Əsas Səhifə > Güney Press, Araşdırma > MİRŞAHİNDƏN RÜSTƏM İBRAHİMBƏYOVA AĞIR SÖZLƏR

MİRŞAHİNDƏN RÜSTƏM İBRAHİMBƏYOVA AĞIR SÖZLƏR


8-04-2013, 09:21
MİRŞAHİNDƏN RÜSTƏM İBRAHİMBƏYOVA AĞIR SÖZLƏR
DİA.AZ: - Dünən ANS-in tanınmış siması Mirşahin Ağayev Rüstəm İbrahimbəyovun Qarabağ münqaişəsilə bağlı sərsəm ifadələrinə kəskin reaksiyası ilə diqqətə gəldi. DİA.AZ olaraq həmin reaksiyanı "anspress" portalına istinadən diqqətinizə təqdim edirik:

"O balaca adam deyil. O sadəcə sıradan bir qələm sahibi deyil. O MDB, Gürcüstan, Latviya , Litva və Estoniyav kinomatoqraf İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Kinomatoqrafları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinomatoqrafik Elm və İncəsənət Akademiyasının üzvü, 40-dan artıq bədii və televiziya filmi ssenarisinin müəllifi Rüstəm İbrahimbəyovun özüdür. Onunla polemikadan sadə azərbaycanlının nəinki qalib çıxması, hətta ümumiyyətlə polemikaya girməsi çox çətin görünür. Ona görə yox ki, o həmişə haqlıdır. Bəlkə daha çox o səbəbdən ki, Rüstəm İbrahimbəyovun nüfuzu onun hətta doğru olmayan mülahizələrinə belə mötəbər forma verir. Yəni Rüstəm İbrahimbəyov hətta ağa qara desə belə, onun Azərbaycandakı opponentləri ağın ağ olduğunu beynəlxalq aləmdə sübut edərkən böyük çətinliklərlə üzləşirlər. Rüstəm İbrahimbəyovun Rusiyanın “Rosbalt” saytına verdiyi son müsahibə Azərbaycanda kinodramaturq üçün yeni irad və ittihamlar dalğası yaradıb. Hiss olunur ki, bu müsahibə şifahi aparılmayıb və dərhal nəzərə çarpır ki, suallar və cavablar üzərində ciddi işlənib. Bu, Rüstəmin sırf konyukturaya hesablanmış səthi, ənənvi diktafon intervülərindən ciddi fərqlənir. Akademik ağırlıqlar, intellekt paradı, masştablı mülahizələr, ümumiləşdirmələrlə zəngin və konkret hədəfə hesablanaraq verilmiş müsahibədən görkəmli Rusiya-Sovet ziyalısı boylanır.

Məhz Rusiya-Sovet ziyalısı. Mən bununla dramaturqu qətiyyən aşağılmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Rüstəm müəllimin müsahibəsində öz vətənini tərk etmiş SSRİ qaçqınını, öz ana yurdu üçün darıxmış ziyalı didərgini görməmək mümkün deyil. Sovet İttifaqının qeyri-təbii yolla dağıldığını təəssüfdolu xiffətlə qeyd edən yazıçının bu hisslərinin səmimiyyətini şübhə altına almıram. Ola bilsin ki, kinodramaturq doğrudan da Böyük Sovet İttifaqısız qaldığını ağır keçirir. Bir az əvvəl sadaladığım nüfuz rütbələrini ona vermiş dövlət şübhəsiz ki ona çox əzizdir. Və elə buna görə də İbrahimbəyovun Qarabağın kimə məxsusluğu barədə tərəddüdlü mövqeyi anlaşılandır. Vahid dövlətdə ərazi iddialarını öz xeyrinə həll etməyin yalnız arzu edilmək həddində olduğu barədə düşünmək də onun bir sovet ziyalısı olaraq haqqıdır. Elə ədalətin bütün başqa mənəvi dəyərlərdən uca tutulmasını düşünmək də. Təbii ki, bu düşüncələr müstəqil Azərbayacan reallığından çox təhlükəli görünür. Amma hər kəsin öz vətəni var və İbrahimbəyov da öz vətənini qoruyur. Buna baxmayaraq, bəzi detallar da var ki, onlar indiki halında yumşaq desək, təhrifə uğrayır. Məsələn Rüstəm müəllimin xatırladığı vahid dövlətdə Ermənistanın Qarabağa olan ərazi iddiları arzular səviyyəsində proses deyildi. Qarabağ davası elə SSRİ vaxtında İbrahimbəyovun təbirincə desək, bizim vahid dövlətdə yaşadığımız zamanda başlamışdı. Mixail Qorbaçovun hər iki respublikanın xalqına sovet rəhbəri kimi etdiyi müraciətlərin stenoqramını çıxarmaq üçün istənilən kitabxanaya baş çəkmək olar. Elə Bakıda və İrəvanda ilk mitinqlərdə Ermənistan və Azərbaycan ədaləti vahid dövlətin rəhbərindən - SSRİ-nin başçısından gözləyirdi. İlk qurbanları da Azərbaycan elə məhz Sovet İttifaqının tərkib hissəsi olaraq vermişdi. Problemi həll etmək üçün Moskvanın yaratdığı Volski “Triumvirat”ı, Polyaniçkonun “Orqkomitet”i də Kremlin ideyası idi. Elə Rüstəm müəllim üçün nadir olan məntiqi sapma da bunu sübut edir. O özü etiraf edir ki, SSRİ-nin dağılmasına əsas təkanlardan biri Qarabağ hadisələri oldu. Bununla da yazıçı etiraf edir ki, Qarabağ problemi elə Sovet İttifaqının mirasıdır. O zaman Rüstəm müəllimin qapıldığı isti sovet nostalgiyası, vahid sovet dövlətinə olan səmimi oktyabryat etibarı öz əhəmiyyətini itirir.

