Əsas Səhifə > Hadisə, Manşet > HACIBALA ABUTALIBOVA TƏKRAR ETİMAD

HACIBALA ABUTALIBOVA TƏKRAR ETİMAD


2-12-2011, 14:06
HACIBALA ABUTALIBOVA TƏKRAR ETİMAD

«91-LƏR»İN SONUNCU NÜMAYƏNDƏSİ DAHA BÖYÜK VƏZİFƏYƏ GƏTİRİLİR

DİA.AZ: - Gedişi barədə mətbuatda dəfələrlə yazılan, lakin hələ də öz postunu qoruyan bu səbəbdən də «Ölməz Kaşey» adını alan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov son günlər hakim düşərgə içində yerini daha da möhkəmlədib. Bu barədə redaksiyamızı məlumatlandıran mötəbər mənbənin söylədiklərindən belə aydın olur ki, ilk əvvəl nəqliyyat naziri Ziya Məmmədovun əlindən asfalt biznesini alan, bunun ardından da Bayıl qəsəbəsindəki inşaat işlərini Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənovdan «çırpışdıran» Hacıbala Abutalıbov indi də böyük postlar uğrunda savaşa qalxıb.

Xatırladaq ki, nə zamandır baş nazir Artur Rəsizadənin də görəvdən alınaağı haqda fikirlər səslənir və bildirilir ki, bu post uğrunda çox ciddi oliqarxların mübarizəsi gedir. Hətta fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun da baş nazirlikdə gözünün olması barədə yerli mətbuatda müxtəlif bilgilər yer alıb. İndi isə bu sıraya Hacıbala Abutalıbovun da qoşulduğu bildirilir.

Qeyd edək ki, zamanında mərhum prezident Heydər Əiyev tərəfindən «YAP-ın qaymağı» adlandırılan məşhur «91-lər»in görəv başında olan sonuncu nümayəndəsi hesab olunan Hacıbala Abutalıbov əslində heç bir hakimiyyətiçi qruplaşmaya aid olmaması və prezidnt İlham Əliyevə sədaqətli olduğundan hər zaman etimada layiq görülüb. Bildirilir ki, məhz bu keyfiyyətləri səbəbindən Hacıbala Abutalıbov ən çətin situasiyalardan belə baş çıxara bilib. Həm də vəzifəsini qoruya bilib.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatlarda deyilir ki, Hacıbala Abutalıbov əslində prezident İlham Əiyevin komandasına düşməyə müvəffəq olmuş köhnə eşalon nümayəndələrindən biri kimi xarakterizə olunmalıdır: «Məlumdur ki, 2003-cü ildə prezident kürsüsünə yiyələn İlham Əiyev öz komandasını formalaşdırma yolunda intensiv olaraq addımlar atır. Milli Təhlükəsizlik Naziri, Maliyyə Naziri və digər nazirliklərdə, eləcə də Milli Məclisin rəhbərliyində dəyişiklik etməklə öz adamlarını görəv başına gətirən prezident eyni zamanda Nazirlər Kabinetində və Prezident administrasiyasında da məlum islahatları həyata keçirməkdə maraqlıdır».

Mənbəyə görə, Hacıbala Abutalıbov İlham Əliyevin etimad göstərdiyi əsas fiqurlardan biri olduğundan onu təkrar etimada layiq görülərək yeni postla mükafatlandırılması gözləniləndir: «Hacıbala Abutalıbov bu gün mətbuatda oliqarx-məmurlardan biri kimi diqqətə gəlməsə də, artıq onu da bu sferaya aid etmək olar. Əlində kifayət qədər imkanlar olan Bakı meri baş nazir postuna yiyələndikdən sonra isə daha cidi mövqelər əldə etmiş olacaq».

Mənbəmiz onu da bildirdi ki, Hacıbala Abutalıbovun baş nazir postuna təyin edilməsində prezident maraqlı olduğu kimi, digər iqtidariçi qruplaşmalar da bu yöndə hansısa formada müqavimətin göstərilməsinə çalışmayacaqlar: «Onlar da elə düşünürlər ki, Artur əsizadə kimi Hacıbala Abutalıbov da konfliktlərdən qaçacaq. Amma yanılırlar. Artur Rəsizadə əgər xaraktercə sakit adamdırsa, Hacıbala Abutalıbov bir zamanlar Bakıda apardığı radikal islahatları ilə də sübuta yetirib ki, o, gərəkən anda imkanlarını səfərbər edə və əzələ nümayişinə qədər gedib çıxa bilir».

Bu dəyişikliklərin nə zamana planlaşdırıldığına gəlincə isə, mənbəmiz qeyd etdi ki, hər şey gələn ilin əvvəlinə nəzərdə tutulub. Bəllidir ki, həmin ərəfədə eyni zamanda bir neçə rayonun da icra başçısının görəvdən alınması, həmçinin bir sıra struktur islahatlarının həyata keçirilməsi planlaşdırılır.


Geri qayıt