Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA EDİRİK"

"AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA EDİRİK"


1-04-2013, 08:38
"AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA EDİRİK"
“Əgər qaynımı və dostu Elçin Ağayevi azad etməsələr, 10 nəfərdən ibarət hər iki ailə olaraq Azərbaycan vətəndaşlığından imtina edəcəyik. Əgər bir ölkədə Facebook-da azad fikrini yazmağa görə adamı həbs edirlərsə, burada yaşamağa dəyməz”.

Bu sözləri saytımıza açıqlamasında martın 29-da “Facebook əməliyyatı” zamanı həbs edilən Ramil Qarayevin yeznəsi Azər Talıbov bildirdi. Onun sözlərinə görə, ayın 29-da qaynı Ramil Qarayev və onun facebook dostluğunda olan Elçin Ağayev saxlanılıblar. Onlar Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırlar.

A.Talıbovun sözlərinə görə, R.Qarayevi iş yerinə zəng edərək “Bandottel”ə çağırıblar, dostu E.Ağayevi isə evindən qollarını qandallayıb aparıblar: “Elçinin kompüterini də götürüblər. İdarədə onların qabağına facebook səhifələrini açıb göstəriblər ki, dövlət və prezident əleyhinə fikirlər yazmısınız. Ramil də deyib ki, hamı kimi normal tənqidi fikirlər yazmışıq. Burada qeyri-adi heç nə yoxdur. İdarədən bizə dedilər ki, hər ikisi izahatında facebook-da tənqidi statuslar yazdıqlarını qeyd ediblər. Dedilər ki, onları 2-3 saata buraxacağıq. Sonra 24 saat ərzində sərbəst buraxacaqlarını söylədilər. Artıq 3 gün keçib və hələ də buraxmayıblar. Bircə onu bilir ki, hələlik cinayət işi başlanmayıb”.

A.Talıbov qeyd etdi ki, qaynı Facebook-da çox aktiv olmayıb: “Həftədə 1-2 dəfə bu şəbəkəyə qoşulardı. Guya onların dostluğunda kimsə prezidentin karikatura şəkillərini işarələyib və onların da səhifəsinə düşüb. Ramil heç vaxt söyüş, təhqir yazmayıb. Arabir tənqidi statusları yazardı. Bu günə kimi aksiyalarda iştirak etməyib, partiya mənsubiyyəti yoxdur. Biz hələ ki, gözləyirik. Əgər buraxmasalar Elçin Ağayevin ailəsi ilə birlikdə ölkə vətəndaşlığından imtina edəcəyik”.

Geri qayıt