Əsas Səhifə > Gündəm, Manşet > SİYASİ MƏHBUSLAR ÜÇÜN ŞAD XƏBƏR

SİYASİ MƏHBUSLAR ÜÇÜN ŞAD XƏBƏR


5-12-2011, 12:59
SİYASİ MƏHBUSLAR ÜÇÜN ŞAD XƏBƏR

BU HƏFTƏ ƏFV KOMİSSİYASI TOPLANA BİLƏR

DİA.AZ: - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanının imzalanacağı barədə məlumatlar təsdiqlənmək üzərədir. Artıq bu barədə mətbuata açıqlama verən hüquq-müdafiə sektorunun nümayəndələri də bildirirlər ki, onlar öz təkliflərini müvafiq instansiyalara göndəriblər. Gələn məlumatlardan o da aydın olur ki, məsələ ciddidir və bu yöndə konkret tədarüklər var.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) bilgiləndirən hökumət içindəki mötəbər qaynağın sözlərindən belə aydın olur ki, əfv komissyasının yaxın günlərə iclasının keçirilməsi də nəzərdə tutulub: «Ola bilsin ki, bu həftə və yaxud da uzağı gələn həftə əfv komissiyasının üzvləri bir araya gəlsinlər».

Mənbə bildirir ki, hələlik kimlərin əfv olunub-olunmayacağı məsələsi aydınlaşmayıb: «Amma 2 aprel məhbuslarının azadlığa çıxma ehtimalları çox yüksəkdir. Bu, həm də beynəlxalq təşkilatlarla rəsmi Bakı arasında əldə olunmuş anlaşma ilə də əsaslanan bir məsələdir».

Xatırladaq ki, keçən günlərdə Azərbaycan hakimiyyətinin Qərbə aid təşkilatlarla danışıqlar apardığı məlum olmuşdu və bildirilirdi ki, siyasi məhbuslar üzrə AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin Bakı səfərinə qədər bu problem həllini tapmalıdır. Yəni həbsxanalarda siyasi məhbuslar qalmamalıdır.

Məlumatlı mənbəmiz bildirir ki, əfv siyahısına adlarının salınması üçün edilən müraciətlərdə 2 aprel məhbusları olsa da, bu günlərdə korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmiş «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının adı yoxdur:

«Hələlik bu yöndə hüquq-müdafiə təşkilatları aktiv şəkildə fəaliyyət göstərir. Amma baş redaktor barəsində yalnız həbs-qəti imkan tədbiri ilə bağlı məhkəmə qərarının olması və onun irəli sürülən ittihamlar üzərə mühakimə olunmaması problemlərə nədən olub».

Amma buna baxmayaraq mənbəmiz bildirir ki, beynəlxalq qurumlar Əvəz Zeynallının da azadlığa buraxılmasında israr nümayiş etdirirlər: «Ola bilsin ki, baş redaktor bu yeni il ərəfəsində yox, bayramdan sonra əfv olunsun. Yəni «Avroviziya-2012» mahnı yarışmasına qədər».

Xatırladaq ki, keçən günlərdə «Avroviziya» beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılarının rəsmi Bakıya iradlarını çatdırması barədə məlumatlar vermişdik və bildirmişdik ki, təşkilatçılar belə bir mühüm yarışmaya ev sahibliyi edəcək ölkədə siyasi məhbus probleminin qalmasını arzuolunan hesab etmirlər və hətta azərbaycan qarşısında şərt kimi irəli sürürlər. Ona görə də, Əvəz Zeynallının da bir vicdan məhbusu olmasını nəzərə alaraq, onun da sözügedən müsabiqəyə qədər azadlıqda olacağını söyləmək mümkündür.


Geri qayıt