Əsas Səhifə > Ölkə > RAFİQ TAĞININ “XLEBNİK”İ NARAHATDIR
RAFİQ TAĞININ “XLEBNİK”İ NARAHATDIR29-11-2011, 15:24 |
“RAFİQ TAĞININ BAŞINA GƏLƏN OLAY İSTƏR-İSTƏMƏZ İÇİMDƏ BİR NARAHATLIQ YARADIB” Noyabrın 29-da “Media forum” saytı “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu ilə əlaqə saxlayıb. “Siz Rafiq Tağı ilə birgə “Avropa və biz” məqaləsinə görə həbsdə olmusunuz. Onun öldürülməsindən sonra özünüzə qarşı hər hansı təhlükə hiss edirsinizmi” sualını jurnalist belə cavablandırıb: “Ailəmiz dindar ailədir, şəxsən mənim indiyədək din əleyhinə heç bir fikrim olmayıb. Nə özümün, nə də ailəmizin üzərində təhlükə hiss edirəm”. Noyabrın 27-də Qum dini dairəsinin axundu, ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani Azərbaycan Respublikası əhalisinə müraciət edərək Rafiq Tağının qətlə yetirilməsini alqışlayıb. İranlı ayətullah Məhəmməd Fazil Lənkərani (2007-ci ildə vəfat edib) beş il əvvəl yazıçı Rafiq Tağıya ölüm fitvası çıxarmışdı. Qalmaqal 2006-cı il noyabrın 1-də “Sənət qəzeti”ndə Rafiq Tağının “Avropa və biz” məqaləsinin dərci ilə başlanmışdı. Həmin məqalədə islam peyğəmbərinin adının hallandırılması Azərbaycanda və İranda etirazlar doğurmuş, 2006-cı il noyabrın 22-də iranlı ayətullah Mürtəza Bani Fəzl Rafiq Tağının ölümünə fitva vermişdi. Noyabrın 30-da ayətullah Məhəmməd Fazil Lənkəranidən gələn digər fitva “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğluna da şamil olunmuşdu. 2011-ci il noyabrın 19-da Rafiq Tağı Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. Noyabrın 29-da “Media forum” saytına danışan Samir Sədaqətoğlu deyib ki, hələlik hüquq mühafizə orqanlarına müraciət barədə konkret qərarı yoxdur: “Ola bilsin, müraciət etdim. Lakin bu, dəqiq fikir deyil. Çünki özümə və ailəmə qarşı hər hansı bir təhlükə hiss olunmur. Belə bir məlumat yayılıb ki, 2006-cı ildə iranlı ayətullah Fazil Lənkərani rəhmətlik Rafiq Tağı ilə birlikdə mənim də ölümümə fitva verib. Mənim bu haqda dəqiq məlumatım yoxdur”. Samir Sədaqətoğlu əlavə edib ki, təhlükə hiss etmədiyinə görə xarici ölkələrdən sığınacaq istəmək fikri də yoxdur: “Əgər ciddi bir şey hiss etsəm, müraciət edərəm. Düzdür, Rafiq Tağının başına gələn olay istər-istəməz içimdə bir narahatlıq yaradıb, amma hazırda konkret təhlükə hiss etmirəm”. Geri qayıt |