Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN ÖZBAŞINA QOYDUĞU TƏHSİL SİSTEMİ

MİSİR MƏRDANOVUN ÖZBAŞINA QOYDUĞU TƏHSİL SİSTEMİ


12-04-2013, 10:28
MİSİR MƏRDANOVUN ÖZBAŞINA QOYDUĞU TƏHSİL SİSTEMİ
ƏN ACINACAQLI DURUMLARDAN BİRİ SABİRABAD TƏHSİLİNİN BAŞINDADIR

DİA.AZ: - Bu gün rayon təhsil şöbələrinin fəaliyyətlərinin araşdırılması belə bir iddianı ortaya qoymağa əsas verir ki, Təhsil Nazirliyi bu struktur bölmələri üzərində olan nəzarəti itirmişdir. Təkcə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyatovun yarıtmaz fəaliyyətinə nazirliyin nümayiş etdirdiyi münasibət artıq bu fikri söyləməyə kifayət qədər əsas verir. Elman Bünyatovun özbaşnalıqları isə rayon ictimaiyyətinin haqlı narazılıqlarını son həddə çatdırıb.

Hələ bir müddət bundan öncə yerli sakinlərdən aldığımız məlumatlarda göstərilirdi ki, Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən Sabirabad rayon Təhsil Şöbəsində aparılan yoxlamalar nəticəsində E.Bünyatovun törətdiyi bir çox maliyyə maxinasiyalrı və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi halları üzə çıxarılıb. Şübhə bircə bu məqamla bağlı idi ki, Təhsil Nazirliyindəki himayədarları bu dəfə də cinayətkar məmurun müdafiəsinə durmağa qərar versələr, o zaman bu yoxlamanın nəticələri də sadəcə kağız üzərində qala bilər.

Etiraf edək ki, sabirabadlıların haqlı şübhələri tez bir zamanda təsdiq olundu. Daha çox təəccüb doğuran bir məqam da bundan ibarətdir ki, E.Bünyatovun hətta aşkar cinayət tərkibli əməlləri belə yerli hüquq-mühafizə orqanları tərəfindən ört-basdır olunur. Belə ki, hələ 2011-ci ildə redaksiyamıza daxil olmuş məlumata əsasən Elman Bünyatov Sabirabadın kənd məktəblərindən birində təhsil alan 9-cu sinif şagirdini zorlamağa cəhd göstərmişdi. Belə düşünmək olar ki, Sabirabadın hüquq-mühafizə orqanları rayonda bu kimi əxlaq pozğunluğu, zorakılıq və korrupsiya faktlarına o qədər adi baxırlar ki, hətta təqdim olunan məlumatlara əsasən ilkin araşdırmaların aparılmasına belə ehtiyac görmürlər.

DİA.AZ bildirir ki, ölkə mətbuatında Sabirabad RTŞ müdirinin meyilli olduğu bir çox digər qeyri-qanuni əməlləri də dəfələrlə ictimai müzakirəyə çıxarılmışdır. Belə ki, bir müddət əvvəl E.Bünyatovun qumar oyunlarına aludəçiliyi səbəbindən Sabirabad müəllimlərinin maaşsız qalmaları məsələsi də gündəmə gətirilmişdi.

Mövzuya dair dərc olunan materiallarda bildirilirdi: “Sabirabad rayonunda təhsil işçiləri yeni dərs ili başlayandan əmək haqqı almağa həsrət qalıb. Rayon təhsil şöbəsi müəllimlərin israrına baxmayaraq onlara maaşların gecikməsi ilə bağlı heç bir ağlabatan izahat vermir, heç bu yöndə maraqlı da görünmür. Bəzi mənbələr isə təhsil şöbəsinin müdiri Elman Bünyatovun müəllimlərin maaşını futbol qumarında uduzduğun söyləyirlər.” Əlaqədar instansiyalar həmişəki kimi RTŞ müdirinin bu əməllərini də görməməzliklə “yola verdilər”.

Bir müddət əvvəl isə Sabirabad Rayon Təhsil Şöbəsində keçən il həyata keçirilmiş iri maliyyə maxinasiyasına dair məlumatlar yenidən böyük səs-küyə səbəb oldu. Baş verənlər barədə mətbuatda yayımlanan xəbərlərdə bildirilirdi ki, bu gün Sabirabad RTŞ-də sözün əsil mənasında vəzifə lotereyası oynanılır. Belə ki, Qaragüney 1 saylı kənd orta məktəbinin direktoru vəzifədən azad olunduqdan sonra, Elman Bünyatov həmin məktəbə direktor təyin etmək üçün 5 nəfərin hərəsindən 6 min manat pul alıb. Bu adamlardan biri direktor olmalıdır, amma Elman müəllim onların hamısından pul götürüb.

Digər bir mənbənin verdiyi məlumatda isə göstərilmişdi ki, RTŞ müdirinin gördüyü işlərdən, tutduğu qanunsuz əməllərdən narazı olan bir qrup direktor və müəllim heyəti, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gəlməyə hazırlaşırlar: “Onların tələbi rayonun təhsilini yaman günə qoyan şəxsin fəaliyyətinin araşdırılmasıdır. Bu adam şöbə müdiri keçəndən təhsilimiz xoş gün görmür. Savadı olmayanlar müəllim, direktor qoyulur. Savadlı kadrları isə sıxışdırıb işdən çıxarırlar. Təhsilimiz bu insanın əlində məhv olmaq üzrədir...”

Hər halda bu faktların özü belə əlaqədar qurumların tədbir görməsi üçün yetərlidir. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt