Əsas Səhifə > Cəmiyyət > TOYUQ MƏHSULLARI NİYƏ UCUZLAŞIR?
TOYUQ MƏHSULLARI NİYƏ UCUZLAŞIR?2-12-2011, 13:15 |
10 FAİZ UCUZLAŞMANIN SƏBƏBLƏRİ BARƏDƏ İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov “Media forum” saytına açıqlamasında bildirib ki, son günlər ölkədə toyuq əti və məhsulları ucuzlaşıb: “İyun-avqust aylarında ticarət obyektlərinə dondurulmamış (kəsilmiş) toyuq əti maksimum 3 manata, dondurulmuş toyuq əti isə maksimum 3 manat 40 qəpiyə satılırdısa, hazırda yuxarı qiymətlər 2 manat 70 qəpik və 3 manat 30 qəpikdir. Toyuq məhsullarının qiyməti təxminən 10 faiz azalıb. Qiymət azalmaları indiyə qədər kiçik və orta istehsal payına malik müəssisələrin məhsullarında özünü göstərirdi. Lakin dekabr ayının ilk günündən sektorun ən iri şirkəti olan “Siyəzən Broyler” də öz məhsullarının topdan satış qiymətlərində təxminən 10 faiz endirim edib”. Mütəxəssisin fikrincə, toyuq əti məhsullarının qiymətinin enməsi bazar şərtləri və mövsümi amillərlə birbaşa əlaqəlidir: “Qurban bayramı ilə bağlı noyabr ayında əhalinin gündəlik qida rasionunda xırda və iribuynuzlu heyvan əti daha çox olub. Nəticədə toyuq və toyuq əti məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşüb. Həmçinin balıq ovu mövsümünün başlaması ilə əlaqədar əhalinin ət məhsullarına olan tələbatının bir hissəsi də məhz balıq əti ilə əvəzlənib. Toyuq ətinin qiymətinə təsir edən əsas amillərdən digəri də bazarlarda kəskinləşmiş rəqabətdir. Mart-aprel aylarında bu sahədə yaranan ciddi problemlər istehsalın kəskin azalmasına səbəb olmuşdu. Nəticədə yay aylarında toyuq məhsullarının kəskin qıtlığı yaranmışdı. Sözsüz ki, yaranmış qıtlıq bazarlarda qiymətlərin artması ilə müşahidə olunurdu. Hazırda isə ölkə daxilində irili-xırdalı bütün növ toyuq fabriklərində istehsal tsikli bərpa olunub və uyğun olaraq təklif artıb. Bu da öz növbəsində bazarlarda kəskin rəqabətin yaranması, ucuzlaşma ilə özünü büruzə verir. Araşdırmalar göstərir ki, yeni il bayramı ilə əlaqədar toyuq məhsulları bazarında müəyyən qədər canlanma olacaq. Bununla belə aprel-may aylarına qədər qiymətlər indiki səviyyədən yuxarı olmayacaq”. Geri qayıt |