Amma ən qəribəsi də budur ki, Rüstəm İbrahimbəyov bütün hallarda, hətta tam kapitulyasiya vəziyyətində belə məğlub kimi görünmür. Fərqi yoxdur qaralarla başlasın, ya da ağlarla. Bu məğlubolunmalığın səbəbini anlamaq çətin deyil.

Rüstəm İbrahimbəyov tanınma radiusunun, nüfuzunun ona verdiyi təbii və süni üstünlüklər hesabına uduzmur. Daha doğrusu, ona məğlubiyyət verilmir. Baxmayaraq ki, qarşı tərəfin, yəni Azərbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyü, Qarabağın əslində kimə məxsus olduğunu sübut edən etibarlı tarixi məxəzlər və nəhayət, ortada bu boyda Şəhidlər Xiyabanı var. Onda niyə Bakı təbliğatının uğurları yalnız öz meydançasını, öz dəstək qrupunu - Azərbaycanın içində yaşayanları əhatə edir. Əlbəttə, dövlət öz ideoloji xəttini qurmaqda sərbəstdir, bu işlə peşəkarlar məşğul olur. Amma, axı bu da göz qabağındadır ki, Azərbaycan son zamanlar ölkədən kənarda imicinə vurulan zərbələrə nədənsə ölkəda xilində cavab verməklə kifayətlənir, öz həqiqətlərini Allah bilir neçənci dəfə elə özünkülərə, bizim iç azərbaycanlılarımıza inandırmağa çalışır. İstər Əkrəm Əylislinin “Daş Yuxular” romanı, istərsə də Rüstəm İbrahimbəyovun müsahibələrində səslənən sarsıdıcı fikirlərə dərc olunmuş dildə və dərc edilən məkanda cavab verilmir. Əlbəttə mən bu bənzətmə ilə Azərbaycana sədaqət nümunəsi göstərmək fürsətindən bacardığı kimi istifadə edən məhəlli-muxtar ekspertlərin səmimiyyətini şübhə altına almıram. Amma onu da qeyd etmək istəyirəm ki, məsələn son müsahibəyə cavab vermək lazım idisə, Rüstəm İbrahimbəyovun qarşısına ən azı Anar boyda ziyalı ən azı Moskvada və ən azı “Rosbalt”da çıxmalı idi. Özü də plakat janrında deyil, fakt və arqumenlərlə. Qızğın hisslərlə yox, soyuq məntiqlə. Çünki bu gün dünyada əsas məsələ kimin doğru və ya yalan danışmasında deyil, doğrunu və ya yalanı kimin danışmasındadır. Çünki bəzən doğru olmayanı deyən kəsin nüfuzu doğru deyənin nüfuzunu tərksilah etdiyinə görə qarşı tərəfin həqiqəti inandırmır. Rüstəm İbrahimbəyov isə bizi də, bizim bu cənub şəhərimizi də və təbii ki, bu şəhərin sakinlərini də çoxumuzdan yaxşı tanıyır."

Geri qayıt