Əsas Səhifə > Ölkə > MİLLİ PARKDA “AVROVİZİYA” SÖKHASÖKÜ

MİLLİ PARKDA “AVROVİZİYA” SÖKHASÖKÜ


4-12-2011, 16:43
MİLLİ PARKDA “AVROVİZİYA” SÖKHASÖKÜ

BULVAR YENİDƏN TƏMİRƏ BAĞLANDI

Bu gün dənizkənarı Milli Park yenidən təmirə bağlanıb. “Azneft” dairəsindən Kukla teatrına doğru uzanan yola təzəcə döşənmiş daş piltələr sökülüb. Bulvarın Qız qalası ilə üzbəüz hissəsində isə ekskavatorlar dərin quyular qazıblar. Bu gün məsələ ilə bağlı Bulvarda olub işlərlə maraqlandıq. İş icraçıları musavat.com-a açıqlamalarında bildirdilər ki, təmir işləri “Eurovision”la əlaqədardır. Yola döşənən yeni daş piltələrin niyə görə söküldüyü sualımıza isə iş icraçısı Məmməd Əliyev adlı şəxsin cavabı “bizə deyiblər sökün, bizdə sökürük” kimi oldu.

Qeyd edək ki, təmit-tikinti işləri ilə bağlı Bulvarın “Azneft” meydanından Kukla teatrına kimi olan hissəsi gediş-gəlişə bağlanıb. Bu isə öz növbəsində ən çox paytaxt sakinlərini narahat edir. Onların sözlərinə görə təzəcə təmirdən çıxmış Bulvarı başdan-sona kimi qazmaq, onsuzda yeni olan daş piltələri söküb yenisi ilə əvəzləmək dövlət büdcəsindən pul qopartmaqdan başqa bir şey deyil.

Dənizkənarı Milli Bulvar İdarəsi isə deyilənlərlə razılaşmır. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə aparılan işlər qış mövsümü və “Eurovision”la bağlıdır. Onun sözlərinə görə dekabrın əvvəllərindən təbii buz meydançasının quraşdırılmasına başlanılacaq: “Əgər soyuqlar belə davam etsə, ötən ildən fərqli olaraq, bu il təbii buz meydançası dekabrın 15-dən istifadəyə verilə bilər. Təbii buz meydançası bir yerdə, Azneft meydanında, təxminən Venesiya su şəhərciyinin yanında olacaq”.

Bulvar İdarəsinin rəsmisi onu da bildirib ki, “Eurovision 2012” mahnı müsabiqəsinə qədər Bulvar artıq 4 kilometr yox, 7 kilometr olacaq. Bakı İdman Sarayından Dövlət Bayraq Meydanına qədər olan ərazi artıq genişləndirilib və hazırda abadlıq işləri görülür. Bura təxminən mart ayından əhalinin ixtiyarına veriləcək.

N.Məcidovun sözlərinə görə, görülən işlərdən biri də, bulvar ərazisində 6 yerdə piyada keçdilərin tikilməsidir.

Bulvar İdarəsinin rəsmisi görülən işlərdə müəyyən qüsurların da olduğunu bildirib. Bulvar ərazisində təmir-bərpa işləri zamanı bəzi yerlərdə əlillərin hərəkəti nəzərə alınmayıb. Harada ki, əlillərin getməsi üçün şərait yaradılmayıbsa, bu işlərə bir də baxılacaq.

N.Məcidov onu da bildirib ki, bir neçə aydan sonra Dənizkənarı Bulvar İdarəsinin əlavə gəmiləri də xidmət göstərəcək. Hazırda isə bulvarda 4 gəmi - Xəzər Dəniz Gəmiçiliyinin 2 gəmisi, Bakı Beynəlxalq Dəniz Ticarəti İdarəsinin 2 gəmisi sərnişinlərə xidmət göstərir.

Bulvar ərazisində yeniliklərdən biri də təhlükəsizlik sisteminin təkmilləşdirilməsilə bağlıdır. Belə ki, təxminən 8 yerdə nəzarət kameraları quraşdırılıb. “Eurovision”la əlaqədar bu kameraların sayı artırılacaq.

Təhlükəsizliklə bağlı yeniliklərdən biri də Bulvar İdarəsinin xüsusi mühafizə xidməti işçilərinin təlimlərə başlamasıdır. Belə ki, 70-ə yaxın əməkdaşdan 30-u “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar ingilis dili kurslarına yazılıb. Onlar sadə danışıq dilini öyrənirlər.

musavat.com


Geri qayıt