Əsas Səhifə > Sosial, Manşet > «LAÇIN» TİCARƏT MƏRKƏZİ BOŞ QALIB

«LAÇIN» TİCARƏT MƏRKƏZİ BOŞ QALIB


2-12-2011, 10:51
«LAÇIN» TİCARƏT MƏRKƏZİ BOŞ QALIB

RƏHBƏRLİK İSƏ İCARƏ QİYMƏTLƏRİNİ AŞAĞI SALMAQLA PROBLEMİ ÖNLƏMƏYƏ ÇALIŞIR

DİA.AZ: - Bugünlərdə «Laçın» ticarət mərkəzinin söküləcəyi və ərazidə yeni bir parkın salınacağı ilə bağlı yayılan xəbərlər adıçəkilən ticarət mərkəzində ciddi təşviş və narahatlığa səbəb olub. rəhbərliyin mövcud narahatlığın aradan qaldırılması istiqamətində ortaya qoyduğu bütün səylərə baxmayaraq, öz iş yerlərindən məhrum olacaqlarından narahatlıq keçirən satıcıların həyəcanı sovuşmuş deyil.

Bugünlərdə adıçəkilən ticarət mərkəzində yaşananlarla bağlı redaksiyamıza məlumat verən etibarlı mənbə, artıq satıcı kontingentinin böyük bir qisminin kənar ticarət mərkəzlərinə iş üçün müraciət etdiyini bildirib. Mənbənin sözlərinə görə, satıcıların çoxu aqibəti sual altında olan ticarət mərkəzində çalışmaqdansa, heç bir risk daşımayan alqı-satqı mərkəzlərində fəaliyyət göstərməyi daha məqsədəuyğun hesab edir: «Satıcıların fikrincə, hətta «Laçın» ticarət mərkəzi ilə bağlı deyilənlərdə həqiqət payı az da olsa, hər halda bu xəbərləri tamamilə reallıqdan uzaq hesab etmək olmaz. Od olmayan yerdən tüstü çıxmaz məsəlinin heç də nahaq olmadığını dilə gətirən satıcıların qənaətincə, indiki şəraitdə ən doğru addım başqa bir ticarət mərkəzində fəaliyyətə başlamaqdır. Onların sözlərinə görə, «Laçın» ticarət mərkəzinin söküləcəyi reallaşarsa, o zaman minlərlə təcrübəli satıcının iş axtarışına çıxdığı şəraitdə yeni iş yeri tapmaq olduqca çətin olacaq. Odur ki, artıq yüzlərlə satıcı ərazidəki digər ticarət mərkəzlərinə müraciət edərək, öz əmək fəaliyyətlərini bu obyektlərdə davam etdirmək arzularını ifadə edib».

Mənbənin bildirdiyinə görə, alqı-satqı mərkəzindəki mövcud durum ticarət mərkəzinin rəhbərliyini də ciddi şəkildə təşvişə salıb. Satıcıların kütləvi axınının qarşısını almaq üçün onlar arasında müəyyən təbliğat işləri aparan mərkəz rəhbərliyi, digər güzəştlərlə də, satıcıların gedişini əngəlləməyə çalışır. Bu məqsədlə ticarət mərkəzində istifadəyə verilən obyektlərdə icarə haqlarını aşağı salan rəhbərlik arendatorlara əlavə güzəştlər də vəd edib: «Ticarət mərkəzində «yarpaq tökümünün» sürətlə davam etdiyini görən rəhbərlik bunun qarşısını almaq üçün öz yaxın adamları vasitəsilə are ndatorlar və satıcılar arasında təbliğat işləri aparsa da, aparılan danışıqların səmərə verməməsi əlavə addımlar atılmasını zəruri edib. Arendator və satıcıları həvəsləndirmək məqsədilə icarə qiymətlərini obyektlərin ölçüsünə müvafiq şəkildə aşağı salan rəhbərlik, yaxın günlərdə həyata keçirəcəyi yeniliklərin də siyahısını açıqlayıb».

Mənbənin məlumatına görə, həyata keçiriləcəyi söylənilən yeniliklər arasında ən çox diqqəti cəlb edən bütün mərtəbələrdə istilik sistemlərinin quraşdırılması, habelə vergi orqanları ilə bağlı bütün problemlərin mərkəz rəhbərliyi tərəfindən həll ediləcəyi ilə bağlıdır: Laçın ticarət mərkəzinin rəhbərliyi satıcıların əmək fəaliyyətini yaxşılaşdırmaq, onların rahat bir ortamda fəaliyyət göstərməsini təmin etmək üçün ticarət mərkəzində istilik sistemlərinin quraşdırılacağını bildirib. rəhbərliyin sözlərinə görə, yeni sistemlər satıcılara qışın ən sərt aylarında belə yüngül yay geyimləri ilə fəaliyyətinə imkan verəcək. Bundan başqa, arendatorlarla vergi orqanları arasındakı problemlərin də rəhbərlik təırəfindən həll ediləcəyi açıqlanıb. Xatırladaq ki, paytaxt ərazisində fəaliyyət göstərən bir çox ticarət mərkəzlərindən fərqli olaraq, «Laçın» ticarət mərkəzində bütün arendatorlar vergilərlə bağlı məsələləri öz imkanları hesabına, fərdi şəkildə həll edir. Mərkəz rəhbəri obyekt sahiblərini bu problemdən də azad edəcəyini vəd etməklə ticarət mərkəzinin boşalmasının qarşısını almağa çalışır».

Mənbənin bildirdiyinə görə, «Laçın» ticarət mərkəzinin rəhbərliyini narahat edən ən başlıca məqamlardan biri, alqı-satqı mərkəzinin tərk edən və ya tərk etməyə hazırlaşan təcrübəli satıcıların əvəz edilməsinin çətinliyi ilə əlaqədardır: «Məsələ bundadır ki, «Laçın» ticarət mərkəzində çalışan satıcıların demək olar ki, tamamı uzun illərdir ki, bu mərkəzdə fəaliyyət göstərən satıcılardan ibarətdir ki, onların da hamısı zəngin təcrübəyə və peşə ustalığına malikdir. Odur ki, bu kadrların yoxluğunu iş axtarışında olan təcrübəsiz şəxslərin hesabına kompensasiya etmək mümkün deyil».

Verilən vədlərin reallaşıb-reallaşmadığına gəlincə, mənbə rəhbərlik tərəfindən elan edilən yeniliklərin heç birinin gerçəklikdə öz əksini tapmayacağını vurğuladı: «Rəhbərlik tərəfindən verilən vədlər sadəcə olaraq, ticarət mərkəzinin boşalmasının qarşısını almağa hesblandığı üçün söylənilənlərin əksinə olaraq reallaşmayacaq. Ola bilsin ki, guya böyük dəyişikliklərin başlanğıcı kimi hansısa əhəmiyyətsiz, kosmetik xarakterli dəyişikliklər həyata keçirilsin, lakin arendator və satıcıların maraqlarına əsaslı şəkildə cavab verən hər hansı bir yeniliyin tətbiq edilməyəcəyi şübhəsizdir».


Geri qayıt