Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISINDAN QANUN POZUNTUSU

İCRA BAŞÇISINDAN QANUN POZUNTUSU


30-11-2011, 18:11
İCRA BAŞÇISINDAN QANUN POZUNTUSU

VİLYAM HACIYEV ŞƏXSİ AVTOMOBİLİNƏ XİDMƏTİ NÖMRƏ NİŞANI TAXIB

Samux rayonundakı acınacaqlı durum və icra başçısı Vilyam Hacıyevin qanunsuzluqları haqda geniş məlumatlar vermişdik. İndi redaksiyamıza qanun pozuntusu olan yeni fakt daxil olub.

Samux rayonundan verilən məlumata görə, icra başçısı artıq bir müddətdir ki, avtomobilini dəyişib. Əvvəllər «Nissan Teana» avtomobilindən istifadə edən Vilyam Hacıyev indi «BMV X-5» avtomobilində gəzir. Əslində icra başçılarının avtomobil dəyişməsi, xüsusilə də yüksək qiyməti olan avtomobildə gəzməsi Azrbaycan reallıqlarında adi hal sayılmalıdır. Amma hörmətli Vilyam müəllim bu dəfə də digər həmkarlarından seçilib.

Rayondan redaksiyamıza məlumat verən şəxs icra başçısına hazırda xidmət edən avtomobilin fotoşəklini də göndərərək bunları dedi: «Bu BMV avtomobili bir müddət əvvəl başçının şəxsi vəsaiti hesabına Gürcüstandan alınıb gətirilib. Yəni bu şəxsən Vilyam müəllimin özünə məxsusdur. Amma buna baxmayaraq dövlət tərəfindən ayrılan avtomobilin nömrəsi yeni avtomobilə taxılıb».
Onu da bildirək ki, Azərbaycan qanunvericiliyində avtomobilin başqa dövlət nömrə nişanı ilə idarə olunması hüquqi məsuliyyət yaradır. Mənbəmiz sözü gedən BMV markalı avtomobilin ümumiyyətlə şübhəli mənbəyə malik olduğunu, hətta bu avtomobilin Gürcüstan respublikasında axtarışda olduğunu bildirsə də əlimizdə rəsmi dəlillər olmadığından bu məsələni açıq saxlayırıq.


Geri qayıt