Əsas Səhifə > Siyasət, Manşet > İRANIN AŞURA TƏXRİBATI

İRANIN AŞURA TƏXRİBATI


4-12-2011, 13:56
İRANIN AŞURA TƏXRİBATI

HƏMİN GÜN BAKIDA HƏR ŞEY OLA BİLƏR

DİA.AZ: - Mütəmadi olaraq, anonsu verilən qorxu artıq bütün çılpaqlığı ilə özünü göstərməkdədir. Azərbaycanda dini radikalizmi, İran və digər xarici ölkələrdən himayə olunan cərəyanların fəaliyyəti nəinki açıq müstəviyə keçib hətta Rafiq Tağının ölümü, ardınca iranlı Ayətullahın hədyan çıxışı zərərli dini xətlərin Azərbaycan dövlətçiliyinə meydan oxuyacaq dərəcədə yüksəldiyini ortaya qoydu. Amma buna qədər də ardıcıl şəkildə keçirilən «Hicab aksiyaları» ölkədə ciddi bir qüvvənin formalaşmasından xəbər verirdi.

Hicabın orta məktəblərdə qadağan olunmasına etiraz edən yüzlərlə vətəndaşın ölkəmizdə son illərin ən izdihamlı etiraz aksiyası keçirməsi əslində, bir çox mətləblərin üstünə işıq salır. Siyasi müxalifət və partiyalar sıradan çıxarıldıqdan sonra ilk dəfə dindar kəsim bir qüvvə olaraq ortaya çıxdığını və yaranmaqda olduğunu nümayiş etdirdi. Əslində, hakimiyyətin apardığı yanlış siyasətin məhz belə bir sonluqla yekunlaşması gözlənilən idi. İctimai müqavimətin qırıldığı, siyasi müxalifətin tamamilə sıradan çıxarıldığı bir ərəfədə radikal dini kəsimin mübarizə meydanına atılacağı ekspertlər tərəfindən də proqnozlaşdırılırdı. Baş verənlər həmin proqnozların nə qədər real olduğunu təsdiqləməklə yanaşı, dinçi kəsimin böyük elektorata sahib olduğunu da göstərdi.

Redaksiyamıza ölkədəki, dini qruplaşmaların taktiki fəaliyyəti və iş üslubları haqda maraqlı məlumatlar daxil olub. Son vaxtlar artan templə davam edən dini radikalizm haqda danışan mənbə bu prosesdə daha çox İrana bağlı şiə məzhəbindən olan kəsimin aktivlik göstərdiyini bildirir: «Aydın məsələdir ki, Azərbaycanda fəaliyyət göstərən dini təriqətlər arasında ciddi fikir ayrılıqları, ixtilaflar, bir-birlərini qəbul etməmək kimi real mənzərə var. «Hicab aksiyaları» və sonrakı prosesdə əsas hərəkatverici qüvvə şiə təriqətinə məxsus olan inanclı insanlar olublar. Maraqlıdır ki, bu aksiyalarda vəhhabi kimi tanınan dini təriqətin nümayəndələri iştirak etməyiblər. Güman ki, bu bir müddət əvvəl hakimiyyət tərəfindən aparılan «vəhabi ovu»nun nəticəsi olaraq bu təriqətin nümayəndələrinin hakimiyyətlə məsafə saxlaması, ehtiyyat tədbirləri görməsi ilə bağlıdır.»

Mənbəmiz dini zəmində keçirilən aksiyaların qəfil baş tutması, hətta bəzən polisin belə bu aksiyalardan əvvəldən xəbərdar olmaması ilə bağlı da maraqlı məqamlara toxundu: «Bu aksiyalarla bağlı ən maraqlı nüans isə onun necə təşkil edilməsi, aksiyaya az müddət ərzində yüzlərlə insanın necə toplanması məsələsidir. Məsələn, xatırlayırsınızsa ilk hicab aksiyası nazir Misir Mərdanovun hicablı xanımların orta və ali məktəblərə buraxılmayacağı haqda bəyanatından çox az sonra təşkil edildi. Bu o qədər ani baş vermişdi ki, hətta polis nə edəcəyini bilmirdi. Bununla da əməlli başlı mitinq alındı. Dinçilər belə aksiyaları ictimai şəkildə elan etmirlər, yalnız öz aralarında xəbərləşirlər. Aksiya ilə bağlı qərar verildikdən sonra bəlli olmayan ünvanlardan hər bir «din qardaşları»na mesajlar və vebmesajlar göndərilir. Bu mesajlarda isə aksiyanın harada və nə səbəbdən keçirildiyi və şəxsin ora dəvət edildiyi öz əksini tapır. Beləliklə də az bir zaman içərisində 1 adam on adama, 10 adam yüzə, 100 adam isə minə çevrilir. İndi bir məqam unudulmamalıdır ki, yalnız bir mesajla Bakının mərkəzinə minə yaxın dindar toplaşa bilibsə, heç şübhəsiz ki, xarizmatik bir dini liderin rəhbərliyi altında 10 minlərlə dindarın bir araya gəlməsi məntiqi baxımdan qaçılmazdır.» Xatırladaq ki, sabah, dekabrın 6-da ölkə məscidlərində Aşura günü qeyd ediləcək. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə məscidlərdə insanların öz səhhətlərinə ziyan verəcək tədbirlərə əl atmaması əksinə, həmin gün qanvermə kampaniyasında aktiv iştirak etməsi tövsiyyə olunub. Ancaq son zamanlar dini məzmunda təşkil edilən aksiyalar göstərdi ki, hər an hər şey ola bilər. İranın bir başa diktəsi və sifarişi altında həyata keçirilən aksiyaları islam inqlabıının ayaq səsləri də adlandırmaq olar. Bu səsləri isə hər kəsin eşitməsi və prosesin təhlükəli məcrada inkişaf etməməsi üçün tədbirlər görməsi vacibdir, xüsusilə də Azərbaycan rəsmilərinin.


Geri qayıt