Əsas Səhifə > Partiya > MÜXALİFƏT NƏ BARƏDƏ RAZILIĞA GƏLİB?

MÜXALİFƏT NƏ BARƏDƏ RAZILIĞA GƏLİB?


13-03-2013, 14:57
MÜXALİFƏT NƏ BARƏDƏ RAZILIĞA GƏLİB?
Martın 12-də AzadlıqRadiosunun «İşdən Sonra» verilişində AXCP sədri Əli Kərimli müxalifətin yenidən birləşməsindən danışıb.

AXCP sədri Əli Kərimli deyib ki, müxalifətin və bütünlükdə demokratik qüvvələrin birliyi haqqında müzakirələr artıq bir neçə aydır başlayıb və qismən razılığa gəlinib:

«Son günlərdə İctimai Palatayla Ziyalılar Forumu arasında bir görüşmə olub, amma hər hansı detallı razılaşma hələ ki əldə olunmayıb, buna hələ ki, vaxt lazımdır».

Ə. Kərimli deyib ki, arzulanan böyük birlik hələ ki, tam olaraq yaradılmayıb, amma bu məsələdə İctimai Palata və Ziyalılar Forumunun mövqeləri üst-üstə düşür.

«Bu gün ictimaiyyətə təqdim olunan EL hərəkatı da bu prosesdə fəal iştirak edəcək, amma EL hərəkatını yaratmaq bizim əsas məqsədimiz deyildi».

Əli Kərimli deyib ki, belə bir qurumun yaranması bir az vaxt alacaq, amma seçkilərə qədər müxalifət vahid cəbhədə birləşəcək :

«Ölkənin nüfuzlu siyasi birliklərinin bir araya gəlməsi bir görüşə həll olunacaq məsələ deyil».

AXCP sədri deyib ki, Rüstəm İbrahimbəyovun haqqında danışdığı Milli Şura da bu prosesin tərkib hissəsidir. Əli Kərimli bu razılaşmanın cəmiyyət tərəfindən də xeyli vaxtdır gözlənildiyini deyib:

ƏVVƏLLƏR BİRLƏŞMƏK İDEYASI ATILAN ZAMAN...

«Məncə, bu gün bizim ictimaiyyətə açıqlayacaq müsbət xəbərlərimiz var, bir müddət əvvələ qədər müxalifətin vahid cəbhədə birləşməsindən söhbət belə gedə bilməzdi, amma indi vəziyyət elədir ki, hamımız birləşməyə hazırıq. Siyasi qüvvələr arasında əvvəllər birləşmək ideyası atılan zaman heç kim bu məsələyə müsbət yanaşmırdı, xeyli ziddiyyətli məsələlər var idi, amma biz bu mərhələni keçərək, ölkənin siyasi qüvvələrini bir cəbhədə birləşdirməyə doğru addımlar atdıq və bu prosesin xeyli hissəsi artıq tamamlanıb».

«Hal-hazırda bizi birləşdirən əsas məsələ ölkənin indiki vəziyyətidir, ölkəni bu vəziyyətdən çıxarmaq lazımdır».

AXCP sədri deyir ki, nə qədər ki, bu ölkədə sülalə hakimiyyəti var, bu rejim var, belə bir birliyə də ehtiyac var. Qələbədən sonrakı quruluşu ilə bağlı hələ ki, yekun qərar qəbul edilmədiyini deyən Əli Kərimli, bu məsələ ilə bağlı müzakirələrin daha sonra edilməli olduğunu vurğulayıb:

«ÖNƏMLİ OLAN İLK ÖNCƏ İNDİKİ REJİMİN DƏYİŞMƏSİDİR»

«Önəmli olan prezident respublikası və ya parlamentli respublika yaradılması deyil, önəmli olan ilk öncə indiki rejimin dəyişməsidir. Hakimiyyət dəyişilən kimi ilk öncə konstitusiya islahatı olacaq, prezident respublikası qalsa belə, parlamentin səlahiyyətləri qaldırılaraq prezidentin səlahiyyətləri məhdudlaşdıracaq. Biz prezidentdən asılı olmayan parlament quracağıq».

Ə. Kərimli deyib ki, indiki iqtidardan başqa hakimiyyətə kim gəlsə demokratiya təzahürləri özünü göstərəcək.

«Mən əminəm ki, bu hakimiyyətdən sonra kimin seçiləcəyindən asılı olmayaraq demokratiya bərqərar olacaq. Azərbaycanın hal-hazırda bir nömrəli məsələsi ölkədə demokratiyanın önünü açmaqdır, daha sonra isə quruluşu müəyyənləşdirmək olar. Bu tələsik həll olunası məsələ deyil, bunun üçün referendum keçirilməsi zəruri şərtdir».

Əvəz Zeynallının həbsi ilə bağlı AXCP sədri deyib ki, bu, növbəti siyasi sifarişli həbsdir, dəfələrlə jurnalistlərə qarşı təzyiqlər, həbslər olub, indi də hədəflərində Əvəz Zeynallı oldu.

«Mənə avropapərəst, qərbpərəst deyənlər yanılırlar, mən qərbpərəst deyiləm, mən azərbaycanpərəstəm».

Əli Kərimli deyib ki, o, Avropadan demokratik cəmiyyəti, səhiyyəni, söz azadlığını, təhsili və s. müsbət tərəfləri Azərbaycana gətirmək istəyir:

«BƏDBİNLİK ÜÇÜN HEÇ BIR ƏSAS YOXDUR»

«Qərb dairələrindən asılı olmamaq lazımdır, qərbin bir çox kürüsevər diplomatları da Azərbaycanda demokratikləşmənin əleyhinədirlər, amma bu demək deyil ki, biz Qərbdən üz döndərməliyik. Hətta, biz İctimai Palatanın Koordinasiya Şurası adından Avropa Şurasına məktub yazmışıq ki, onlar Strasser-in siyasi məhbuslarla bağlı qətnaməsini dəstəkləməmələri ilə Azərbaycanda repressiyaların güclənməsinə səbəb oldular».

Əli Kərimli deyib ki, Azərbaycanda TV-lərdə plüralizm olsaydı, demokratik dəyişikliklər çoxdan baş verərdi, amma artıq televiziyalara ehtiyac qalmayıb:

«İndi internet media, sosial şəbəkələr var, Media TV-də yayımlanan və bütün regionlarımızda izlənən «Azərbaycan Saatı» verilişi var, buna görə də, bədbinlik üçün heç bir əsas yoxdur, biz artıq dəyişiklikləri TV-lərin dəstəyi olmadan da edə bilərik».

Hakimiyyət dəyişikliyindən sonra Qarabağ probleminin də həlli yolunda yeni mərhələnin başlanacağını qeyd edən Əli Kərimli bildirib ki, Qarabağın azad olunması demokratiyanın inkişafından keçir, Cənubi Qafqaz bütünlüklə demokratikləşdikdən sonra, bu məsələ də həllini tapacaq.

Son olaraq AXCP sədri deyib ki, bu gün kim yaradılacaq yeni cəbhədə yer almaq, əməkdaşlıq etmək istəyirsə, keçmişdə yaşanan problemlərə baxmayaraq birləşməyə hazırdırlar.

Geri qayıt