Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OSMAN GÜNDÜZ NAZİRƏ CAVAB VERDİ

OSMAN GÜNDÜZ NAZİRƏ CAVAB VERDİ


14-03-2013, 09:13
OSMAN GÜNDÜZ NAZİRƏ CAVAB VERDİ
""FACEBOOK"A QARŞI İTTİHAMLAR ABSURDDUR"

“Daxili işlər naziri və deputat günahı başqa yerdə axtarsa, yaxşı olar. Facebook-un burda heç bir təqsiri yoxdur”. Bu sözləri Modern.az-a Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz deyib.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubovun Facebook sosial şəbəkəsini dayanıqlı sabitliyi pozmaqda ittiham edib. Eyni zamanda nazir bəzi insanların ayrı-ayrı ailə faciələrindən öz maraqları üçün istifadə etdiyini vurğulayıb. R. Usubov həmin qüvvələrin təhriki ilə bir qrup gəncin Facebook sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönəlmiş uğursuz cəhd kimi qiymətləndirib.

Bununla yanaşı, millət vəkili Fəzail Ağamalı da bu sosial şəbəkənin bağlanmasını təklif edib. Osman Gündüzün fikrincə, bu iddialar və təkliflər əsassız və absurddur.

“Düşünürəm ki, sosial şəbəkələr kifayət qədər faydalı vasitələrdən biridir. Azərbaycanda bir milyondan yuxarı insan Facebookdan istifadə edir. Burada ictimai və sosial əhəmiyyətli məsələlər müzakirə olunur. Şirkətlər və hüquqi şəxslər sosial şəbəkələrdən istifadə edirlər. İnsanlar üçün sosial şəbəkələr informasiya mənbəyidir. Azərbaycanda 2013 “İKT ili” elan olunub. Eyni zamanda Azərbaycan orbitə telekommunikasiya peyki buraxıb. Bundan sonra kiminsə Facebook-u bağlamaq barədə təklif verməsi absurd və əsası olmayan səbəblərdir”, –deyə Forumun prezidenti etirazını bildirib.

Geri qayıt