Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İDDİA

RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İDDİA


12-03-2013, 11:09
RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İDDİA
Azərbaycanda fəaliyyət göstərən bütün türk liseyləri ARDNŞ prezidenti Rövnəq Abdullayevin nəzarətinə keçib. Gunxeber.com-a bu barədə daxil olan məlumatda həmçinin “Qafqaz” Universitetinin də bundan sonra ARDNŞ şefinin nəzarəti altında fəaliyyət göstərəcəyi bildirilir.
Bununla bağlı ARDNŞ-lə “Çağ Öyrətim İşlətmələri” MMM arasında protokol da imzalanıb. Həmin protikolun rəsmən açıqlanan hissəsində qeyd edilir ki, bu sənədin imzalanması ilə “Çağ Öyrətim İşlətmələri” MMM ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri sırasına qoşulur.
Sözügedən sənədi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Xalik Məmmədov, “Çağ Öyrətim İşlətmələri” MMM adından İdarə Heyətinin sədri Ənvər Özərən imzalayıblar. Bununla da “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin təsisçiləri ARDNŞ, “Praktikal Salyuşns Qrup” MMC və “Çağ Öyrətim İşlətmələri” MMM olub. İmzalanma mərasiminə R.Abdullayev də qatılıb və çıxış edib.
Bu prosesin açıqlanmayan tərəfləri ilə bağlı danışan məlumatlı şəxs isə Gunxeber.com-a deyib ki, əslində baş verənlər R.Abdullayevin “Qafqaz” Universiteti də başda olmaqla Azərbaycandakı türk liseylərini öz nəzarətinə keçirməsidi. ARDNŞ rəhbərinin bu addımının Təhsil Nazirliyində heç də yaxşı qarşılanmadığı bildirilir.
Bununla belə prosesdən məlumatlı şəxs hesab edir ki, ARDNŞ-in ölkə təhsilinə maliyyə ayırması və bu sahədəki bir çox layihələri dəstəkləməsi ümumilikdə işin xeyrinə ola bilər. Amma təbii ki, ortada başqa məsələlər və təhsilə dəstək adı ilə böyük yeyintilər olmasa.

Geri qayıt