Əsas Səhifə > Ölkə > TİKİNTİ İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİRİLİR

TİKİNTİ İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİRİLİR


5-12-2011, 14:25
TİKİNTİ İLƏ BAĞLI QAYDALAR DƏYİŞDİRİLİR

BUNUNLA BAĞLI QANUN LAYİHƏSİ HAZIRLANIB

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bazar ertəsi Trend-ə bildirib ki, məcəllənin layihəsi tam hazırdır, almaniyalı və litvalı ekspertlərlə razılaşdırılıb.

Qanun layihəsinin dekabrda parlamentdə birinci oxunuşa çıxarılması nəzərdə tutulub.

Kərimov bildirib ki, layihədə ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatım imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib. Tikintiyə icazə icraatında ictimai maraqları təmsil edən qurumların dinlənilməsi, tikinti fəaliyyətinin maraqlarına toxuna biləcəyi ehtimal olunacaq şəxslərin icraata cəlb edilib dinlənilməsi də nəzərdə tutulur

MM rəsmisi qeyd edib ki, layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun "vahid pəncərə" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.

"Layihədə bu fəaliyyətin konkret hansı quruma həvalə olunacağı müəyyən edilməyib. Məcəllənin qəbulundan sonra bu fəaliyyət prezidentin sərəncamı ilə konkret quruma həvalə olunacaq", - o deyib.

Kərimov qeyd edib ki, tikintiyə icazə 3 parametr üzrə yoxlamalardan sonra veriləcək.

Təqdim olunan layihənin tikinti hüquq normalarına uyğun olması, maraqlı qurumların və şəxslərin dinlənilməsi və yekunda tikintiyə icazə ilə bağlı qərarın qəbulu.

Onun sözlərinə görə, fərdi yaşayış evləri ilə bağlı icazə icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub.

"Hündürlüyü 3 mərtəbədən, 12 metrdən artıq olmayan fərdi yaşayış evlərinə icazə deyil, məlumatlandırma icraatı tətbiq olunacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs tikinti niyyəti ilə bağlı tikinti obyektinin layihəsini qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən layihəçi tərəfindən layihələndirilməsini təmin etməlidir. Ondan sonra həmin fərdi yaşayış evinin tikintisi barədə niyyəti haqqında müvafiq icra hakimiyyəti orqanına-tikintiyə icazə verən quruma məlumat verməli, layihəni təqdim etməlidir. Həmin qurum da bu layihə ilə bağlı 1 ay ərzində irad və təkliflərini bildirməzsə, şəxs heç bir icazə almadan tikintiyə başlaya bilər. Əgər tikintiyə icazə verən qurumun irad və təklifləri olarsa, şəxs onları mütləq nəzərə almalıdır. Bu irad və təkliflər də tikinti hüquq normalarına, şəhərsalmanın sənədlərinə əsaslanmalıdır", - Kərimov deyib.

Şöbənin müdir müavini bildirib ki, indiyədək müvafiq icazə alınmadan tikilmiş fərdi yaşayış evləri ilə bağlı Məcəllədə keçid müddəlar olacaq və müvafiq normativ hüquqi aktlarda bu məsələlər tənzimlənəcək.

"Bu məcəllənin tələbləri nəzərə alınmaqla, tikinti hüquq normalarına uyğun olan, təhlükəsizlik baxımından tələblərə cavab verən evlərin sənədləşdirlməsi ilə bağlı müəyyən müddəalar nəzərdə tutula bilər", - Kərimov deyib.

Məcəllənin layihəsi 3 bölmədən ibarətdir.

Birinci bölməyə tikinti və şəhərsalma üzrə ümumi müddəalar, prinsiplər, tikinti və şəhərsalma fəaliyyətini tənzimləyən normativ texniki sənədlər sistemi və vahid informasiya təminatı sistemi, şəhərsalma və tikinti fəaliyyəti istiqamətində dövlət siyasətinin əsas istiqamətləri daxildir.

İkinci bölmə şəhərsalma fəaliyyəti ilə bağlıdır, Azərbaycanın ərazi planlaşdırılmasının həyata keçirilməsi, ərazi planlaşdırılmasının sənədlərinin tərtib olunması, planlaşdırmanın növləri, həyata keçirən qurumlar, planlaşdırmanın məqsədi, planların məzmunu və s. barədə müddəalar bu bölmədə yer alıb.

Üçüncü bölmə tikinti fəaliyyəti ilə bağlı prosesləri tənzimləyir. Bölmədə tikintiyə icazədən tutmuş, tikintinin istismarına qədər bütün prosesləri tənzimləyən normalar nəzərdə tutulur.

Geri qayıt