Əsas Səhifə > Gündəm, Manşet > GORANBOYUN BAŞÇISININ OĞLU BARƏDƏ İDDİALAR

GORANBOYUN BAŞÇISININ OĞLU BARƏDƏ İDDİALAR


27-03-2013, 08:53
GORANBOYUN BAŞÇISININ OĞLU BARƏDƏ İDDİALAR
İCRA BAŞÇISININ SAHİBKARI HƏDƏFƏ ALMASININ DAHA BİR İLGİNC İZAHATI

DİA.AZ: - Goranboyun icra başçısı Nizaməddin Quliyev ətrafındakı qalmaqal səngimək bilmir. Onun oğlunun əməlləri və maxinasiyaları ciddi rezonans doğurub və icra başçısının vəziyyətini ağırlaşdırıb. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynaq iddia edir ki, N.Quliyev barəsində hökumətin ən yuxar eşelonunda ciddi müzakirələr gedir və onunla bağlı ölçü götürülməsi nəzərdə tutulur.

Mənbə qeyd edir ki, Goranboy rəhbərinin cəzalandırılması və oğlu haqda tədbir görülməsi müzakirə olunur. Çünki prezidentin son müşavirəsindən nəticə çıxarmayan məmur balalarının özbaşına əməlləri davam edir. Bir tərəfdən kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlunun Londonda 2 milyonluq bina alması üzə çıxır, bir yandan da başçı oğlunun hərəkətləri hiddət doğurur. Mənbə bildirir ki, icra başçısı rayon əhalisini su ilə sınağa çəkir. Sahibkarlara qarşı isə “Səlib yürüşü” təşkil edib.

N.Quliyevin oğlu isə atasından geri qalmır. Bir zamanlar “Kapital bank”ın Mingəçevir şəhər filialına başçılıq edib. Amma bu rəhbərlik yekunda 500 min manatlıq yeyinti faktı ilə yekunlaşıb. Hətta bununla bağlı cinayət işi qaldırılsa da, onun da bir nəticəsi olmayıb. Bunu isə tia.az saytı yazıb.

Həmin məlumatlara görə, icra başçısının oğlu həmin pulları tanınmış xalq artistlərindən birinin qızı ilə xaricdə kef çəkməyə sərf edib. Elə “Kapital bank”ın Mingəçevir filialındakı yeyinti məsələsi də bu söhbətin üstü açılandan sonra məlum olub. Amma di gəl, kimsə ona güldən ağır söz deməyib. Məlumata görə, atası oğlunu yaranmış vəziyyətdən xilas etmək üçün müxtəlif vasitələrə əl atıb. Amma N.Quliyevin oğlu atası üçün daha bir problem yaradıb.

Belə ki, Goranboy rayonunda həyata keçirilən təmir-tikinti işlərini reallaşdırmaq üçün keçirilən tenderdə oğlunu qalib edən icra başçısı bununla həm məlum 500 min manatı bağlamaq niyyətində olub, həm də oğluna bir az pul qazandırmaq fikrində. Həmin tenderin qalibi olmuş «Fəqan-Xidmət» şirkətinə büdcədən 1,3 milyon manat pul ayrılır. Ancaq icra başçısının oğlu bu pulları da həzmi-rabedən keçirdiyindən atası çətin vəziyyətə düşür. Hətta iş o yerə çatır ki, fəhlələrin pulunu belə vermək mümkün olmur. Nizaməddin Quliyev isə oğlunun əməllərini ört-basdır etmək üçün başqa bir vasitə tapır. Bu dəfə əvvəlcədən planlaşdırıldığı şəkildə sahibkar Müqayis Verdiyevi həbs etdirir.

Qeyd edək ki, M.Verdiyevin həbsi ilə bağlı dəfələrlə Prezident İlham Əliyevə müraciətlər edilib. Həmin müraciətlərdə sahibkarın heç bir əsas olmadan həbs olunduğu vurğulanıb. Lakin buna baxmayaraq, Nizaməddin Quliyevin əməllərinə heç bir qiymət verilməyib. Belə görünür ki, icra başçısı barədə müzakirələrin getməsi yaxın gələcəkdə öz nəticəsini verəcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt