Əsas Səhifə > Gündəm, Manşet > “AZERSUN” YERLİ BAZARDA NECƏ AT OYNADIR?

“AZERSUN” YERLİ BAZARDA NECƏ AT OYNADIR?


9-04-2013, 11:00
“AZERSUN” YERLİ BAZARDA NECƏ AT OYNADIR?
ABDOLBARİ GOZAL DÜKANLARA QİYMƏTİ DƏ KEYFİYYƏTİ DƏ DİQTƏ EDİR

DİA.AZ: - Son günlər ölkə mətbuatında yer alan “Azersun” bumundan sonra saytımıza bir-birindən maraqlı məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə “7gun.az” portalı məlumat yayıb.

Əsasən “Azersun”un iş prinsipini əhatə edən həmin məlumatlarda xüsusilə adıçəkilən şirkətin inhisarçılığından bəhs edilir. İddiaya görə müxtəlif məhsulların inhisarını əlində birləşdirən şirkət hazırda ticarət sisteminə yenilik tətbiq edib. Bu, məhsulun satışından əvvəl pulunun ödənməsi, üstəlik satış nöqtələrinin əlavə depozit ödəməsini tələb edən, ticarətin bütün prinsiplərinə zidd məcburiyyətdir.

Şirkətin məhsulları arasında qida sənayesinin əhəmiyyətli sahələrini əhatə etməyən məhsul demək olar ki yoxdur. Mətbuatda da dəfələrlə yer alan məlumatlara istinadən həmin məhsulların aşağı keyfiyyət səbəbindən münasib qiymətlərə təqdim olunması, əlavə olaraq da inhisar meyarı “Azersun”u ticarət nöqtələrinin vazkeçilməzi edir. Belə olan təqdirdə satış xəritəsini Azərbaycanın bütün rayon və kəndlərinə qədər böyüdə bilən şirkətin ticarətin əsas meyarı olan alıcı və satıcı arasında qarşılıqlı təlabatın ödənilməsi prinsipini pozur. Yəni ortada qarşılıqlı sövdələşmə deyil, məcburi satış yaranır ki, bu da öz növbəsində keyfiyyətin necələyi məsələsini istehsalçının maraq dairəsindən çıxarır. Başqa sözlə, hazırda “Azersun”un məhsullarını necə satacağına dair tərəddüdü olmadığından, keyfiyyətdən daha çox mənfəəti düşündüyü, bununla da Azərbaycan insanının qida təhlükəsizliyini risqə atdığı aydın şəkildə sezilir.

Bundan əlavə, şirkətin topdansatış müəssisələri ilə işləməməsi də maraqlı məqamdır. Şirkət buna rəsmi olaraq “dağıtımla özümüz məşğul oluruq” cavabını versə də, bu səbəbdən daha çox bəhanəyə bənzəyir. Əldə etdiyimiz məlumatlarda “Azersun”un iri, yaxud da xırda ticarət obyektlərin də heç də şəffaf satışla məşğul olmadığı bildirilir. İddiaya görə, şirkət marketlərə 2 hesab fakturası təqdim edir. Onlardan biri Vergilər Nazirliyindən alınan faktura, digəri isə vergi hesabatlarını məcburi etməyən sıradan “qaimə”dir. Vergi nömrəsi ilə sabitlənən hesab fakturasında satılam məhsulların bir qismi yazılır. Qara fakturada isə bütün məhsullar göstərilir və dükan da bu məhsullarla işləməyə məcbur edilir. Təbii ki, yuxarıda vurğuladığımız kimi inhisarçı şirkətin hər havasına oynamağa məcbur olan ticarət obyektləri bu tələbi də can-başla yerinə yetirmək məcburiyyətində qalırlar. Bu isə gəlirin külli miqdarda azaldılması, başqa sözlə isə vergidən yayınmaq deməkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt