Əsas Səhifə > Siyasət, Manşet > LERİK SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR

LERİK SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR


6-03-2013, 09:46
LERİK SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR
APTEKDƏN DƏRMANI DƏNƏ-DƏNƏ ALAN VƏTƏNDAŞLARIN HARAYA SƏSİ

DİA.AZ: - Azərbaycanın ayrı-ayrı bölgələrində acınacaqlı durum yaranıb. Bu barədə DİA.AZ-a məlumat verən cənub bölgəsinin sakinlərinin sözlərinə görə, sosial rifah halı kəskin şəkildə pisləşən vətəndaşlar bu gün yaşam uğrunda əməlli-başlı mübarizə aparırlar.

Onlar redaksiyamıza bildiriblər ki, bu gün ölkədə bahalı inşaat işlərinin əslində əyalətdə hökm sürən səfalətlə daban-dabana ziddiyyət təşkil etməsi aradakı uçurumun göstəricisidir: «Bu gün müəyyən bir qrup çox yaxşı yaşayır, amma əhalinin əksər hissəsi yoxsulluq içindədir».

Özlərinin də həmin yoxsul təbəqədən olduqlarını bildirən Lerik rayon sakinlərinin sözlərinə görə, onlar hətta apteklərdən belə dərmanları qutu ilə yox, dənə-dənə ala bilirlər: «Artıq aptek işçiləri də bizi başa düşür və dərmanları dənə-dənə satırlar. Belə yaşayış olarmı? Bahalı tikintilərə ayırdıqları pulları insanlara xərcləsələr olmazmı? Dövlətin rəhbərliyi bilməlidir ki, rayonlara ayrılan pulları yerli məmurlar mənimsəyir və insanlara çatmır».

Şikayətçilər bildirdi ki, bu gün Lerikdə İqbal Məmmədov kimi millət vəkili özünə cənnəti xatırladan həyat qurub: «Sakinlər bunu kənardan seyr edirlər. Yəni bu sərvətin sıradan insanlara heç bir faydası yoxdur. İcra başçısı Rövşən Bağırov isə sanki Lerik rayon icra başçısı deyil. Rayona öz dükanı kimi baxır. İnsanların taleyi bu adama çox yaddır».

Daha sonra sakinlər bildiriblər ki, rayondakı özbaşınalıqlarla əlaqədar Bakıda mətbuat qarşısında konfrans keçirməyi də düşünürlər.


Geri qayıt