Əsas Səhifə > Dünya > BEN ƏLİYƏ 71 İLLİK CƏZA

BEN ƏLİYƏ 71 İLLİK CƏZA


1-12-2011, 11:19
BEN ƏLİYƏ 71 İLLİK CƏZA

DEVRİLMİŞ PREZİDENTƏ ÇIXARILAN HÖKMLƏRİN SAYI DÖRDƏ ÇATDI

Tunis Hərbi Məhkəməsi sabiq prezident Zeynalabdin Ben Əli 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Noyabrın 30-da qərar çıxaran məhkəmə onu işgəncələrdə təqsirli bilib. Eyni ittihamla daha doqquz nəfər, o cümlədən sabiq daxili işlər və təhlükəsizlik nazirləri məhkum olunub. “Media forum” saytı xəbər verir ki, Ben Əli və daha dörd nəfərə hökm qiyabi çıxarılıb.

23 il hakimiyyətdə olmuş Ben Əli bu il yanvarın 14-də xalq üsyanından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb. Yanvarın 26-da Tunis hakimiyyəti onun həbsinə beynəlxalq order verib. Ancaq Səudiyyə Ərəbistanı hökuməti Ben Əlini təhvil vermək müraciətini cavabsız qoyub.

Ben Əliyə ilk qiyabi hökm iyunun 20-də çıxarılıb. Həmin gün keçirilən məhkəmədə o və həyat yoldaşı Leyla Trabelsi dövlət malını talamaqda təqsirli biliniblər. Onların hər birinə 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.

İyulun 4-də keçirilən məhkəmədə Zeynalabdin Ben Əliyə daha bir qiyabi hökm çıxarılıb. O, qanunsuz silah və narkotik əldə etməkdə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum edilib.

İyulun 28-də sabiq prezident 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmə onu korrupsiyada və daşınmaz əmlak dələduzluğunda təqsirli bilib.

Geri qayıt