Əsas Səhifə > Gündəm, Manşet > YARDIMLIDAN LƏNKƏRANA XƏSTƏ "TRANSFERİ"
YARDIMLIDAN LƏNKƏRANA XƏSTƏ "TRANSFERİ"7-03-2013, 08:51 |
RAYONDA SAKİNLƏR HİPPOKRATI TANIMAYAN QƏSSABLARA ƏMANƏT OLUNUB DİA.AZ: - Yardımlı səhiyyəsində baş verən qanunsuzluqlarla bağlı DİA.AZ-a daxil olan şikayətə heç cür etinasız yanaşmaq olmur. Belə ki, rayonun Telavar kənd sakini Mir Hadi Qəniyev redaksiyamıza zəng edərək bildirib: “Fevralın 18-də oğlum Mir Qəni qəfil huşunu itirib hərəkətsiz vəziyyətə düşdü. İlkin tibbi yardım göstərməkdən ötrü Telavar həkim ambulatoriyasının müdiri Eldar Quşu oğlu Həsənova gün ərzində dəfələrlə zəng etsək də, müxtəlif bəhanələr gətirərək xəstəyə baş çəkməyə gəlmədi. Məcbur qalıb 19-u səhər tezdən Mir Qənini taksinin arxa oturacağına uzadaraq rayon mərkəzi xəstəxanasına gətirdik. Xəstəxananın həkimi İsabala Hüseynovu dəvət edib xəstəxananın dayanacağına gətirdik ki, taksidə huşsuz vəziyyətdə uzanan Mir Qəniyə yardım eləsin. O isə heç qapını belə açmadan, heç bir müayinə etmədən məsləhət elədi ki, xəstəni təcili olaraq Lənkəran xəstəxanasına aparaq. Onun biganəliyini görüb xəstəxananın baş həkimi Fəxrəddin Əkbərovun yanına getdik. Nə qədər tələb etsəm də, yenə də xəstəyə baxan olmadı. O da İsabala həkimin sözlərinə istinad edərək xəstənin Lənkərana aparılmasını tövsiyə etdi. Mən ona İsabala həkimin xəstəni müayinə etmədiyini bildirsəm də heç bir məhəl qoymadı və mənə Lənkəran xəstəxanasına göndəriş verdi ki, sonda heç ona da ehtiyac olmadı. Nə isə, rayon xəstəxanasındakı haqsızlığı görüb Mir Qənini təcili olaraq Göytəpə şəhər xəstəxanasına apardıq. Yardımlı xəstəxanasından fərqli olaraq Göytəpə xəstəxanasında həkimlər xəstəni əhatəyə alıb tez də müayinə etdilər və göstərilən tibbi yardımdan sonra Mir Qəni özünə gəldi. Hal-hazırda müalicəsini evdə davam etdirir. Buna görə Göytəpə həkimlərinə təşəkkür edirəm. Amma məni hələ də bir şey narahat edir. Görəsən Yardımlıda səhiyyənin təşkilinin bərbadlığı ucbatından nə qədər adam dünyasını vaxtsız dəyişməlidir ki, dönüş yaransın. İnanın ki, burada ölənlərin əksəriyyəti məhz rayon səhiyyəsinin yarıtmaz vəziyyətdə olamsının nəticəsidir. Sizdən xahiş edirəm ki, bunun ağrı-acısını çəkən biz Yardımlı camaatının səsini rayon rəhbərliyinə, Səhiyyə Nazirliyinə çatdırasınız...” Geri qayıt |