Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVUN ADAMINA İLGİNC REAKSİYA

MİSİR MƏRDANOVUN ADAMINA İLGİNC REAKSİYA


6-03-2013, 08:48
MİSİR MƏRDANOVUN ADAMINA İLGİNC REAKSİYA
Təhsil Nazirliyinin yeni “hücumçusu”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadəni ekranlarda görəndə, nədənsə, ekspertlərdən birinin onun haqqında yazdığı fikirlər yadıma düşür: “Bu adam elmin və təhsilin nə olduğunu bilməyən, burnu girməyən yerə başını soxan... birisidir”.
Şükür xudaya! Axır ki, orta məktəb dərslikləri ətrafında gedən müzakirə və mübahisələrə hörmətli Bayram müəllim də qoşuldu. Yoxsa, adam indiyədək bu mövzuda gedən söhbətlərdən xoşhal ola bilmirdi. Elə bil söhbətin nəsə bir ədviyyəsi çatışmırdı. Öz-özümə düşünürdüm ki, necə ola bilər, göydə uçan sərçənin civiltisinə dərhal reaksiya verən Bayram müəllim dərsliklərlə bağlı “öz sözünü” deməsin?! Nəhayət ki, dedi! Özü də ANS telekanalının “Bazar səhəri Rövşanə ilə” proqramında! Nə dedi?! Buyurun oxuyun: “Axı dövlət idarəçiliyinin qaydaları var. Nəyə görə iki dövlət qurumu arasında olan məsələlər ictimaiyyətdə müzakirə olunmalıdır?! Düzdür bu, bir tərəfdən, Təhsil Nazirliyinə təsir vasitəsidir, ancaq biz burada nəyə nail oluruq? Sadə vətəndaş dərslik haqqında nə deyə bilər?”.
Gördünüzmü, Bayram müəllim məsələni hara sürüyüb aparmağa çalışır? Daldey yerə! Yəni TQDK dərsliklərdə axtarıb tapdığı nöqsanları heç kəsə bildirmədən sakitcə Təhsil Nazirliyinin qulağına pıçıldasın və bizim tutduğumuz əməllərdən xalqın xəbəri olmasın. Yox, Bayram müəllim, belə olmur! Bilirsiniz niyə? Lənət sənə, kor şeytan, dilimə bir söz gəlmişdi, deməkdən vaz keçirəm... Sizin düşüncənizin əksinə olaraq sadə vətəndaş da yaramaz dərslikləriniz haqqında çox söz deyə bilər. Necə ki, deyir də!
Bayram müəllim, əgər Təhsil Nazirliyi hər il dərsliklərin nəşri ilə bağlı “açıq” müsabiqə-tender keçirirsə, onun nəticəsi olan dərsliklərin nöqsanlarını niyə gizlətmək istəyirsiniz? Niyyətiniz nədir? Deyirsiniz, biz düzgün iradları qəbul edib düzəldirik. Doğru danışmırsınız! Yenə başınız çıxmayan işə baş qoşursunuz. Azərbaycanda dərslik nəşri sistemi naziriniz Misir Mərdanovun “sayəsində” elə qurulub ki, onun nöqsanlarını düzəltmək qeyri-mümkündür. Dərslik dörd ildən bir çap olunursa və bu müddət başa çatdıqdan sonra yeni müsabiqə-tender elan olunursa, onda nöqsanları necə düzəldə bilərsiniz, Bayram əfəndi?! Bu, yalnız və yalnız bircə halda mümkündür: əgər siz yeni tender adı altında yaramaz köhnə dərslikləri təzədən çap etmək istəsəniz!
Amma ədalət naminə qeyd etməliyəm ki, nöqsanları bir dəfə “düzəltmisiniz”, 2009-cu ildə “Həyat bilgisi-2” və “Russkiy yazık-2” dərsliklərində Azərbaycanın Dövlət Bayrağı təhqiramiz – baş-ayaq şəkildə çap olunub məktəblərə göndərildikdən sonra, özü də “yamaq” yolu ilə, yəni həmin səhifələri kəsib yerinə yenisini yapışdırmaqla. Yəqin yadınızdan çıxmamış olar, bu təhqiri üzə çıxaranlara minnətdarlıq etmək əvəzinə, bayrağı təhqir edənləri mükafatlandırdınız, onları yeni dərsliklər yazmağa, çap etməyə həvəsləndirdiniz. Sağ olsunlar, onlar da “borclu” qalmadılar. Ötən il nəşr olunan “Həyat bilgisi-1” dərsliyinin 28-ci səhifəsində bayrağımızı şagirdlərə cırılıb didilmiş vəziyyətdə təqdim etdilər...
Bayram müəllim, rica edirəm, bu cümlələri diqqətlə oxuyun: “Hər bir ölkənin öz qanunlar toplusu olur. Azərbaycan Respublikasının əsas qanunları onun qanunlar toplusunda – Konstitusiyasında əks olunmuşdur. Burada həyatımızın bütün sahələrinə aid qanunlar var. Konstitusiyamızda Azərbaycanın dövlət rəmzləri – bayrağımız, gerbimiz, dövlət himnimiz haqqında da qanunlar var”. Bu cümlələr “Həyat bilgisi-3” dərsliyinin 46-47-ci səhifələrindən götürülüb. TQDK nə deyir? Dolayısı ilə deyir ki, ey Təhsil Nazirliyi, bayrağımızı təhqir edənlərə, Konstitusiyanın nə olduğunu bilməyənlərə dərslik yazmağı həvalə etmək olmaz! Buna görə TQDK-ya dava açmaq yox, dönə-dönə təşəkkür etməlisiniz, sayın Bayram müəllim. Siz isə deyirsiniz ki, bayraq da, Konstitusiya da təhqir olunsa, ekspertlər özlərini yırtsa belə, öldü var, döndü yoxdur, biz dərslikləri məhz həmin müəlliflərə yazdıracağıq, ona görə də TQDK zəhmət çəkib nöqsanları açıb-ağartmadan gizlində bizə versin.
Yox, Bayram müəllim! Deyəsən, bu dəfə yaman yerə ilişmisiniz! Hər gün bir dərsliyinizi çıxdaş edirlər...

Nadir İSRAFİLOV, təhsil eksperti

DİA.AZ-DAN: Yazıdakı fikirlərə görə məsuliyyəti müəllif daşıyır. Qarşı tərəfin də portalımızda mövqe ifadəsinə şərait yaratmağa hazırıq...

Geri qayıt