Əsas Səhifə > Cəmiyyət > “THE GUARDIAN”IN JURNALİSTİ QARABAĞDAN DANIŞDI
“THE GUARDIAN”IN JURNALİSTİ QARABAĞDAN DANIŞDI29-11-2011, 13:00 |
“DAĞLIQ QARABAĞ MONOETNİK CƏMİYYƏTƏ ÇEVRİLİB” “Azərbaycanlıların Qarabağa, Ermənistana, ermənilərin isə Bakıya dönmələrini arzu edirəm” 1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırmış və dəfələrlə regionda olmuş Britaniyanın nüfuzlu “The Guardian” qəzetinin beynəlxalq məsələlər üzrə jurnalisti Conatan Stil (Jonathan Steele) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı APA-ya müsahibə verib. - Siz Ermənistan və Azərbaycanda dəfələrlə olmusunuz və vəziyyətlə tanışsınız. Ermənistan rəhbərliyinin bəzi nümayəndələri bəyan edirlər ki, ermənilər və azərbaycanlılar bir arada yaşaya bilməzlər. Siz neçə düşünürsünüz, bu mümkündürmü? - Münaqişənin təfsilatına varmadan qeyd etməliyəm ki, hər iki tərəf kompromisə getməlidir. Münaqişə dondurulmuş adlandırılsa da, öz yuvalarından məhrum edilmiş məcburi köçkünlər üçün bu, canlı bir problemdir. Ona görə də ümid edirəm ki, hər iki ölkə rəhbərliyində və siyasətçilərində müəyyən kompromislərə nail olmaq üçün həm güc, həm də cəsarət yetərli olacaq. Əlaqələr qurulsa, onda insanlar öz gettolarında yaşamaqdan qurtularaq qarşılıqlı səfərlər edə biləcəklər. - Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xarici qüvvələr hansı təsirə malikdirlər? - Xarici təsir çox mühümdür və bir çox münaqişə ocaqlarında bu, müşahidə edilir. Tərəflər arasında etimadsızlıq o qədər böyükdür ki, xarici vasitəçilər bir zərurətdir. Sizin halda bu, mühüm rol oynayan ATƏT-in Minsk Qrupudur. - Vasitəçilərin oynadığı rol sizcə həmişə müsbətdir? - Hər bir vasitəçinin qərəzsiz olub-olmadığına dair hər zaman müəyyən rəy olur. Ona görə bu vasitəçinin qərəzsizliyini təmin etmək lazımdır. Əgər belə deyilsə, digər tərəf onun dediyini qəbul etməyəcək. - Bu münaqişədə beynəlxalq aləm kifayət qədər fəal rol oynayır. Beynəlxalq aləm üçün Dağlıq Qarabağ münaqişəsi bu gün hansı anlamı daşıyır? - Beynəlxalq aləmin diqqəti kifayət qədər kaprizlidir və asanlıqla bir məsələdən digərinə yönəlir. Bu gün hamının diqqət mərkəzində Əfqanıstan, sabah isə artıq Liviya və Suriyadır. Təəssüf ki, münaqişə “qızmar” çağında olanda və qan töküləndə bu cür münaqişələrə daha çox diqqət ayrılır. Münaqişəyə ABŞ-ın aidiyyəti varsa, o halda ona daha ciddi diqqət ayrılır. Dağlıq Qarabağda fəal döyüşlər getdiyi zaman və Sovet İttifaqı böyük çəkiyə malik olan vaxtda, o zaman Qarabağa SSRİ-nin süqutunun bir elementi kimi baxılırdı. İndi sovetlər mövcud deyil, Rusiya SSRİ kimi mühüm bir oyunçu qismində qəbul edilmir və buna görə də Qarabağ daha az diqqət cəlb edir. - Sizin üçün Dağlıq Qarabağ nə ilə yadda qalıb? - Bu, mənin nə zamansa gördüyüm ən böyük faciələrdən biridir. Vaxtilə burada müxtəlif mədəniyyət, din və millətlərə aid insanlar kəndlərdə birgə yaşayırdılar. İndi isə bura monoetnik bir cəmiyyətə çevrilib. Şimali İrlandiyadakı münaqişənin misalında katoliklər və ya protestantlar o torpaqları tərk etsəydilər, bu, faciə olardı. Azərbaycanlıların Qarabağa, ermənilərin isə Bakıya, habelə vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların ora dönə bilmələrini arzu edərdim. İstərdim ki, siyasət bunu mümkün eləsin. Bu baxımdan mənim üçün Qarabağ nə baş verməməlidir nöqteyi-nəzərindən bir xəbərdarlıqdır. Geri qayıt |