Əsas Səhifə > Sosial, Manşet > XOCAVƏND SAKİNLƏRİ NƏDƏN ŞİKAYƏTÇİDİR?

XOCAVƏND SAKİNLƏRİ NƏDƏN ŞİKAYƏTÇİDİR?


2-04-2013, 11:05
XOCAVƏND SAKİNLƏRİ NƏDƏN ŞİKAYƏTÇİDİR?
İCRA BAŞÇISI VƏ YERLİ İDARƏ RƏHBƏRLƏRİ QAÇQIN AİLƏLƏRİ NARAZI SALIB

DİA.AZ: - Son vaxtlar redaksiyamıza Xocavənd rayonuna aid dövlət qurumlarında yer almış məmur özbaşınalıqları hallarının artmasına dair məlumatlar daxil olmaqdadır. Xüsusilə də rayonun Maliyyə və Təhsil şöbələrinin fəaliyyəti vətəndaşları daha çox narahat edir, müxtəlif səpgili narazılıqların yaranmasına əsas verir.

Onu da xatırladaq ki, bu günlərdə yerli mətbuatda Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yaşayan məcburi köçkün, 20 illik pedaqoji staja malik olan Bayramova Vəzifə Əmiraslan qızının Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov tərəfindən təqiblərə məruz qalması haqda məlumatlar da yayılıb. Mətbuata etdiyi müraciətində Vəzifə müəllimə bildirmişdi ki, o, yaşadığı kəndin sakinləri ilə birgə 1992-ci ildə erməni hücumlarına məruz qaldıqdan sonra, Ağcabədi rayonu Kürdlər kəndində məskunlaşıblar. İşlədiyi orta məktəb də elə həmin kənddə Muğanlı 2 saylı orta məktəb kimi fəaliyyətə başlayıb.

2008-ci ilin oktyabr ayında keçirilmiş növbəti Prezident seçkilərində V.Bayramova 124 saylı dairənin 33 saylı məntəqəsində seçki komissiysının üzvü kimi iştirak edib. Seçki kampaniyasına 01 avqust 2008-ci il tarixində start verildiyinə görə, Vəzifə müəllimə hələ məktəbdən aldığı məzuniyyəti sona çatmamış seçki komissiyasında işə başlayıb. 2008-ci ilin noyabr ayının 23-də isə Kürdlər kəndində məskunlaşmış məcburi köçkünlər Ölkə Prezidentinin fərmanına əsasən Beyləqan rayonu ərazisində yeni salınmış 500 ailəlik qəsəbəyə köçürülürlər. Həmçinin V.Bayramovanın dərs dediyi məktəb də həmin qəsəbədə inşa olunmuş yeni binaya köçürülüb. Seçkilər başa çatdıqdan sonra Vəzifə xanım pedaqoji fəaliyyətinə davam etmək üçün öz məktəbinə qayıdır. Lakin bu zaman məlum olur ki, onu RTŞ müdiri Ş.Yusifovun göstərişi ilə qeyri-qanuni olaraq işdən azad ediblər. Bu xüsusda rəhbərliyə müraciət edən V.Bayramovaya isə, Şəfahət Yusifov əvvəlcə seçkilərdə komissiya üzvü kimi məşğul olmağın onun üçün üzürlü səbəb olmadığını bildirib...

DİA.AZ-a daxil olan digər məlumatlarda isə ciddi qanun pozuntularının müşahidə olunduğu maliyyə qurumlarından biri kimi Xocavənd rayon Maliyyə İdarəsinin adı çəkilir. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Xocavənd rayon Maliyyə İdarəsinin rəisi Fəyyaz Azadovun öz işində yol verdiyi bir çox ciddi nöqsanlar müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub.

Lakin nədənsə həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb. Maraqlıdır ki, bu halda da məlumatı təqdim edən mənbələr ölkə qanunlarına etinasızlıqla yanaşan məmurun məhz Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun himayəsində olduğunu iddia edirlər. Məlumatlarda həmçinin göstərilir ki, F.Azadov Xocavənd RİH-nin mədəniyyət şöbəsində malik olduğu təsir vasitələrinin köməyi ilə rayonun musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının ixtisarına nail olub. Dərs saatlarını 127-dən 114-ə salmış F.Azadov onların bərpası üçün hər məktəbdən 1800 manat məbləğində rüşvət tələb edir...

Maraqlıdır ki, tabeliyində fəaliyyət göstərən idarələrin işindən yaranan narazılıqlar və bu əsasda vətəndaşların şikayət ərizələri ilə müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə davamlı olaraq müraciət etmələri rayon rəhbərliyini qətiyyən narahat etmir. Belə qənaətə gəlmək olar ki, Xocavənd rayonunda baş verən məmur özbaşınalıqları, vətəndaşların hüquqlarının pozulması və digər bu kimi hallar normal iş rejimi kimi qiymətləndirilir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt