki fəhlə xəsarət alıb. Dünən Qaradağ rayonundakı Qızıldaş karxanasında baş verən bu olay zamanı xəsarət alan fəhlələrdən biri - Əlövsət İbrahimov mətbuata danışaraq bildirdi ki, hətta qarşı tərəfin yanında vəkil və məhkəmə qərarlarının icrası ilə əlaqədar nümayəndə də olub. Yəni bu halda belə Ağa adlı şəxs fəhlələrin üzərinə maşın sürdürüb. Maşını isə Vasif adlı şəxsin sürdüyü deyilir. Yəni artıq cinayətin təfərrüatı da bəllidir, cinayətkarın kimliyi də, amma kimsə həbs olunmayıb. Heç hadisənin rəsmiləşmədiyi də bildirilir.

Onu da qeyd edək ki, DİA.AZ-a Qızıldaş karxanasında baş verən hadisələrin şok təfərrüatının əks olunduğu faktlar daxil olub. Və bu işdə hansı nüfuzlu məmurun, hansı deputatın, hansı keçmiş məhbusun iştirakçı olması ilə bağlı bilgilərimizi yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt