Əsas Səhifə > Siyasət, Manşet > BAKIDA AÇIQ-AŞKAR DİNİ SEPARATÇILIQ

BAKIDA AÇIQ-AŞKAR DİNİ SEPARATÇILIQ


29-11-2011, 10:58
BAKIDA AÇIQ-AŞKAR DİNİ SEPARATÇILIQ

«ADINIZI «TÜRKƏM» YOX, «HƏMƏN KÜRDƏM» QOYUN»

DİA.AZ: - Redaksiyamıza nurçuların Bakıdakı fəaliyyəti ilə bağlı ilginc faktlar daxil olub. Belə ki, «Dünya» İnformasiya Agentliyinin (dia.az) elektron poçtuna müraciət edən 19 yaşlı paytaxt sakini Əliyev Səməd İsmixan oğlunun sözlərinə görə, o, «Türkəm» dərsxanasında nurçuların öz təriqətlərini təbliğ etməsilə yanaşı, Azərbaycanda təhsil adı altında dini missionerliklə məşğul olmasına şahidlik edib.

S. Əliyevin redaksiyamıza ünvanladığı məktubunda deyilir: «Mən özüm də onların toruna düşənlərdən biri idim. Mahnı teatrının yaxınlığında yerləşən «Türkəm» dərsxanası əslində məzunları ali məktəblərə hazırlamaqla yanaşı, müxtəlif elmi xidmətlər də göstərir. Lakin bunların hamısı bəhanədir. Həmin dərsxanaya gələn perspektivli tələbələr, yəni millətin zəkaları, beyinləri nurçulara əsir düşmüş olur».

Paytaxt sakini bildirir ki, nurçu müəllimləri onun və daha bir neçə tələbənin maddi imkansızlığından istifadə edərək, onlarla dostlaşıblar: «Bizə çox yaxşılıqlar edərək, ilk əvvəl ürəyimizi, sonra da beynimizi ələ keçirdilər. Bizim hamımız ənənəvi qaydada şiə namazı qılsaq da, sonradan nurçu hocalarımızın təsiri altında sünni namazı qılmağa başladıq. Daha sonra bizə Səid Nursidən, Fətullah Güləndən və siyasətdən danışmağa başladılar. Bizi sanki hansısa prosesə hazırlayırdılar. Müxtəlif ünvanlarda və məclislərdə də bir yerdə olmağa başladıq. Bizi özlərinə dərs saatlarından kənarda da bağlamaq məqsədilə, müxtəlif tədbirlərə dəvət edirdilər. Və bu yolla biz onlara tam olaraq əsir düşdük».

S.Əliyev bildirir ki, o, nurçu hocalarının PKK ilə bağlı məsələyə fərqli yanaşdıqlarını görəndən sonra onlardan ayrılıb: «Mən yaxşı bilirəm ki, PKK bir terror təşkilatıdır və bizim Türkiyədə qardaşlarımıza min bir müsibətlər yaşadıb. PKK-nın hədəfə alaraq qırdığı insanlar da müsəlmandır. Amma buna baxmayaraq nurçu hocalarımızın bəziləri PKK-nın haqlı mübarizəsindən danışır. Və mən bu mövzuda onlarla mübahisə etdikdə, onlar məni sıxışdırmağa başladılar. Artıq «Türkəm»dən ayrılmışam. Mən onlara dedim ki, dərsxananın adı «Türkəm»dir, amma sizin türklüyə aidiyyatınız yoxdur. Yaxşı olar ki, dərsxananın adını «Həmən kürdəm» qoyun».

Təbii ki, bir paytaxt sakininin qaldırdığı bu problem əslində hüquq-mühafizə orqanlarının nəzərini cəlb etməlidir. Amma çifayda?.. Əgər bu gün Azərbaycanda «Kürd-Diplomat» adlı qəzet çıxırsa və bu qəzetdə TÜRKLÜK əleyhinə materiallar açıq-aşkar dərc olunursa, eyni zamanda bu qəzetin sahibi olan Tahir Süleyman adlı şəxs hansısa dağ kürdünün Türkiyə türklərinə qarşı törətdiyi terror vəhşiliklərini bir haqqı yeyilmiş calqın mübarizəsi kimi təqdim edirsə, o zaman nurçuların Azərbaycan gənclərinə «Türkəm» çətiri altında kürdlüyü əxz etməsi adi bir haldır.


Geri qayıt