Əsas Səhifə > Dünya > SƏRKİSYAN DİN XADİMLƏRİNİN TOPLANTISINDA QARABAĞDAN DANIŞIB

SƏRKİSYAN DİN XADİMLƏRİNİN TOPLANTISINDA QARABAĞDAN DANIŞIB


28-11-2011, 14:50
SƏRKİSYAN DİN XADİMLƏRİNİN TOPLANTISINDA QARABAĞDAN DANIŞIB

ERMƏNİ PREZİDENT DANIŞIQ YOLUNU ÜSTÜN BİLİRMİŞ

“Dağlıq Qarabağ münaqişəsinin yeganə real həll yolu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesidir”. Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 28-i Yerevanda MDB ölkələri Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısındakı çıxışında belə deyib.

“Media forum” saytı xəbər verir ki, Sərkisyan Ermənistanın danışıqları ardıcıl davam etdirmək niyyətində olduğunu vurğulayıb: “Alternativ yol nə bizə, nə də qonşu xalqa xeyir gətirəcək. Belə dolaşıq və çətin məsələ üzrə danışıqlar səbir və prinsipiallıq tələb edir”.

Sərkisyan münaqişənin dini xarakter daşımadığını bildirib: “Qarabağ münaqişəsinə dini rəng vermək qeyri-konstruktivdir. Xalqlarımızın etiqad etdiyi dinləri – islamı və xristianlığı qarşı-qarşıya qoymaq olmaz. Münaqişə çərçivəsində mənəvi və tarixi-mədəni dəyərlərin məhvi də yolverilməzdir. Ermənistan tərəfi lazım olduğu halda tarixi abidələri bərpa eləyir. Buna nümunə kimi Yerevanın mərkəzində 18-ci əsrin abidəsi olan Göy məscidin bərpasını göstərmək olar”.

Ermənistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin bütün Rusiyanın Patriarxı Kirilin vasitəçiliyi ilə aparılan dialoqunu alqışladığını bildirib: “Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn bütün səylərə görə təşəkkür edirəm”.

Noyabrın 29-dək davam edəcək toplantıya Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də qatılıb.


Geri qayıt