Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRBAYCANI FƏHLƏ TƏTİLLƏRİ BÜRÜYƏ BİLƏR"

"AZƏRBAYCANI FƏHLƏ TƏTİLLƏRİ BÜRÜYƏ BİLƏR"


2-04-2013, 12:25
"AZƏRBAYCANI FƏHLƏ TƏTİLLƏRİ BÜRÜYƏ BİLƏR"
QHT RƏHBƏRİNDƏN XƏBƏRDARLIQ

“Fəhlələr tərəfindən həyata keçirilən etiraz aksiyalarının kökündə ölkənin sosial iqtisadi vəziyyətinin aşağı olması durur. Əmək haqlarının aşağı olması da bu proseslərə ciddi təsir göstərir. İnsanlarla əmək müqavilələri bağlamadan onları işə götürürlər.”

Bu sözləri FaktXeber.com-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son günlər Bakıda, Siyəzəndə və Qəbələdə fəhlələr tərəfindən keçirilən aksiyalara münasibət bildirərkən qeyd edib. Mirvari xanım onu da bildirdi ki, hazırda əmək müqaviləsi ilə işləyən fəhlələrin maaşları olduqca aşağıdır: ”İnsanlar da sosial durumunun aşağı olması səbəbindən aksiya keçirmək məcburiyyətində qalırlar. Təəssüf ki, aksiya və tətil edən fəhlələrin əksəriyyətinin səsləri boğulur. Belə ki, etiraz edən şəxsləri icra hakimiyyəti və hüquq mühafizə orqanları vasitəsilə susdurmağa çalışırlar. Halbuki Azərbaycan əmək məcəlləsində vardır ki, hər bir şəxs qrup şəklində tətil edə bilər. Eyni halda bu insanların səslərinin boğulma cəhdi heç də yaxşı nəticə verməyəcək. Fəhlələrin tələblərinin başqa yola yönəldilməsi heç bir halda yolverilməzdir. “

Problemlərin kökündə minimal əmək haqlarının, idarə və müəssisələrdə ikili mühasibatlığın durduğunu bildirən Mirvari xanım, “problemlərin həlli ilə aidiyyəti qurumlar, xüsusilə Əhalinin Sosial Müdafiə Nazirliyi vacib addımlar atmalıdır. Eyni halda Vergilər Nazirliyi və Əmək Müfəttişliyi əhalinin etirazlarına reaksiya verməlidir” , - deyə bildirdi: “Ölkə rəhbərliyi səviyyəsində də bu sahəyə maraq və təzyiq olmalıdır ki, insanların əmək haqlarına diqqət yetirilsin. Çünki xaos şəklində davam edən tətillər ölkəni bürüyə bilər. Hazırda bununla bağlı ölkədə kifayət qədər ciddi təhlükə var.”

Geri qayıt